Çin Avropa İttifaqından Ümumdünya Ticarət Təşkilatına şikayət etdi

Çin Avropa Komissiyasının Çində istehsal olunan elektromobillərin Avropa İttifaqına idxalına əlavə rüsumlar tətbiq etmək qərarına qarşı Ümumdünya Ticarət Təşkilatına rəsmi şəkildə şikayət edib.

Musavat.com xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çin Ticarət Nazirliyindən bildiriblər ki, bu qərar sənaye nümayəndələrinin hüquq və maraqlarını qorumaq üçün qəbul edilib.

Xatırladaq ki, iyulun 5-dən AK Çin elektrik avtomobillərinin Aİ-yə idxalına müvəqqəti əlavə rüsumlar tətbiq edib. Tənzimləyici belə nəticəyə gəlib ki, Çində elektrikli nəqliyyat vasitələrinin dəyər zəncirləri ədalətsiz subsidiyalardan faydalanır. AK-nin fikrincə, bu, Avropanın elektromobil istehsalçıları üçün iqtisadi zərər təhlükəsi yaradır.

Çin Ticarət Nazirliyindən ÜTT-yə göndərilən şikayətdə bildirilir ki, Aİ-nin iddialarının heç bir faktiki və hüquqi əsası yoxdur: v“Belə bir qərar ÜTT qaydalarını kobud şəkildə pozur və iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığa xələl gətirir. Biz Aİ-ni pozuntuları dərhal düzəltməyə və Çin-Avropa iqtisadi və ticarət əməkdaşlığını qorumaq və elektrikli avtomobil tədarük zəncirlərinin sabitliyini təmin etmək üçün birlikdə işləməyə çağırırıq".

Qeyd edək ki, rüsumlar barədə qərarın maksimum etibarlılıq müddəti dörd aydır. Bu müddət ərzində Aİ ölkələrinin səsverməsi ilə yekun qərar qəbul edilməlidir. Bu baş verərsə, rüsumlar beş il müddətinə tətbiq olunacaq.

Ən böyük Çin elektrikli avtomobil istehsalçısı BYD Co. məhsulları üçün əlavə idxal rüsumu 17,4 faiz, Geely üçün 19,9 faiz, SAIC Motor üçün 37,6 faiz təşkil edəcək.

AK ilə əməkdaşlıq edən digər Çin istehsalçıları üçün əlavə ödənişlər 20,8 faiz, tənzimləyici ilə əməkdaşlıq etməyən şirkətlər üçün 37,6 faiz təşkil edəcək.

Avropa İttifaqının Şanxay zavodunda istehsal olunan elektromobilləri tədarük edən Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla ilə bağlı rüsum son mərhələdə fərdi qaydada hesablanacaq.

Musavat.com

09.08.2024 23:00
609