Çin qaz idxalını kəskin artırıb

Çin 2023-cü ilin dekabrı-2024-cü ilin yanvarında ümumi təbii qaz idxalını illik ifadədə təxminən 20 faiz artırıb.

Musavat.com xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin məlumatına görə, bu aylar ərzində ölkəyə orta hesabla 14,4 milyard kubmetr qaz idxal edilib. Qaz alışının artmasına qiymətlərin 2023-cü ilin noyabrındakı 453 dollardan və bir il əvvəlki 513 dollardan sonra dekabr-yanvarda min kubmetr üçün orta hesabla 394 dollara enməsi də kömək edib.

İdxalın ayda 8,4 milyard kubmetrini (təxminən 6,5 milyon ton) maye qaz – LNG təşkil edə bilər ki, bu da bir il əvvəlki göstəricidən (2022-ci ilin dekabr ayı üçün 5,908 milyon ton və 2023-cü ilin yanvar ayı üçün 5,210 milyon ton) nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Yanvar ayında Rusiyadan "Sibirin Gücü" boru kəməri ilə Çinə gündəlik qaz ixracı 10 milyon kubmetr artırılıb. Qalan boru qazı Çinə Mərkəzi Asiyadan idxal olunur.

Qeyd edək ki, Çin iqtisadiyyatının böyüməsi və enerji istehlakı qlobal enerji bazarının əsas hərəkətverici amillərindən biridir. Bu ölkədən alışların artıb-azalması dünya bazarında neft-qaz qiymətlərinin formalaşmasında mühüm rol oynayır.

Musavat.com

07.03.2024 19:51
462