Çin hökuməti biznesə yeni dəstək paketi elan etdi: Nələr var?

Çində müəssisələrin kreditə əlçatanlığını artırmaq üçün tədbirlər həyata keçiriləcək.

Musavat.com xəbər verir ki, bunu Çinin bazar tənzimləməsi üzrə Dövlət Administrasiyasının rəhbəri Luo Ven açıqlayıb. Onun sözlərinə görə, kredit qərarlarında reputasiya faktoru nəzərə alınmaqla müəssisələrə maliyyə dəstəyini gücləndirəcək.

Maliyyə qurumları müəssisələrin kredit müraciətlərinə baxarkən keyfiyyətə nəzarət və brend reputasiyasını nəzərə alacaqlar. Sinxua xəbər verir ki, bu addımın maliyyəyə çıxış imkanlarını yaxşılaşdıracağı gözlənilir.

Ənənəvi kreditlərə əlavə olaraq, Çin səhmlər, fondlar və istiqrazlar kimi alətlər vasitəsilə şirkətlər üçün hərtərəfli maliyyə kanalları yaradacaq. Təşəbbüsün məqsədi ildə 300 milyard yuan (42,4 milyard dollar) əlavə kredit verməkdir ki, bu da müxtəlif sektorlardakı bizneslərə inkişafına imkan yaradacaq.

Luo Ven orta, kiçik və mikro müəssisələrin fərdiləşdirilmiş maliyyə məhsulları və xidmətləri, o cümlədən diferensiallaşdırılmış kredit xətləri, maliyyələşdirmə şərtləri və ödəmə variantları ilə təmin edilməsi üçün səy göstərməyə çağırıb.

Avqustun sonuna olan məlumata görə, Çində 125 milyon qeydiyyatdan keçmiş fərdi müəssisə olub ki, bu da ölkənin ümumi müəssisələrinin üçdə ikisini təşkil edir.

Ötən həftəsonu Çinin maliyyə naziri Lan Foan bildirib ki, yaxın gələcəkdə ölkədə iqtisadi inkişafı dəstəkləmək üçün əlavə maliyyə siyasəti tədbirləri paketi tətbiq olunacaq. Paketə digər məsələlərlə yanaşı, yerli özünüidarəetmə orqanlarının yığılmış borclarını kompensasiya etmək və borc risklərinin aradan qaldırılmasına kömək etmək üçün dövlət borcunun tavanının artırılması da daxildir.
Lan Foan deyib ki, bu, "son illərdə tətbiq edilən ən güclü borc azadlığı tədbiridir": “Bu, borcların ödənilməsi üçün yerli hakimiyyət orqanlarına təzyiqi əhəmiyyətli dərəcədə azaldacaq, iqtisadi inkişaf üçün daha çox resurs sərbəstləşdirəcək və sahibkarlıq subyektlərinin etimadını artıracaq”.

O qeyd edib ki, daşınmaz əmlak bazarını sabitləşdirmək üçün Çin bir sıra fiskal siyasət alətlərini, o cümlədən yerli hakimiyyət orqanlarının və xüsusi fondların ünvanlı istiqrazlarını, vergi endirimlərini tətbiq edəcək.

Lan Foan bildirib ki, Çin 1-ci dərəcəli kapitalı artırmaq üçün iri dövlət kommersiya banklarına dəstək olmaq üçün xüsusi xəzinə istiqrazları buraxacaq. Bu addım bankların kredit imkanlarının artırılmasına yönəlib ki, bu da bankların real iqtisadiyyatın inkişafına töhfə verməsinə gətirəcək.

Rəsmi məlumatlara əsasən, iyunun sonuna olan vəziyyətə görə, Çində 6 ən böyük dövlət bankının 1-ci dərəcəli kapital adekvatlığı əmsalı orta hesabla 12,3 faiz təşkil edib.

Proqnozlara görə, büdcə gəlirləri gözlənildiyindən daha yavaş artacaq, Lan Foan qeyd edib. Buna görə də maliyyənin kifayət qədər sabitliyini nəzərə alaraq, hökumət gəlir və xərclərin tarazlığına nail olmaq və bu il üçün nəzərdə tutulan büdcə tapşırıqlarını yerinə yetirmək üçün kompleks tədbirlər görəcək.

Lan Foan bildirib ki, Çin 2024-2025-ci illərdə büdcə və fiskal transfer ödəniş sisteminin təkmilləşdirilməsi kimi bir sıra islahatlar həyata keçirməyi də planlaşdırır.

Musavat.com

14.10.2024 18:55
365