Azərbaycanda 4000-ə yaxın QHT dövlət qeydiyyatından keçsə də, onların əksəriyyətinin varlığı barədə ictimaiyyət məlumatsızdır. Fəaliyyətdə olan QHT-lərin sayı rəsmi göstəricilərdən xeyli azdır. 2023-cü ilin payızında yeni qaydalarla QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi son qrant müsabiqələrinə ölkə üzrə təxminən 750 QHT müraciət edib. Bu, Azərbaycanda QHT-lər üçün milli donor institutu yaradıldığı 2008-ci ildən ötən 15 il ərzində ən yüksək göstəricidir. Mütəxəssislərin rəyinə görə, müsabiqəyə indiyədək görünməmiş sayda belə yüksək müraciət sayı ötən ilin yayından etibarən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində əsaslı dönüş yaradılması, şəffaflığın, obyektivliyin təmin olunması üçün aparılan genişmiqyaslı işlərlə əlaqədardır. Müsabiqəyə rekord sayda müraciət həm də aparılan islahatlara QHT cameəsində, cəmiyyətdə yaranan etimadı nümayiş etdirir.
İslahatların mahiyyəti
Reallıq bundan ibarətdir ki, hazırda “QHT” adı gələndə ilk növbədə yada reketçilik, şantajçılıq, dövlətdən müxtəlif üsullarla maliyyəçəkmə düşür. Təhlil göstərir ki, başladılmış islahatların mahiyyətində də bu təsəvvürü köklü şəkildə dəyişmək, QHT-lərin müsbət imicini formalaşdırmaq məqsədi dayanır. Son vaxtlar bunun parlaq nümunələri yaranıb. Məsələn, QHT-lərin Şuşada Xankəndi-Laçın yolunda aylarla, gecə-gündüz fasiləsiz davam etmiş aksiyası Azərbaycanın müstəqillik tarixinə ən böyük etiraz aksiyası kimi düşdü. Bu aksiya bütün dünyaya Azərbaycan ictimaiyyətinin respublikanın suveren ərazisində - Qarabağda oyuncaq rejimin əli ilə baş verən qanunsuzluqlara münasibətdə qəzəbini, barışmazlığını nümayiş etdirdi. Ermənistanın dağ-mədən sənayesinin Azərbaycanın ekologiyasını zəhərlənməsinə qarşı Azərbaycan QHT-ləri səfərbər oldular və geri çəkilmədilər. Onlarla xarici QHT Azərbaycan ictimaiyyətinə dəstək mesajları verdi. Son nəticədə Ermənistan məcbur qalaraq Arazdəyəndə metallurgiya zavodunun inşasını dayandırmalı oldu.
Hazırda Azərbaycan QHT-lərinin Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinq keçirmək tələbləri getdikcə daha çox beynəlxalq dəstək qazanmaqdadır. Eyni məsələləri Ermənistanın mina müharibəsinə qarşı yerli QHT-lərimizin fəallığı haqqında da söyləmək mümkündür.
Göründüyü kimi, QHT-lər Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti üçün ən vacib məsələlərdə fəal iştirak etməyə başlayıb.
Azərbaycan QHT-ləri anti-Azərbaycan şəbəkəsinə qarşı da ciddi ictimai müqavimət mərkəzlərinə çevrilməkdədir. Yerli QHT-lərimizin fransız, alman, ingilis dillərində birgə bəyanatlar verməyə, müraciətlər imzalamağa, açıq məktublar yaymağa başlaması ciddi yenilikdir. Bu müraciət mətnlərinin təhlili də göstərir ki, onlar bir çox hallarda əvvəlki kimi formal mahiyyətli, “söz yığını”, iş görüntüsü yaratmaq naminə deyil, ciddi, əsaslandırılmış, konkret məsələlər üzərində qurulmuş, hədəf və məqsədləri aydın olan fəaliyyətə söykənir.
Beynəlxalq tədbirlərə bir çox QHT təmsilçilərinin daha şəkil çəkdirməyə getmədiyini görürük, Azərbaycanın vətəndaş cəmiyyəti fəalları belə tədbirlərdə artıq söz alır, inad göstərir, məsələ qaldırır, ölkəmizə qarşı fəaliyyətə əngəl olurlar. Son vaxtlar yaranan bir sıra QHT-lərin artıq dünya mövzuları ilə də məşğul olduğu diqqətdən qaçmır. Məsələn, heç bir yaşı olmayan “Bakı Təşəbbüs Qrupu” QHT-si Fransanın müstəmləkə siyasətinə qarşı fəal mübarizə aparır. Bu gün Afrikanın, Avropanın ayrı-ayrı yerlərində müstəmləkəçiliyə qarşı etiraz aksiyalarında Azərbaycan bayraqları qaldırılır. Bu, Fransanın neomüstəmləkəçilik zülmü altında əzilən xalqların Azərbaycan cəmiyyətinə və dövlətinə olan minnətdarlıq jestidir.
Göründüyü kimi, QHT sektorunda aparılan islahatlar, yaradılan mühit yerli QHT-lərin təşəbbüskarlığını, onların regional və beynəlxalq müstəvidə fəaliyyət imkanlarını xeyli artırıb. İslahatların mahiyyətində də QHT-lərin məhz qanun çərçivəsində fəaliyyətlərinin təmin olunması, sağlamlaşdırma tədbirləri, ictimai faydalılığın artırılmasının təşviqi dayanır.
