Çin Avropa İttifaqından ŞİKAYƏT ETDİ

Bu gün Çin Avropa Birliyinin Çinin elektrik avtomobillərinə tariflər tətbiq etməsinə dair yekun qərarına qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayətini təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Nazilrik Avropa İttifaqının Çinin elektriklə işləyən avtomobillərinə yüksək rüsumlar tətbiq etməsindən təəssüfləndiyini bildirib: “Çin qəti şəkildə buna qarşı çıxır. Elektrikli avtomobil sənayesinin inkişafı və yaşıl transformasiya sahəsində qlobal əməkdaşlığın maraqlarını qorumaq üçün Çin Aİ-nin son anti-subsidiya tədbirləri ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlib".

Çin hesab edir ki, Aİ-nin hərəkətlərinin heç bir hüquqi əsası yoxdur, onlar ÜTT qaydalarını pozur və ticarət proteksionizmidir.

Qeyd edək ki. Avropa Komissiyası iyulun 4-də Çinin elektrik avtomobillərinə qarşı müvəqqəti rüsumlar tətbiq edib, onların qüvvəsi avqustda uzadılıb. Oktyabrın 29-da Avropa Komissiyası nəhayət, Çindən Aİ-yə elektriklə işləyən avtomobillərin idxalına beş illik 35,3 faizə qədər rüsumun tətbiqini təsdiqləyib. Eyni zamanda, Brüssel qeyd edib ki, tərəflər bu məsələdə kompromis axtarışlarını davam etdirəcəklər. Qərar oktyabrın 31-dən qüvvəyə minib.

Musavat.com

04.11.2024 21:30
283