Çimərlikdə azyaşlını aldatdılar, onun anasını dənizdə... – Şok təfərrüat

Bakının Sabunçu rayonunda 1976-cı il təvəllüdlü İlqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nazənini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

İlqar arvadı Nazəninin ona başqa şəxslərlə xəyanət etməsi gümanı və qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.

2022-ci il iyunun 29-da saat 15.00-da evdən bıçaq götürürək arvadının valideynləri yaşayan Maştağa qəsəbəsindəki ünvana gəlib. Əvvəlcə cinayətkar niyyətini gizlədərək Nazəninlə təklikdə danışmaq, guya onunla barışmaq və yaşadığı evə aparmaq istədiyini deyib.

İlqar evin yataq otağına daxil olduqdan sonra bıçağı çıxararaq Nazəninin boğaz nahiyəsinə zərbə vurub, daha sonra onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq xəsarəti yetirib. Hadisə yerinə gələn Nazəninin anası Sevil və atalığı Vüsalın mane olmağa çalışmasına baxmayaraq öz cinayətkar əməllərini davam etdirib.

İlqar valideynlərin gözü qarşısında Nazəninə yenidən zərbələr endirməyə cəhd edəndə Vüsalın onun hərəkətlərinin qarşısını almağa çalışmasından hiddətlənib. O, Vüsalın da bədənin müxtəlif nahiyələrinə zərbələr vurub.

“Bu mənə təəccüblü gəldi”

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd etmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar bildirib ki, xəsarət yetirdiyi Nazənin onun həyat yoldaşıdır: “Bütün hadisələr 13 iyun 2022-ci ildə oğlum Sərxanla Nazənin çimərliyə getməsindən sonra baş verdi. “Şıxov” çimərliyinə gedib qayıtdıqdan sonra Nazənində qəribə dəyişikliklər hiss etdim. Onda əvvəllər mövcud olmayan hallar nəzərə çarpdı. Dənizdən gəldikdən 4-5 gün sonra işləmək istədiyini bildirdi. Nazənini tanıdığım müddətdə heç bir zaman təbiətində çalışqanlıq olmayıb. Hər gün saat 12-13 arası yuxudan oyanan bir şəxs olduğu üçün bu söz mənə təəccüblü gəldi”.

İlqarın sözlərinə görə, 2022-ci ildə Nazənin iş axtarmağa gedəcəyini bildirib, o isə etiraz etməyib: “Arvadımda “panik-atak” halları müşahidə olunduğuna görə heç vaxt onu çox sıxmamışam. Anam da Nazənin evdə nə zaman mübahisə yaratsa, həmişə sakit qarşılayıb. Çünki Nazəninin həkimi demişdi ki, “panik-atak” olduğu üçün əsəbləşəndə üstünə getməyin”.

“Nadir hallarda mənimlə gəzintiyə gedib”

İlqar qeyd edib ki, iyunun 23-də işə getməklə bağlı aralarında mübahisə yaranıb: “Mən Nazəniniə “istəyirsən işlə, istəmirsən işləmə, sən necə istəyirsən, elə olsun” deyə bildirdim. Mübahisənin sonunda Nazənin dedi ki, səndən boşanıram, gedirəm ana evimə. Bu sözü eşidəndə nə fikirləşəcəyimi bilmədim. Anam da bildirdi ki, qızım, bu oğlan işləyir, əziyyət çəkir, sizin ehtiyaclarınıza görə dəridən-qabıqdan çıxır. Anamdan Nazənin “panik-atak” olduğu üçün çox üstünə getməməsini xahiş etdim.

Hətta Nazəninə anasıgilə getməsi üçün tam xatırlamasam da, deyəsən, 15-20 manat pul da verdim. Evli olduğumuz müddətdə ümumiyyətlə arvadım tez-tez anasıgilə gedib, orada 15-20 gün müddətində qalıb. Bundan başqa, onunla yaşadığımız müddətə özü istəmədiyi üçün arvadımın mobil telefonu olmayıb. Sadəcə mənim adıma olan nömrədən “planşet”də istifadə edib, əsasən dƏ “Tik-tok” sosial şəbəkəsində.

