Azərbaycanın cənub bölgəsində Prezident seçkilərində bütün dairələr üzrə seçici fəallığı müşahidə olunur.
"Report"un Cənub bürosu xəbər verir ki, bölgənin 5 rayonu (Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik) üzrə 74, 75, 76, 77, 78, 79 və 80 saylı 7 dairə seçki komissiyası fəaliyyət göstərir.
Onlardan 75 saylı Masallı-Yardımlı, 76 saylı Lənkəran-Masallı və 80 saylı Lerik-Astara müştərək dairələrdir. 7 dairə üzrə 421 məntəqə yaradılıb. Məntəqələr üzrə seçicilərin ümumi sayı 341 min 389 nəfər təşkil edir. Bunlardan 22 min 424 nəfəri ilk dəfə seçkilərdə iştirak edən gənclərdir. 100 və daha yuxarı yaşı olan 10 seçicidən ən yaşlısı isə Narbağı kənd sakini - 78 saylı Lənkəran Kənd Seçki Dairəsinin 36 saylı məntəqəsi üzrə seçicisi Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşının olduğu bildirilir.
Baş çəkdiyimiz 6, 7, 24 saylı məntəqələrdə sədrlərin bildirdiyinə görə, seçki qanunvericiliyinə uyğun olaraq hazırlıqlar başa çatdırılıb. Seçki qutuları möhürlənərək seçki otaqlarında yerləşdirilib. Məntəqələrdə seçicilərin səsvermə hüququndan sərbəst istifadə üçün lazımi şərait yaradılıb. Kabinetlər qurulub. Fiziki cəhətdən seçki məntəqələrinə gəlib səs vermək imkanı olmayan seçicilərin səsvermə hüququndan istifadə edə bilmələri üçün komissiya üzvləri müəyyənləşdirilib və daşınan qutular hazırlanıb. Gün ərzində belə vətəndaşların da ünvanlarına gedilərək onların seçki hüquqları təmin ediləcək.
Seçkinin şəffaflığının təmin olunması məqsədilə müşahidəçilərlə yanaşı, istənilən şəxsin seçkilərin gedişini internet üzərindən izləmək imkanı əldə edə bilməsi üçün dairələr üzrə 52 məntəqədə veb-kameralar qurulub. Seçki prosesinə uyğun olaraq məntəqələr saat 08:00-da açılıb, dövlət himni səsləndirildikdən sonra seçkilərə start verilib.
İlk saatlardan etibarən məntəqələrin önündə hərəkətlilik var. Hazırda olduğumuz məntəqələrin hər birində seçici aktivliyi müşahidə olunur. Seçki prosesində iştirak etmək istəyən seçicilər prosedura uyğun olaraq məntəqələrə yaxınlaşıb, seçici siyahısında adını tapdıqdan sonra qeydiyyat masasına yaxınlaşır və seçki bülleteni götürərək azad şəkildə öz namizədinə səs verir.