Bloqer Anastasiya İvleyeva “Mutabor” klubunda "çılpaq gecə" keçirdiyinə görə daha bir video çəkərək yenidən üzr istəyib.
Musavat.com Forbes.ru-ya istinadən xəbər verir ki, video teleaparıcının Telegram kanalında yayımlanıb.
Videoda Nastya İvleyeva hadisədən sonra ona ünvanlanan hiddəti anladığını deyib. Bloqer həmçinin gecəyə qatılan və nəticədə "eyni fırçanın altına düşən" sənətçilərdən də onu bağışlamalarını istəyib.
İvleyevanın gecəsi dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın "Mutabor" klubunda baş tutub. Tədbirdə jurnalistlər Kseniya Sobçak və Saşa Sulim, müğənnilər Filipp Kirkorov, Anna Asti və Lolita, reper Ciqan, bloger Saşa Spilberq və başqaları iştirak ediblər.
Ziyafətdə tam çılpaq olan reper Vacio dekabrın 22-də bir tədbirdə asayişi pozmaqda ittiham edilərək 15 sutka müddətinə həbs edilib. Bundan əlavə, o, "qeyri-ənənəvi cinsi münasibətlərin təbliği" üçün tətbiq edilən 200 min rubl cərimə ödəməli olacaq.
İddianın ardınca İvleyevaya qarşı vergi yoxlamalarına start verilib. Mash teleqram kanalının verdiyi məlumata görə, dekabrın 27-də onun ofislərində axtarışlar aparılıb. Kanalın məlumatına görə, Federal Vergi Xidməti bloqerin bəyan olunmamış gəlirləri barədə məlumatları yoxlayıb.
İvleyevanın reklam və biznesdən əldə etdiyi ümumi gəlir 600 milyon rubla çatır.
Daha sonra “Shot” kanalı məlumat yayıb ki, Federal Vergi Xidməti bloqeri vergidən yayınmaq məqsədilə biznesi iki hüquqi şəxsə - fərdi sahibkar Uzenkova (İvleyevanın nikah zamanı soyadı) və “İvleyeva Production” MMC-yə bölməkdə şübhəli sayılır. Nəticədə tələb olunan 150 milyon rubl vergidən İvleyeva yalnız 13 milyon rubl ödəyib.
Onun 2020-2022-ci illər üçün borcunun ümumi məbləğinin 137 milyon rubl olduğu iddia edilir. Bu pozuntuya görə ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 199-cu maddəsi ("Xüsusən böyük miqdarda vergidən yayınma") ilə 5 ilə qədər həbs cəzası verilə bilər.
Qalmaqaldan sonra böyük reklamçılar İvleyeva ilə əməkdaşlıqdan imtina etməyə başlayıblar.
Musavat.com