Mən dəfələrlə “gəl, bir az gəzək, hava alaq” desəm də, Nazənin çox nadir hallarda mənimlə gəzintiyə çıxıb. Daha çox evdə vaxt keçirməkdən xoşu gəlib”.

Deyib ki, üzməyi öyrədə bilərəm”

Təqsirləndirilən şəxs bildirib ki, iyunun 23-də arvadı Nazənin öz anası evinə getmək istəyən zaman ilk dəfə “planşet”i də özü ilə aparacağını bildirib: “Bundan başqa, anamın mobil telefonundakı vatsapdan Nazəninin uzun müddət və müxtəlif vaxtlarda istifadə etdiyini müşahidə etmişəm. Bu hal mənə şübhəli gəldi.

Arvadım dənizə getməmişdən əvvəlki dövrlərdə yalnız “Tik-tok” sosial şəbəkəsindən daim istifadə edib. Bəzən hətta vaxtının bir çox hissəsini “Tik-tok”da keçirməsi səbəbindən yemək belə bişirməyib. Sadaladığım bu şübhəli məqamlardan sonra oğlumu çağırdım. Ona sual verdim ki, dəniz necə idi, necə getdiz, necə gəldiz? Mən sual verəndə gördüm ki, oğlum duruxur. O, dənizdə olan bütün hadisələri danışmağa başladı.

Dedi ki, avtobusdan dayanacaqdan əvvəl düşdükləri üçün çimərliyə piyada getmək məcburiyyətində olublar. Bu zaman bir maşın onlara yaxınlaşıb. Maşında olan şəxslərdən biri onları çimərlik olan əraziyə maşınla apara biləcəyini söyləyib. Lakin Nazənin etiraz edib, daha sonra çimərlikdə özlərinə yer seçib əyləşdikdən sonra onların yanında iki cavan oğlan əyləşib. Bu şəxslərdən biri yoldaşımla, o biri isə oğlumla söhbət etməyə başlayıb.

Sonra o şəxslərdən biri oğluma deyib ki, get, maşından gün eynəyimi gətir. Oğlum gətirmək istəməsə də, yoldaşım oğlumdan eynəyi gətirməyi istəyib. Həmin şəxslər oğlumu dəfələrlə maşının yanına əşya gətirmək üçün göndəriblər. Biri oğluma deyib ki, üzə bilmirsənsə, mən sənə üzməyi öyrədə bilərəm.

Oğlumla cavan oğlanlardan biri üzməyi öyrənmək adıyla suya giriblər. Mən əvvəllər oğlumu bir neçə dəfə dənizə aparmışam. Lakin üzməyi tam öyrədə bilməmişdim. Oğlum həmin cavan oğlanla dənizdə olan zaman digər cavan oğlanın onlardan aralıda yoldaşımı üzməyi öyrətdiyini görüb. Cavan oğlanlardan biri oğlumun başını qatıb, digəri isə yoldaşımla suda vaxt keçirib.

Sudan çıxdıqdan sonra oğluma üzməyi öyrədən şəxs deyib ki, ayıbdır, biz gedək başqa bir yerdə paltarlarımızı geyinək”.

“Yoxlamaq qərarına gəldim”

Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu ilə sorğu-sual zamanı həyat yoldaşı Nazəninlə digər şəxs birlikdə soyunub-geyinmə otağına daxil olublar:

“Hər kəs paltarını dəyişdikdən sonra həmin şəxslərdən biri oğlum və yoldaşımı evimizə qədər apara biləcəyini bildirib. Yoldaşım oğluma “atam, gedək, onsuz da gecdir, burada olanları papaya demə” deyib.

Həmin şəxslər oğlumu və yoldaşımı Yasamal rayonunda 20 nömrəli məktəbin yaxınlığında düşürüblər. Oğlumun dediklərini dinləsəm də, bu məsələyə şübhə ilə yanaşaraq daha ətraflı şəkildə məlumatları yoxlamaq qərarına gəldim”.

“Tam əmin oldum ki, mənə xəyanət edir”

Təqsirləndirilən şəxs qeyd edib ki, digər övladı Süsən “Neptun” marketində işləyir: “İyunun 27-də Nazəninin vatsapda olan profilinin silindiyini gördüm. Qızım işdən evə gəldikdən sonra dedi ki, mama çətin bundan sonra evə gələr. Bildirdi ki, həmin gün anası onun çalışdığı yerə gəlib, deyib ki, bir də onu görə bilməyəcəyik.

Qızım dedi ki, anasınının görüşdüyü bir şəxs var. Həyat yoldaşım övladlarımı uşaq evinə qoymaq fikrini dəfələrlə dilə gətirsə də, ona qarşı çıxmışam. Mən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında olan “Azercell” şirkətinin filialına gedərək öz adıma olan, lakin Nazənin istifadə etdiyi mobil nömrənin dublikatını çıxartdım, nömrədə vatsapı aktviləşdirdim. Heç bir saat keçmədi, tanımadığım bir nömrədən “Salam” mesajı və arxası ilə “Gülmək” mənalı işarə gəldi.

Bir az mesajlaşdıqdan sonra o “sən məni çox istəmirsən” məzmunlu mesaj yazdı. Mən də cavabımda “heç bir qızın arxasınca bu qədər gəlib-getməmişəm” məzmunlu mesaj yazdım. Həmin şəxsə yazdım ki, internetdə bir test tapmışam, əgər o suallara düz cavab versən, biləcəm ki, məni çox sevirsən. O da yoldaşımla arasında nə baş vermişdirsə, hər bir şeyi yazdı.

Lakin son mesajında mənim Nazənin olmadığımı anladı. Sonda əsəbi şəkildə o şəxsə nə yazdığımı xatırlamıram. Tam əmin oldum ki, yoldaşım mənə xəyanət edir. Oradan birbaşa Nazəninin anası evinə yollandım”.

“Qızıma mesaj atdım ki, ananızı öldürəcəm”

İlqarın sözlərinə görə, həm həyat yoldaşı Nazənin xəstə olduğu üçün övladlarını nəzərə alaraq ailəsini bərpa etmək, həm də Nazəninə evlərində bir xanım böyüdüyünü, onun hərəkətlərinin gələcəkdə qız övladının ailə həyatına mənfi təsir edəcəyini izah etmək qərarına gəlib:

“Maştağa qəsəbəsinə gedərkən yolda qızıma mesaj atdım ki, ananızı xəyanətə görə öldürəcəm. Qızıma ona görə həmin mesajı atdım ki, o da mesajı anasına atsın, anası bu mesajdan qorxub mənimlə birlikdə yaşadığımız evə qayıtsın. Qızıma atdığım mesajın ona çatmadığını gördüm.

Dəfələrlə zəngdən sonra qızım telefona cavab verəndə ona bildirdim ki, göndərdiyim mesajı anasına atsın. Qızım mənə səbirli olmağımı bildirdi.

Mən Maştağa qəsəbəsində olan qaynanamın evinə gəldim. Həmin vaxt üzərimdə bıçaq yox idi. Evə daxil olanda gördüm ki, Nazənin qulağında qulaqcıqla “planşet”ə başı qarışıb. Yoldaşımın atalığı Vüsal və qaynanam Sevil də evdə idi. Sevil qaynanam olmaqla yanaşı, həm də bibimdir.

Nazəninin gözlərinə baxanda zaman onun gözlərinin dəyişdiyini gördüm. Ona dedim ki, evə gedək, oğlumuzun neçə müddətdir dilxordur, problemlərimizi öz aramızda həll eləməliyik. Yoldaşım isə dedi ki, əgər övladımız Sərxana baxa bilmirsənsə, ver mənə, onu uşaq evinə təhvil verim.

