Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın 12 min hərbçisini Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək üçün göndərdiyini açıqlayıb.
Bu barədə "Yonhap" agentliyi xəbər verir.
Məlumatda deyilir ki, Pxenyan artıq bu qərarı qəbul edib və qoşunların yerdəyişməsi başlanıb. Söhbət xüsusi təyinatlı dəstələr də daxil olmaqla, dörd hərbi briqadadan gedir.
Məlumat təsdiqlənərsə, bu, Şimali Koreya qoşunlarının Koreya yarımadası xaricində ilk genişmiqyaslı yerləşdirilməsi ola bilər.
Sonuncu dəfə 1970-80-ci illərdə Şimali Koreyanın xüsusi təyinatlı bölmələri Anqoladakı vətəndaş müharibəsində iştirak ediblər.
Cənubi Koreya prezidenti Yun Sok Yel təhlükəsizliklə bağlı təcili müşavirə keçirib. O, qoşunların göndərilməsini ölkəsi və dünya birliyi üçün ciddi təhlükə adlandırıb. Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreya hərbçilərinin Ukraynaya hücumda iştirak edə biləcəyini bəyan etmişdi. Ukraynanın hərbi kəşfiyyat rəhbəri Vladimir Budanov Şərqi Rusiyada təxminən 11 min Şimali Koreya hərbçisinin artıq təlim keçdiyini bildirib. Onun sözlərinə görə, ilk bölmə Kursk vilayətinə göndərilməyə hazırlaşır.
Xatırladaq ki, Şimali Koreya açıq şəkildə Ukrayna müharibəsində Moskvanı dəstəkləyir və Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiya ərazisi kimi tanıyır. İyun ayında Moskva və Pxenyan strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb ki, bu müqavilə, digər məsələlərlə yanaşı, üçüncü ölkənin təcavüzü halında qarşılıqlı hərbi dəstəyi də nəzərdə tutur. Bundan başqa Şimali Koreya Rusiyaya artilleriya mərmiləri və raketlər tədarük edir. Həmçinin, hərbi geyim və digər növ avadanlıq və sursatların tədarükü ilə bağlı məlumatlar da yayılmışdı.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün