Rusiyanın ucuza təklif etdiyi qaz həcmlərini artırmaq istəməyən Çin digər mənbələrdən alışları kəskin artırır. Belə ki, dünən Qətərin milli neft və qaz şirkəti “QatarEnergy” mayeləşdirilmiş təbii qaz (LNG) alqı-satqısına dair Çinin “Sinopec” şirkəti ilə ikinci 27 illik müqavilə imzalayıb.
Musavat.com “QatarEnergy”nin öz saytında dərc olunmuş bəyanatına əsasən xəbər verir ki, “QatarEnergy” “Şimal” Yatağının Cənub genişləndirilməsi layihəsinin bir hissəsi olaraq Çinin milli neft-kimya korporasiyası “Sinopec” ilə tərəfdaşlıq sazişini imzalayıb. Sazişə əsasən yataqdan Çindəki “Sinopec” qəbul terminallarına 27 il ərzində ildə 3 milyon ton LNG ixrac olunacaq.
Müqavilənin şərtlərinə əsasən,” QatarEnergy” “Şimal”yatağının cənub genişləndirilməsi layihəsində birgə müəssisənin 5 faizlik payını “Sinopec”ə verəcək. Qətər şirkətinin verdiyi məlumata görə, bu müəssisənin illik istehsal gücü 6 milyon ton LNG təşkil edir.
Müqavilənin imzalanma mərasimi şənbə günü Şanxayda baş tutub. Sənədi Qətərin energetika üzrə dövlət naziri, “QatarEnergy”nin rəhbəri Saad bin Şəridə əl-Kaabi və “Sinopec”in baş direktoru Ma Yonqşeng imzalayıb.
Xatırladaq ki, ötən il noyabrın 21-də “QatarEnergy” ildə 4 milyon ton maye qaz satışına dair “Sinopec”lə 27 illik ilk müqaviləni imzalayıb
Qətər qaz ehtiyatlarına görə ilk üç ölkədən və dünyanın ən böyük LNG istehsalçılarından biridir. “Şimal” yatağının genişləndirilməsi layihəsi Qətərin istehsal gücünü 2026-cı ilədək ildə 77 milyon tondan 126 milyon tona qədər artıracaq.
Musavat.com