Mən anamın yaşlı olduğunu, övladlarımızın ailəsiz böyütməyə haqlarımızın çatmadığını bildirdim. Yoldaşımın anası bizim ailəmizin artıq dağıldığını, özümü yormamağımı söylədi. Mən Sevilə ailəmizin dağılmadığını, kənardan belə görüdndüyünü bildirdim.

Nazənin bu zaman mənimlə başqa cür danışdı, bildirdi ki, hara istəsəm, gedərəm də, gələrəm də, heç kim işimə qarışa bilməz. Bibimlə həyətdə Nazənin barəsində söhbət etdim. Dedi ki, İlqar, Nazənin səninlə gedəsi deyil, sən get, rahat həyatını yaşa, bibin həmişə buradadır.

Bibimdən icazə aldım ki, Nazəninlə təklikdə danışım. Mən içəri girəndə Nazəninin anasının çarpayısında qulağında qulaqcıq uzandığını gördüm”.

“Qışqırtıya gəlib mənə hücum çəkdilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, həyat yoldaşına dəfələrlə evə getməyi xahiş etsə də, Nazənin ona yoxsul olduğunu, onunla həyatını davam etdirməyəcəyini bildirib: “Mən Nazəninə oğlumun dənizdə baş verən hadisələri danışdığını bildirdim. O isə ayağa qalxıb evə getməyəcəyini, ürəyi hara istəsə ora gedəcəyini dedi. Masanın üzərində olan iki bıçaqdan daha balacasını götürdüm və qorxutmaq məqsədilə bıçağı boğazına gətirəndə Nazəninin ani hərəkət etməsi ilə tiyə onun boğazına batdı.

Bıçağın onun boğazına batdığını hiss etmədim. Nazəninin atalığı, anası və qardaşı həyətdən oturmuşdular. Qışqırtını eşidib otağa daxil oldular. Onlar içəri girib mənə zərbələr yetirməyə başladılar. Nazənin atalığı kürəyimə stulla vurdu. Əgər sakitcə bıçağı yerə qoymağımı bildirsəydilər, mən bıçağı buraxacaqdım. Onlar ani olaraq hücum çəkdilər. Bu səbəbdən nə edəcəyimi bilmədim.

Orada Nazəninə yetirilən yüngül xəsarətlər həmin şəxslərin mənə zərbə yetirməsi nəticəsində yarandı. Nazənin əli kəsildi və üzünə kiçik cızıq düşdü. Ara qarışan zaman mənə yumruqla zərbə endirildi, yoldaşımla birlikdə yerə yıxıldım. AtalığıM bıçağı əlimdən götürdü. Bibim isə boğazımdan tutdu. Mən ayağa qalxdıqdan sonra dərhal evi tərk edərək Yasamal Rayonu 26-cı Polis Bölməsinə gəldim və təslim oldum”.

İlqar bildirib ki, polis bölməsində barəsində məlumat mövcud olduğunu bilib: “Bölmədə olan şəxslərdən biri barəmdə axtarış verildiyini və yaxşı ki öz ayaqlarım ilə ora gəldiyimi bildirdi.

Nazənin mənim narkoman və dəli olduğumu bildirib. Bu səbəbdən müayinələrdən keçirildim. Deyilənlər təsdiqini tapmadı”.

“Uşaqlara heç vaxt əl qaldırmayıb”

İş üzrə zərərçəkmiş Nazəninin sözlərinə görə, İlqarla 2003-cü il fevralının 4-də ailə həyatı qurub: “Həmin zaman 14 yaşım tamam deyildi. İlqarın məndən əvvəl həyat yoldaşı olmuşdu. Mən üç övlad dünyaya gətirdim. Ortancıl övladım rəhmətə gedib.

Övladlarım hazırda İlqarla birgə yaşadığımız evdə yoldaşımın yaxınları ilə, mən isə Kürdəxanıda yaşayıram. Uşaqlardan imtina etməklə bağlı yoldaşımla aramızda heç vaxt mübahisə olmayıb. Uşaqlarım şəhər mərkəzinə öyrəşdikləri üçün mənimlə yox, həmin ünvanda qalmaq istədiklərini bildirdilər. Uşaqlarımı çox sevirəm. Lakin onlara baxmaq üçün evim yoxdur.

Uşaqlarıma maddi köməkliyi İlqarın ana-atası edir. İlqarla münasibətim həmişə pis olub. Yola gedə bilməmişik. İlqar çox qısqancdı, nəşə çəkib, narkotik vasitələrdən istifadə edib. Həmişə boş şeylərə görə mübahisə yaradıb. Onun aqressivliyi narkotik vasitələrdən istifadəsi ilə əlaqədardı.

Aqressiv insan olsa da, uşaqlara heç vaxt əl qaldırmayıb. Lakin məni 6-7 dəfə döyüb. Məni döyərkən həmişə yüngül xəsarətlər yetirib. Bu barədə dəfələrlə polis bölməsinə şikayət etmişəm. İlqardan boşanmaq istəsəm də, bu istiqamətdə hər hansı addım atmamışam”.

“Ögey atama xəsarət yetirdiyini görməmişəm”

Zərərçəkmiş qeyd edib ki, çimərlikdə bir nəfər şəxslə tanış olub, aralarında heç bir yaxınlıq olmayıb: “Bu barədə heç vaxt danışmamışam, oğlumun da bu barədə məlumatı olmayıb. Bu halı İlqar özü müəyyən edib.

İlqarla yaşadığımız evdə onunla mübahisə etdiyim üçün anamgilin evinə getmişəm. Anam və atalığımla Maştağa qəsəbəsindəki evdə olarkən İlqar həmin evə gələrək mənimlə barışmaq istədiyini bildirdi. Nə qədər yalvarsa da, barışmayacağımı söylədim.

Evdə mənə yalvaranda anam da otaqda idi. Daha sonra anam İlqarla birlikdə həyətdə danışmağa qərar verdilər. Ögey atam və qardaşlarım da evdə, öz otaqlarında idilər. Anam İlqarın bibisidi deyə onların həmişə xoş münasibətləri olub.

İlqar anamla həyətdə söhbət edərkən bildirib ki, bibi, icazə ver, Nazəninlə tək söhbət eləyim, təklikdə söhbət eləsəm, məni bağışlayar.

Mən anamgilin otağında çarpayıda uzanmışdım, İlqar qarşımdakı kresloda əyləşdi. Mənimlə barışmaq istədəyini, bir daha məni incitməyəcəyini və bu məzmunda ifadələrlə peşman olduğunu söylədi. Mən artıq bu söhbətlərin mənasız olduğunu vurğuladım, onunla getməyəciyimi bildirdim.

İlqar ayağa qalxıb üzərimə gəlmək istəyəndə, ona yerinə əyləşməyi məsləhət gördüm. O, kresloya əyləşdi və yenə peşmançılığını müxtəlif sözlərlə ifadə etdi. İkinci dəfə ayağa qalxanda otaqdan çıxmaq istədim.

İlqar mənə yaxınlaşıb sol əlini arxadan sinəmdən tutdu, sağ əli ilə belində gizlətdiyi bıçağı çıxararaq boğazıma keçirdi.Dayanmadan qışqırmağa başladım. Qışqırdıqda İlqar bir anlıq dayandı. Anam, ögey atam və qardaşım içəri daxil oldular. İlqar ikinci dəfə boğazıma xəsarət yetirmək istəyəndə xoşbəxtlikdən bıçaq çənəmə dəydi.

İlqar saçlarımı əlinə dolayıb bədənimi iki ayağının arasına alaraq sıxmağa başladı. Çiynimə, əllərimə müxtəlif xəsarətlər yetirdi. Köməyə gələn ailə üzvlərim İlqarın əlindən məni almaq üçün ona zərbələr vurdular. İlqarın əlindən çıxan kimi qardaşımın otağına qaçdım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 14 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com

29.02.2024 13:10
1556