Çin Ukrayna savaşında ABŞ və Qərbi məğlub edir: Pekin Avropada yeni hərbi-siyasi blok yaradır

Rəsmi Pekinin son geopolitik manevrləri Çini Ukrayna savaşından sonrakı siyasi mərhələnin əsas aparıcı supergücünə çevirə bilər... Bu baxımdan, Çinin Ukrayna savaşında real qalibə çevrilmək şansına ABŞ və Qərbin necə reaksiya verəcəyi indi böyük əhəmiyyət daşıyır...

Dünyanın yeni geopolitik düzəni şəkillənməyə başlayıb. Ancaq yeni dünya düzəninin yekun modelinin böyük ölçüdə Ukrayna savaşının necə nəticələnəcəyindən asılıdır. Çünki ABŞ və Qərbin bu savaşda Rusiya üzərində qələbəsi qlobal qütbləşməni fərqli istiqamətlərə yönəldə bilər. Rusiya başda olmaqla, əks düşərgənin üstünlük qazanması isə ABŞ və Qərbin yeni situasiyada şərtləri qəbul edən tərəfə çevrilməsi anlamı daşıyacaq. Və bu baxımdan, hər iki düşərgənin artıq indidən gələcək hədəflərə yönəlik geopolitik manevrlərə başlaması qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ Ukrayna savaşından ən çox faydalanan supergüc təsiri bağışlayır. Ancaq son vaxtlar Çinin də ön plana keçməkdə olduğu müşahidə edilməyə başlayıb. Hər halda, rəsmi Pekin Çini Ukrayna savaşının "gizli qalibi" etmək üçün olduqca çevik geopolitik manevrlərə cəhd göstərdiyi açıq-aşkar nəzərə çarpır. Və bu, ABŞ-ın qlobal liderliyini sarsıda biləcək önəmli prosesdir.

imagessss (1).jpg (8 KB)

Məsələ ondadır ki, Çin Ukrayna savaşında Rusiyanın yanında yer almır. Rəsmi Pekinin belə açıq beynəlxalq mövqe şansı hələlik yoxdur. Çünki Çinin əsas mövcudluq şərti olan iqtisadi-ticari tərəfdaşlıq faktoru Rusiyaya bağlı deyil. Əksinə, Çinin iqtisadi-ticari tərəfdaşları sırasında ABŞ və Avropa Birliyi dövlətləri həlledici çəkiyə malikdir. Və rəsmi Pekin bu maliyyə-iqtisadi qaynağın itirilməsinə yol aça biləcək bütün geopolitik risklərdən yayınmağa üstünlük verir.

Təbii ki, Qərb siyasi dairələri Çinin "axilles dabanı"nı tam dəqiqliyi ilə bilirlər. Ona görə də, rəsmi Pekinə qarşı siyasi təzyiqlər məhz iqtisadi-ticari faktorlar üzərindən göstərilir. Elə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Pekinə son səfəri zamanı da geopolitika ilə iqtisadi faktorlar uzlaşdırılmışdı. Və ABŞ-ın həm geopolitik, həm də iqtisadi-ticari məkanda Çinə ehtiyacı var.

Ona görə də, ABŞ dövlət katibi Çin liderinə iqtisadi-ticari əməkdaşlıq sahəsində geniş güzəştlər təklif etmişdi. Ağ Evdə bilirlər ki, belə təkliflər rəsmi Pekini yalnız məmnun deyil, həm də ciddi şəkildə şirnikləndirə bilər. Çinlə iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi ABŞ-ın indiki vəziyyətində Ağ Ev üçün də cəlbedicidir. Halbuki, ABŞ özünə faydalı əməkdaşlıqdan da təzyiq faktoru kimi yararlanmağa vərdişli supergücdür. Və bu səbəbdən də, Ağ Ev rəsmi Pekini Ukrayna savaşında Rusiyaya dəstək vermək niyyətinə düşəcəyi təqdirdə, Çinin iqtisadi-ticari güzəştlər əvəzinə məhz sanksiyalar ilə təhdid edir.

Göründüyü kimi, Ağ Ev daha çox Çinin Ukrayna savaşından kənarda qalmasına cəhd göstərir. İndiki mərhələdə ABŞ üçün bu, böyük ölçüdə yetərli geopolitik nailiyyət sayıla bilərdi. Halbuki, rəsmi Pekinin Ağ Evdən gələn təhdidlərə sükut içərisində qalmaqla, itaət edəcəyini gözləmək də sadəlövhlük olardı. Hər halda, rəsmi Pekin Ukrayna savaşında Rusiyaya açıq dəstək verməsə də, hər halda, ABŞ-ın hegemon olduğu geopolitik məkana ehtimala müdaxilə etməyə can atır. Və bu, Çin lideri Si Tsinpinin Avropa səfəri çərçivəsində qabarıq şəkildə müşahidə olundu.

putin-ukrayna-savash.JPG (78 KB)

Məsələ ondadır ki, Çin lideri əvvəlcə ABŞ və Avropa Birliyi ilə nüfuz rəqabətinə cəhd göstərən Fransaya səfər etdi. Rəsmi Pekin Fransanın Çinlə iqtisadi-ticari və geopolitik əməkdaşlığa ehtiyac duymasından faydalanmağa çalışır. Hətta bu manevrlərlə kollektiv Qərbin daxilində onsuz da mövcud olan ziddiyyətləri dərinləşdirməyə də can atır. Və bu, rəsmi Pekinin daha uzaq perspektivdə Çinin ön plana çıxarılması planları qurduğunu düşünməyə imkan verir.

