Cənubi Azərbaycan uğrunda MÜBARİZƏ – FOTOLAR

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.

Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

İngilislər işğal etdiyi ərazilərin düşmən ünsürlərindən təmizlənməsini (ingilislərə etiraz edən yerli hakimiyyət orqanlarının həbsləri və dəyişdirilməsi) siyasətini həyata keçirirdi. Onlar dayanmadan antisovet zəminində şahı və hökuməti “şimal əyalətlərinin bolşevikləşdirilməsi” ilə qorxudurdular. Britaniyanın keçmişinə söykənən aqressiv siyasətindən müəyyən qorxunun varlığı, eləcə də SSRİ-dən mümkün “bolşevik təhlükəsi” ilə bağlı müəyyən narahatlığın olması İran hökumətinin Amerika Birləşmiş Ştatları ilə dostluq münasibətlərini inkişaf etdirmək xəttinin irəliləməsinə səbəb oldu.

29 mart 1943-cü ildə ABŞ-İran ticarət müqaviləsi imzalandı. Bu müqavilə ticarətin inkişafını nəzərdə tutur, gəmiçilik və digər müharibə şərtlərinin təmin edilməsinə imkan verirdi. İran ABŞ-dən idxal edilən bir çox mallara rüsumları azaltmağa razılaşdı, digər malları, xüsusən də avtomobil məhsullarını 15% inhisar vergisindən azad etdi. ABŞ isə öz növbəsində İrandan idxal etdiyi mallara, xüsusən də xalçalara rüsumları aşağı saldı.1942-ci ilin ikinci yarısında ABŞ-nin Tehrandakı missiyası ciddi şəkildə dövlət xadimləri və mətbuatla əlaqə yaratmağa başladı.

Eyni şey yerlərdə də müşahidə edilirdi, məsələn, Azərbaycanda amerikalıların yerli dövlət aparatını özünə tabe etmək istəyi və ziyalıları təsir altına salmağa cəhdlər olundu. Ölkənin iqtisadi və siyasi həyatının bütün sahələrinə nüfuz edən nazirliklərdə, xüsusən də İran ordusunda amerikalı müşavirlər yeriləşdirildi. ABŞ qoşunlarının yeridilməsi üçün trans-İran dəmir yolunun cənub hissəsi istifadəyə verildi, dəmir yolunun imkanlarının genişləndirilməsi üçün böyük sərmayə qoyuluşları ilə irimiqyaslı layihələr həyata keçirilməyə başlanıldı. Bütün bunlar ABŞ-nin İranda mövqelərinin güclənməsi demək idi.

Aydındır ki, ABŞ-nin İrana belə geniş şəkildə nüfuz etməsi İngiltərənin maraqlarına cavab vermirdi. Bu da şübhəsiz ki, ümumilikdə İngiltərə-ABŞ ziddiyyətlərinin inkişafına səbəb olmuşdu. Sovet İttifaqı Hərbi Baş Kəşfiyyat İdarəsinin 14 sentyabr 1942-ci il tarixli arayışından öyrənirik ki, (ARDA, f. 28, siy. 4, s. v. 2, vər. 46 – 62) Türkiyə də İranda baş verən bu proseslərə laqeyd deyildi. Kürd məsələsi ilə bağlı ingilislərlə türklər arasında müəyyən gərginlik yaşanırdı.

Türklər Cənubi Azərbaycanda təbliğat işlərini xeyli gücləndirdilər. Azərbaycanın hər yerində intensiv kəşfiyyat işləri aparmağa başladılar. Aərbaycanda öz təsirlərini gücləndirmək üçün azərbaycanlılarla kürdlər arasında ziddiyyətlərlə bağlı bəyan edirdilər ki, Azərbaycan əhalisini kürdlərin soyğunçuluğundan yalnız Türkiyə xilas edə bilər.

Bu istiqamətdə M.C.Bağırovun Əziz Əliyevə təlimatları belə idi (ARPİİİSSA, f.1. siy. 89, iş. 10, səh. 9 – 11): “İndi bir çoxları Güney azərbaycanlılarına sahib çıxmağa başlayıblar, bunlardan da biri Osmanlı türkləridir. Yəqin ki, onlara belə bir əmr gəlib və onlar Güney Azərbaycanlılara qohum olduqlarını təbliğ etməyə başlayıblar. Onlar indiyə qədər harada olublar? Onların yolunu kim kəsmişdi? İş o yerə çatıb ki, Tehranla Ankara arasında mübahisə başlayıb. Sanki 5 milyonluq Azərbaycan xalqı kimsəsiz qalıb. Məqsədlərimiz bizə aydındır, yolumuz aydındır… Biz sovet azərbaycanlıları deyə bilərik ki, artıq biz məqsədimizə nail olmuşuq… qədim dövlətçiliyə, min illik tarixə malik olan insanlar, azərbaycanlılardır”.

Eyni zamanda sovet hərbi kəşfiyyatının  nümayəndəsi yazırdı (ARDA, f.28, siy. 4, s. v. 2, vər. 46 – 62): “Güman etmək olar, türklər müharibədən sonra Azərbaycanın Türkiyəyə birləşdirilməsi üçün zəmin hazırlayırlar. Lakin türklər, məsələn, Makinsk bölgəsində kürdlərə  daha çox diqqət yetirir. Cəlali qəbiləsinin başçılarından biri olan Ömər xanı güclü şəkildə dəstəkləyirlər. Şahpur bölgəsinin kürd liderlərindən biri Kotasda türklərlə sıx bağlıdır”.

