Çin ABŞ-ı bu qərarından çəkinməyə çağırdı: Cavab ağır olacaq...

Çin hökuməti ABŞ-dan Çində istehsal olunan bir çox mallar üçün nəzərdə tutulan rüsumların artırılması qərarından imtina olunmasını tələb edir.

Musavat.com xəbər verir ki, bu tələb Çin Ticarət Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir:

"ABŞ tərəfi dərhal yanlış yanaşmasını düzəltməli və Çinə qarşı bütün artırılmış tarifləri ləğv etməlidir".

Ticarət Nazirliyi xatırladıb ki, Pekin "Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozan və vəziyyəti daha da pisləşdirən" əlavə rüsumlarla bağlı dəfələrlə Vaşinqtona təqdimat verib. Qeyd edilir ki, ABŞ-ın bu cür hərəkətləri "səciyyəvi birtərəflilik və proteksionizmdir, beynəlxalq ticarət nizamını, qlobal təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə pozur".

Nazirlik xəbərdarlıq edir ki, bu addımların nəticəsində xərclər Amerika bizneslərinin və istehlakçılarının çiyinlərinə düşəcək:

"Çin lazımi tədbirləri görəcək və milli şirkətlərin maraqlarını qətiyyətlə qoruyacaq".

Xatırladaq ki, "Reuters" ABŞ hakimiyyətinin bəzi Çin mallarının, o cümlədən elektrik avtomobilləri, günəş panelləri, yarımkeçiricilər və polad idxalına tarifləri əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığına dair məlumat yaymışdı.

Bildirilir ki, Amerika tərəfi bununla "strateji yerli sənayelərin müdafiəsini gücləndirmək" niyyətindədir. Çin elektrik avtomobillərində 100 faiz, günəş batareyalarında 50 faiz, polad, alüminium, elektrik avtomobil akkumulyatorları və əsas minerallar üçün 25 faiz daxil olmaqla, artırılan tariflərin sentyabrın 27-də qüvvəyə minməsi gözlənilir.

Musavat.com

14.09.2024 19:02
675