Onu da nəzərə almaq lazımdır ki, Çin lideri Fransadan sonra Şərqi Avropa ölkələrinə - Macarıstan və Serbiyaya da səfər edib. Bu iki ölkə ABŞ və Qərbin Ukrayna savaşına münasibətdə atdığı addımları dəstəkləmir. Ona görə də, Avropa Birliyinin üzvü olan Macarıstanı və Qərb tərəfindən kənara itələnmiş Serbiyanı Rusiyanın qeyri-rəsmi strateji tərəfdaşı da hesab etmək mümkündür. Bu baxımdan, Çinin Avropada daha intensiv münasibətlər üçün Ukrayna savaşında daha çox Rusiyaya yaxın görünən Macarıstan və Serbiyanı seçməsi geopolitik anlamda qətiyyən təsadüfi ola bilməz. Və yəqin ki, orta perspektivdə rəsmi Pekinin bu seçiminin strateji nəticələri də ortaya çıxmağa başlayacaq.

Bütün bunların ardınca Rusiya prezidenti Vladimir Putinin Çinə çoxdan gözlənilən rəsmi səfəri də böyük önəm daşıyır. Çünki Kreml bu səfərin baş tutması üçün uzun müddətdən bəri israrlı cəhdlər göstərirdi. Ancaq rəsmi Pekin müxtəlif bəhanələrlə Rusiya prezidenti Vladimir Putinin Çinə səfərini ləngitməyə çalışırdı. Hətta Rusiya siyasi dairələri son vaxtlar Çinin ABŞ-ın təzyiqləri qarşısında aciz duruma düşdüyü barədə iddialar da gündəmə gətirməyə başlamışdılar. Və Rusiya prezidentinin Çin səfərinə münasibətdə bu iddialar müəyyən mənada, haqlı görünürdü.

Maraqlıdır ki, rəsmi Pekin hər halda, prezident Vladimir Putinin Çinə səfərinə razılıq verdi. Ancaq bu barədə prinsipial anlaşma məhz Rusiyada keçirilmiş prezident seçkilərindən sonra əldə olundu. Üstəlik, ABŞ-ın prezident Vladimir Putini Rusiya dövlət başçısı kimi tanımasına yönəlik mesaj verməsi rəsmi Pekinin Kreml sahibinin səfərinə razılaşmasına birbaşa təsir göstərdi. Və bu baxımdan, rəsmi Pekin həm Qərbi qıcıqlandırmır, həm də Çinin strateji maraqları çərçivəsində geopolitik manevrlərini intensivləşdirir.

1648624118_1647326821_1644327317_b291bf1bf78330b87c6835bb7eb8f573.jpg (53 KB)

Onu da qeyd etmək lazımdır ki, Çin siyasi dairələri hələlik prezident Vladimir Putinin səfərinə uzaqgedən anlam yükləməyə həvəs göstərmirlər. Ancaq Rusiyada bunun əksinə olaraq, Kreml sahibinin Çin səfərinin bütövlükdə planetin taleyini həll edə biləcəyi iddia olunur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın fikrincə, prezident Vladimir Putinin Çinə səfəri taleyüklü addımdır. Və bu addım bütün dünyanın gələcəyini müəyyən edə bilər.

Ancaq Kreml təmsilçisi cəmisi bir Çin səfəri ilə dünyanın gələcək taleyinin necə müəyyən olunduğunu tam izah etməyə o qədər də həvəs göstərməyib. Ola bilər ki, Kreml sahibi rəsmi Pekindən Rusiya üçün taleyüklü məsələlərə umduğu reaksiyanı almağı bacarıb. Halbuki, dünyanın gələcək taleyinin müəyyən olunmasında Rusiyanın Çindən daha ön planda yer ala biləcəyi artıq o qədər də inandırıcı görünmür.

Rəsmi Pekinin son geopolitik manevrləri isə müəyyən mənada, Çini Ukrayna savaşından sonrakı siyasi mərhələnin aparıcı supergücünə çevirə bilər. Bu baxımdan, Çinin Ukrayna savaşının real qalibinə çevrilmə şansı kifayət qədər cəlbedici təsir bağışlayır. Və Qərbin buna necə reaksiya verəcəyi də indi böyük əhəmiyyət daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

19.05.2024 16:55
3456