Sentyabr ayında Çin dünya qiymətlərinin düşməsi fonunda neft idxalının strukturunu dəyişərək Səudiyyə Ərəbistanından idxalın payını artırıb.
Musavat.com Çin Baş Gömrük İdarəsinin statistikasına istinadən xəbər verir ki, sentyabrda neftin orta qiymətininn 74 dollara qədər azalması Çinin idxalı böyük satıcılar arasında tarazlaşdırmasın gətirib çıxarıb.
Belə ki, Pekin ötən ay Rusiyadan avqust ayı ilə müqayisədə 4,5 faiz az - 2,11 milyon barel neft alıb. Beləliklə, 8,66 milyon ton neft üçün Rusiyaya 4,65 milyard dollar ödənilib.
Sentyabrda Pekinin Səudiyyə Ərəbistanından neft idxalı aylıq ifadədə 45 faiz artaraq sutkada 1,81 milyon barelə çatıb. Mütləq ifadədə bu, 4,38 milyard dollar xərclə 7,43 milyon ton neft deməkdir.
Qeyri-rəsmi olaraq İran və Venesueladan ölkəyə neftin çatdırılması üçün aralıq nöqtə hesab edilən Malayziyadan idxal sentyabrda 15,9 faiz azalaraq avqsutdakı sutkada 1,77 milyon bareldən 1,49 milyon barelə düşüb. Bu, 6,11 milyon tona uyğundur ki, bunun üçün 3,18 milyard dollar ödənilib.
Sentyabrda İraq Çinə neft ixracını 16 faiz azaldaraq sutkada 1,56 milyon bareldən 1,31 milyon barelə salıb ki, bu da ay ərzində 5,37 milyon tona bərabərdir. Pekinin xammala olan xərcləri təxminən 3 milyard dollar təşkil edib.
Ötən üç rübün nəticələrinə əsasən, Rusiya Çinə 80,6 milyon ton, Səudiyyə Ərəbistanı 59,5 milyon ton, Malayziya adı ilə İran və Venesuela 49,3 milyon ton, İraq 48,1 milyon ton satıb.
Doqquz ayda Çin 412,39 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır.
Musavat.com