Cəlladlığı ilə “NKVD” tarixində iz qoyan qadın – onu müharibədəki xidmətlərinə görə əfv ediblər  

 

Onun rütbəsi serjant, tutduğu ən yüksək vəzifə isə “NKVD”-nin Leninqrad vilayəti idarəsində müstəntiq olub. Kiçik rütbəsinə və vəzifəsinə baxmayaraq Sofya Gertnerin adı “NKVD”-nin mərkəzi aparatında ən nümunəvi əməkdaş kimi hallanıb. Tabeliyində olan əməkdaşlara qarşı son dərəcə tələbkar olan “NKVD” başçısı Nikolay Yejov xidməti müşavirələrdə Gertner haqqında yüksək fikirlər söyləyib, onu digərlərinə nümunə göstərib.

Maraqlıdır, 1930-cu illərdə, “NKVD”-nin asıb-kəsdiyi bir dövrdə Sofya Gertneri fərqləndirən nə olub?

Sofya Gertner müstəntiq kimi xidmətə başlayanda cəmi bir neçə aydan sonra  həmkarları və istintaqını apardığı şəxslər onu “Qızıl ayaq” adlandırıblar. O, müstəntiq kimi xidmətə başlayanda “müştəriləri” ilə sorğu sual zamanı işini asanlaşdırmaq üçün yeni metod tətbiq edib. Belə ki, ittiham olunan şəxs istintaqa çağırılanda Gertner onun qollarını arxa tərəfə, ayaqlarını isə aralı şəkildə kəndirlə stula bağlatdırıb. Bu vəziyyətdə müstəntiqlə ittiham olunan şəxsin sorğu-sualı başlanıb. İlk sualların cavabı Sofya Gertneri qane etməyəndə müstəntiq ayağı ilə ittiham olunanın aralanmış vəziyyətdə olan ayaqlarının tən ortasına (cinsiyyət orqanlarına) zərblə təpik vurub. Bu ağrılı prosedurdan sonra Gertner asanlıqla “müştərisindən” istədiyi ifadəni ala bilib və onun apardığı istintaqların siyahısında “xalq düşmənləri”nin siyahısı günü-gündən böyüyüb.

Sofya Gertnerin cəlladlıq ehtirası təkcə istintaq sorğuları ilə soyumayıb. O, bəzi hallarda könüllü şəkildə edam proseslərində iştirak edərək sərrast atıcılıq “qabiliyyətini” də nümayiş etdirib.

шгн.jpg (119 KB)

Sofya Gertnerin “NKVD” orqanlarında (əvvəllər Birləşmiş Dövlət Siyasi İdarəsi “OQPU”) doqquz illik xidməti tam məxfi saxlanılıb. Hətta onun ən yaxın adamları belə bu haqda məlumatsız olublar. Onun haqqında yalnız 1990-cı illərdən sonra məlumatlar üzə çıxıb.

Uzun illər DTK-nın Leninqrad vilayət idarəsində xidmət edən polkovnik Yevgeni Lukin ilk dəfə bu haqda ətraflı açıqlama verib:

“SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında ən qəddar cəlladlardan biri Sofya Gertner olub. Onun apardığı istintaqlar dəhşətli işgəncələrlə müşayiət olunub. Maraqlısı isə odur ki, bu cəllad qadın vəhşiliklərinə görə dəfələrlə mükafatlandırılıb, “NKVD” rəhbərləri olan Henrix Yaqoda və Nikolay Yejov Gertnerin xidmətlərini yüksək qiymətləndiriblər. İşgəncələr hesabına Sofya Gertner istədiyi şəxsdən istədiyi ifadəni ala bilib. Elə buna görə də bir müstəntiq kimi onun istintaq nəticələri müsbət sayılıb...”

Moskvada, “NKVD”-nin mərkəzi aparatında Sofya Gertner diqqət mərkəzində olub. Nikolay Yejov qurumun rəhbərliyindən uzaqlaşdırılanda, Lavrenti Beriya “NKVD”-yə komissar təyin ediləndə Sofya Gertnerin dövlət təhlükəsizliyi orqanlarında karyerasına son qoyulub. Saysız hesabsız insanları xalq düşməni elan edən müstəntiq özü xalq düşməni kimi məhkəmə qarşısına çıxarılıb. Lavrenti Beriyanın göstərişi ilə o, 1939-cu ildə həbs edilib.

Sofya Gertner məhkəmə prosesində özünə bəraət qazandırmaq cəhdi ilə yanaşı cinayət əməllərini də etiraf edib:

“Mən doqquz il dövlət təhlükəsizliyi orqanlarında xidmət etmişəm. Bəzi hallarda ifadə alarkən işgəncələr tətbiq etmişəm. Lazımi ifadələri almaq üçün bu yeganə çıxış yolu idi. Əks halda ittiham olunanlar öz günahlarını boyunlarına almırdılar. Xüsusilə qeyd edim ki, mən belə tapşırıqları yuxarıdan, rəhbərlikdən alırdım. Göstəriş belə gəlirdi ki, müəyyən olunmuş insanlar sürgünə göndərilməlidirlər, yaxud güllələnməlidirlər. Mən heç vaxt özümə aid olmayan işlərlə məşğul olmamışam. Yalnız mənə tapşırılan işləri göstərişə uyğun icra etmişəm. Bütün bunların müqabilində isə mən bu gün üzvü olduğum partiyanı, xidmətimi, həyat yoldaşımı, ailəmi itirirəm. Xahiş edirəm doqquz illik xidmətimi nəzərə alıb ədalətli hökm çıxarasınız...”

рпа.jpg (72 KB)

Uzun sürən prosesdən sonra 31 yanvar 1941-ci ildə məhkəmənin hökmü ilə Sofya Gertner 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və islah əmək kaloniyasına göndərilib.

Müharibə başlananda Sofya Gertner bir neçə dəfə İosif Stalinə, Lavrenti Beriyaya məktubla yazılı müraciətlər ünvanlayıb. Bu müraciətlərdə o, cəbhəyə göndərilməsini xahiş edib. Bir ildən sonra, 1942-ci ildə Sofya Gertner cəzaçəkmə müəssisəsindən cəbhə bölgələrinə xidmətə göndərilib. Müharibənin sonuna qədər o, döyüşən hərbi hissələrdə xidmət edib və hərbi əməliyyatlarda fərqlənib. Bu göstəricilərinə görə Gertner əfv edilib.

Müharibədən sonra Sofya Gertner Leninqradda yaşayıb. Onun bəraət almaqla müraciətlərinə mənfi cavab verilib. Ancaq müharibədə iştirak etməsi və həmin illərdəki qüsursuz xidmətləri nəzərə alaraq ona təqaüd verilməsi məsələsi müsbət həll olunub. O, 1984-cü ildə, 79 yaşında vəfat edib.

Onu da qeyd edək ki, cəlladlığı ilə “NKVD” tarixində iz qoyan Sofya Gertner bir neçə filmdə və kitabda “cəllad qadın” obrazı kimi əks olunub.

İlham Cəmiloğlu, Musavat.com

12.06.2024 13:34
2706