Cənubi Azərbaycanda həyata keçirilən “Böyük Azərbaycan” layihəsi nəinki İran irticasını, həm də regionda aktivləşən bir çox qüvvələri narahat etməyə başlamışdı.

Əziz Əliyev M.C.Bağırova rəhbərlik etdiyi “Qrup”un işi və Cənubi Azərbaycanın vəziyyəti haqqında ilk geniş hesabat göndərir .

Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova Cənubi Azərbaycanda vəziyyət haqqında (ARPİİİSSA, f.1. siy. 89, iş. 4, səh. 33 – 45):

“Əhali sovetlərin İrana daxil olmasını sovetləşmənin elementi kimi qəbul edirdi. Amma biz siyasi işçilərimizə tapşırmışıq ki, hansısa şübhəli qüvvələrin törətdiyi bu təxribatı dayandırsınlar. Sovet ordusunun hissələrinin yerləşdiyi bütün şəhərlərdə və yaxın kəndlərdə əhali arasında geniş təbliğat işlərinə başladıq. Yayılan təbliğat vərəqələrinin əhaliyə güclü təsiri var. Bizə bir çox yerlərdə kəndlilər açıq şəkildə deyirdilər: “Əgər siz getmək istəsəniz belə, biz Qızıl Ordunun İran Azərbaycanını tərk etməsinə icazə verməyəcəyik”. Artıq Azərbaycanın bütün bölgələrində əhali İranın dövlət orqanlarının törətdiyi qanunsuzluqlardan bizə şikayət etməyə başlayıblar. Biz onları hər cür qoruyuruq. Əhali tərəfindən hərarətlə qarşılanan “Vətən uğrunda” qəzetinin artıq iki nömrəsini Azərbaycan dilində nəşr etmişik. Urmiya və Pəhləvidə Azərbaycan dilində qəzetin nəşrinə böyük ehtiyac var.

Təbrizdə 15 il ərzində Azərbaycan dilində bir dənə də olsun elm, texnika, poeziya və ədəbiyyat sahəsində yazıçı və şairlərin yaradıcılığının inkişafı üçün şərait yaradılmayıb; hamısı şah rejimi tərəfindən təqib olunublar. Zeynal Gənci, Turxan Gənci, Nadir Fitrət, Ruhi, Sadiq Naxçıvan, Qeybullah Cavid və başqaları kimi Təbriz şair və yazıçıları heç bir əsərini çap etdirə bilmirdilər. Məktəblərdə bir qayda olaraq, rəhbər vəzifələr farslarla zəbt edilibdir. Professor-müəllim heyətinin əsas hissəsi mövcud nizam-intizamın əleyhinə çıxıb, xalq təhsili sistemində köklü dəyişiklik, məktəblərdə dərslərin Azərbaycan dilində keçirilməsini, farslara görə imtiyazların aradan qaldırılması tələblərini irəli sürür. Şəhərlər və kəndlər son dərəcə antisanitar vəziyyətdədir. Hazırda həkim qrupları rayonlar üzrə sanitar xəritələrin tərtib edilməsi üzərində işləyirlər.

Oktyabrın 6-da professor Fəxrinin rəhbərliyi ilə Təbriz şəhərinin yerli həkimləri ilə  qarnizonun hərbi həkimləri arasında görüş keçirildi. Qadınlar arasında işləmək üçün mama və qadın həkimlərdən ibarət orta səviyyəli tibb kadrlarına təcili ehtiyac var. İqtisadi cəhətdən də bizə qarşı təxribatlar intensivləşmişdir. Təbriz vilayətinin valisi özü təxribatçıların himayədarıdır. Bir çox sənaye müəssisələrinin işləmədiyini, iri tacirlərin bir hissəsinin Tehrana və ingilislərin işğal etdiyi ərazilərə getdiyini bilən qubernator bizim tələblərimizə baxmayaraq, son vaxtlara qədər iqtisadi həyatı normallaşdırmaq üçün heç bir tədbir görmürdü və hər dəfə bundan çəkinirdi. Yalnız bu yaxınlarda onun əməlləri ilə bağlı məsələnin Tehrandakı səfirliyimiz vasitəsilə İran hökumətinin diqqətinə çatdırılacağı barədə ciddi xəbərdarlıq edildikdə, hiss olunur ki, İran hökuməti daha qətiyyətli tədbirlər görməyə başladı.

 

Yoldaş Bağırov!

Təbrizdə və digər şəhərlərdə Qızıl Ordu əsgərləri tərəfindən ayrı-ayrı məntəqələrdə  talanlar da baş veribdir, onlar gecələr silah axtarışı adı ilə ev-ev gəzib pul tələb edirlər. Belə faktlar çox olur və biz belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görürük. Digər tərəfdən, Ermənistan SSR Xalq Daxili İşlər Komissarının müavini Gözəlyan trofey avtomobili mənimsəyibdir və geri qaytarılması ilə bağlı təkrar tələblərimiz nəticəsiz qalıbdır”.

47-ci Ordunun Hərbi Şurasının üzvü polkovnik-komissar Əziz Əliyev,

24.10.1941-ci il.

Ardı var…

23.07.2024 14:00
5060