Şəffaflıq və hesabatlılıq
Açıq demək lazımdır ki, bu QHT sektorunun ən yaralı yeridir. Köhnə vərdişdən əl çəkməyən bir sıra QHT sədrləri şəffaflıq, hesabatlılıq üçün atılan addımları gözdən salmağa, təhrif etməyə uğursuz cəhdlər edir. Lakin burada dövlətin qətiyyəti, sərt üzü görünür. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin son vaxtlar QHT-lərin maliyyə hesabatlarını ciddi təştiş etməsi, monitorinq tədbirlərini gücləndirməsi, maliyyəni təyinatı üzrə sərf etməyənlərə qarşı müvafiq tədbirlərə başlaması bunun əyani təzahürləri sayıla bilər.
Təhlillər göstərir ki, son vaxtlar bacarıq, qabiliyyət, potensialın artıq düzgün meyarlarla qiymətləndirilməsi nəticəsində neqativ imici ilə tanınan QHT-lərin fəaliyyət arealı, əhatə dairəsi kəskin daralıb. Onların hədə, şantaj, söyüş və iftiraları dövlətin iradəsinə heç bir təsir göstərmir, əksinə, belə QHT-lərin ifşası, “nüfuzdan düşməsi” prosesi sürətlənib. Bunu Azərbaycan QHT-ləri üçün ciddi irəliləyiş, dönüş nöqtəsi də adlandırmaq olar.
Şəffaflıq və hesabatlılıq bəzi QHT-lərə sərf etmədiyi kimi, məmurlar içərisində də bəzi şəxləri narahat edir. Araşdırmalar göstərir ki, neqativ imicli bəzi QHT-lərin arxasında məhz bir sıra məmurlar, bəzi vəfizəsini itirmiş şəxslər dayanır. Sirr deyil ki, QHT sektorunda az qala mafiyalaşma səviyyəsində şəbəkələşmə, yerlibazlıq, tayfabazlıq elementləri var. Bəzən sıralarında məmurların da olduğu eyni şəxslərə bağlı çoxsaylı QHT-lərin mövcudluğu faktları üzə çıxır. QHT-ləri “dirijor çubuğu ilə” şəxsi məqsədləri, cılız ambisiyaları naminə “obyekt kimi işlədən”ləri aparılan islahatların razı salmaması təəccüblü də deyil. Nəticədə köhnələrin və ya onların yolu ilə getməyə çalışanların təsiri altından çıxa bilməyən bir sıra QHT-lər yeni şəraitə uyğunlaşa, islahatlarla ayaqlaşa bilmir.
Bu günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant nəticələri elan olunacaq. Aldığımız məlumatlara görə, cəmiyyət QHT sektorunda şəbəkələrə, maliyyə şişirtmələrinə qarşı mübarizənin hansı səviyyədə aparılması ilə bu nəticələrdə tanış ola biləcək. Artıq heç bir şansı olmayan bəzi QHT-lər qabaqdangəlmişlik edərək süni ajiotaj yaratmağa, ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. Bura QHT-lərə Dövlət Dəstəyi Agentliyi, aparıcı QHT rəhbərlərinə qarşı qarayaxma kampaniyasının aparılması, ifrat yalandan ibarət müxtəlif səpkili uydurmaların yayılması, bəzi hallarda isə açıq şantaj və təhqir kimi halları daxil etmək olar.
İctimai şuralar
“İctimai iştirakçılıq haqqında Qanun”un qəbulundan 10 ildən çox vaxt keçsə də, bir sıra dövlət qurumlarında ictimai şuralar yaradılsa da, bu şuralardan nə dövlət, nə cəmiyyət, nə də elə həmin qurumların özləri fayda götürə bilmir. Bu addan faydalananlar yenə “reket QHT”lərdir. Onların bəziləri yaxınlarını, qohumlarını həmin qurumlarda işə düzəltmək, “aylıq paket” almaq, ictimai şura vəsiqəsindən müəssisə və təşkilatları hədələyib pul qoparmaq üçün istifadə edirlər. İctimai şura seçkilərində baş verən biabırçılıqlar, o cümlədən bəzilərinin müxtəlif qanunsuz yollardan istifadə edərək bu şuralara düşməsi isə ayrıca bir təhlil mövzusudur. İctimai şuralardakı dərəbərliyə son qoyulması artıq geniş ictimaiyyətin tələbi kimi səslənir. Bunun üçün “İctimai iştirakçılıq haqqında Qanun”a yenidən baxılmasına, ümumiyyətlə, QHT sahəsində bir sıra normativ-hüquqi aktları yenilənməsinə ehtiyac var. Son vaxtlar verilən rəsmi açıqlamalar göstərir ki, artıq proses başlayıb. Görünür, qanunvericilikdə əlavə və dəyişikliklər QHT sektorunda islahalatların ən həlledici mərhələsi olacaq.
Yekun əvəzi
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan yeni inkişaf səviyyəsinə yüksəlib, tam fərqli geosiyasi müstəviyə çıxaraq beynəlxalq münasibətlərdə öz yeri, sözü və təsiri olan bir dövlətə çevrilib. Belə bir şəraitdə QHT fəlsəfəsindən, mahiyyətindən uzaq, cəmiyyətin inkişafı naminə deyil, ayrı-ayrı şəxslərin cibi, qazancı üçün mövcud olan imitasiya xarakterli ictimai birliklər dövlətə artıq yükdür. Burada kəmiyyət deyil, keyfiyyət əsas olmalıdır. Azərbaycan üçün QHT-lərin sayı deyil, onların gördüyü iş, faydalılıq əmsalının yüksək olması, cəmiyyətin inkişafına sözdə deyil, əməldə töhfə vermək bacarığı, ölkəmizin və xalqımızın mənafeyini bütün platformalarda müdafiə etmək gücü və əzmi önəmlidir.
APA Analytics