Cəmil Məmmədliyə əlavə ittihamlar verildi

Bir müddət əvvəl xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xaçmazda fəaliyyət göstərən jurnalist külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.

Konkret olaraq ona qarşı, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, C.Məmmədli zərərçəkmişlər-Fuad Həbibov və bacısı Gülnarə Həbibovaya maraqlı olduqları cinayət işi üzrə kömək edəcəyi, sosial şəbəkə üzərindən istintaq orqanına təsir göstərəcəyi ilə bağlı yalan vəd verməklə onların 10 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, iki nəfərdən hədə-qorxu yolu ilə 180 manat pul alıb. 

Zərərçəkmiş şəxslərdən biri Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşovdur. C.Məmmədli onu atası M.Balaqadaşovun Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunacağı barədə sosial şəbəkədə yalan məlumat yayacağı, bununla da təşkilatda rəhbər vəzifədə olan atasının nüfuzdan düşəcəyi ilə hədələyib. Zərərçəkmiş şəxs yalan məlumatların atasının nüfuzuna xələl gətirəcəyini düşünərək 100 manat pul verib.

Təqsirləndirilən jurnalist başqa bir şəxsdən isə hədə-qorxu yolu il 80 manat pul alıb.

İş üzrə dəymiş ziyan ümumilikdə 13 min 600 manat təşkil edir.

02.08.2023 16:54
903