Çin Ukraynaya dron satışını dayandırdı, Rusiyaya axını artırdı

 

Çin hakimiyyəti Mavic markalı pilotsuz uçuş aparatlarının (dronların) Ukraynaya və bir sıra Avropa ölkələrinə satışını rəsmi şəkildə dayandırıb. Lakin eyni vaxtda bu dronların və onların komponentlərinin Rusiyaya tədarükü davam etdirilir və hətta artmaqdadır.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, Çin Qərb ölkələrinə bəzi strateji dron hissələrinin – məsələn, mühərriklər üçün maqnitlərin – satışını məhdudlaşdırıb, lakin bu komponentlərin Rusiyaya göndərilməsi genişlənir.

Ukrayna Prezidenti Volodimir Zelenski vəziyyətə kəskin reaksiya verib. O bildirib ki, Rusiyada Çin nümayəndələrinin iştirak etdiyi istehsal xətləri fəaliyyət göstərir və bu, Pekinin neytral mövqeyinə ziddir:

“Əgər Çin Rusiyaya yardım etmirsə, o zaman bu addımları necə izah etməliyik?” – deyə Zelenskinin sözlərini "Bloomberg" sitat gətirib.

Məlumatı Avropa İttifaqının yüksək vəzifəli rəsmilərindən biri də təsdiqləyib. Onun sözlərinə görə, Avropa kəşfiyyatının məlumatları da Zelenskinin iddialarını dəstəkləyir.

Qeyd edək ki, Mavic dronları hazırda həm Ukrayna, həm də Rusiya tərəfindən kəşfiyyat və hədəf zərbələri üçün geniş şəkildə istifadə olunur. Çin tərəfinin bu qərarı Qərbdə Pekinin mövqeyi ilə bağlı ciddi suallar doğurub.

Musavat.com

 
 
29.05.2025 16:50
856