Çin iqtisadi artım üçün iki ildə 1,4 trilyon dollar xərcləməlidir

Çin iki il ərzində reflyasiya və davamlı iqtisadi artıma qayıdışın stimullaşdırılması üçün 10 trilyon yuana (1,4 trilyon dollar) qədər vəsait xərcləməlidir.

Musavat.com xəbər verir ki, bu, Financial Times-ın investisiya bankı iqtisadçılarının fikirlərinə əsasən hazırladığı materialda əksini tapıb.

Materialda qeyd edilir ki, bu, Çin hakimiyyətinin 2008-ci il qlobal maliyyə böhranından sonra iqtisadiyyatı dəstəkləmək üçün xərclədiyi məbləğdən 2,5 dəfə çoxdur. İqtisadçıların fikrincə, yeni tədbirlər investisiya və infrastrukturun inkişafına deyil, əhalinin sosial dəstəklənməsinə yönəlməlidir.

Onlar qeyd ediblər ki, deflyasiya kök saldıqca və onunla mübarizə aparmaq üçün lazım olan vəsaitin həcmi artdıqca problem daha da kəskinləşir.

Morgan Stanley-nin Çin üzrə baş iqtisadçısı Robin Xing hesab edir ki, müsbət bir ssenaridə Pekin iqtisadiyyatı stimullaşdırmaq üçün iki il ərzində 10 trilyon yuan, o cümlədən 250 milyon miqrant işçi üçün əlavə sosial dəstək tədbirləri şəklində 7 trilyon yuan və artıq tikilmiş mənzillərin satışını sürətləndirmək və əmlakın sabitləşdirilməsi üçün 3 trilyon yuan xərcləyə bilər.

Onun Goldman Sachs Group-dakı həmkarı Hui Shan hesab edir ki, Çin daşınmaz əmlak bazarını sabitləşdirmək üçün təxminən 3 trilyon yuana və regionları dəstəkləmək üçün daha 1 trilyon yuana ehtiyac duya bilər, bundan sonra hakimiyyət sosial islahatlara, o cümlədən işsizlik müavinətlərinin artırılmasına başlaya biləcək.

Gavekal Çin Araşdırmaları Direktorunun müavini Chris Beddor, öz növbəsində, istehlakı "pandemiyadan əvvəlki tendensiyaya" qaytarmaq üçün əhaliyə edilməli olan transfer ödənişlərinin həcmini 3-8 trilyon yuan səviyyəsində qiymətləndirir.

 

Musavat.com

10.09.2024 23:09
225