Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının deputatı, Çeçenistanın rəhbəri Ramzan Kadırovun sağ əli Adam Sultanoviç Delimxanov Ukraynanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə yaralanıb. Əvvəlcə mediada onun öldürüldüyü barədə xəbər yayılsa da, daha sonra Rusiya parlamentinin sədri Vyaçeslav Volodin və başqaları Delimxanovun sağ-salamat olduğunu bildiriblər. Bəzi mənbələr isə qeyd edirlər ki, Delimxanov sağ olsa da, salamat deyil, xəsarət alıb.
Bəs Adan Delimxanovun Zaporojyedə nə işi var? O, deputatdır. O ranqda olan Heç bir deputat təmas xəttində döyüşmədiyi halda, Delimxanov nədən özünə borc bilir ki, birbaşa cəbhə xəttində, özü də səhra komandiri kimi döyüşlərdə iştirak etsin?
Adam Delimxanov 1969-cu ilin sentyabrında Çeçenistanda, Benoy kəndində doğulub. Bəzi məlumatlara görə, o, Ramzan Kadırovun dayısıoğludur. Rusiya Federasiyası Dövlət Dumasının V, VI və VII çağırışlarının deputatıdır, “Vahid Rusiya” partiyasının üzvüdür.
1987-1989-cu illərdə Delimxanov sovet ordusu sıralarında xidmət edib. 1990-cı ilin mart ayından iyul ayına kimi 3-cü dərəcəli mexanik, 1991-ci ildən sonra “Təşəm” müəssisəsində tədarükçü işləyib. 1994-cü ildə Çeçenistan Dövlət Universitetini bitirib.
Delimxanov gəncliyində Rusiya ordusuna qarşı döyüşüb, səhra komandiri Salman Raduyevin şəxsi sürücüsü olub. 1999-cu ildə II Çeçen müharibəsinin başlaması ilə federal qüvvələrin tərəfinə keçib.
Delimxanov “dövlət adamı” olsa da, adı çox vaxt “qara-qura işlər”də hallanır. Rusiyada hüquq müdafiəçiləri və jurnalistlər Delimxanovu insan hüquqlarının pozulmasında ittiham edirlər. 2014-cü ildən onun adı “Qardaşlıq” cinayətkar qrupuna qarışdığına görə ABŞ-ın sanksiyaları altındadır. Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə aktiv iştirak etdiyindən bütün Avropa İttifaqı ölkələri və bir sıra başqa ölkələr ona beynəlxalq sanksiya tətbiq edirlər.
Nə qədər paradoksal olsa da, bir zamanlar Rusiyaya qarşı döyüşərkən öz xalqı tərəfindən qəhrəman hesab edilən Delimxanov 2022-ci ilin aprelində Ukraynada hərbi əməliyyatlarda iştirakına görə “Rusiya qəhrəmanı” adı alıb.
Delimxanov hərbi işdə yeni deyil, sovet ordusunda əsgər olub, I və II Çeçen müharibəsində fərqli cəbhələrdə vuruşub, 2000-ci ilin martından 2003-cü ilin avqustuna qədər daxili işlər orqanlarında stajçı, sonra işçi, daha sonra Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan ayrıca milis şirkətinin qərargahında təhlil və planlaşdırma üzrə inspektor vəzifələrində çalışıb.
2003-cü ilin avqust-sentyabr aylarında Qudermesdə polis idarəsində qeyri-dövlət mühafizə şöbəsinin milis batalyonunun komandiri olub. 2003-2006-cı illərdə Çeçenistan Respublikası DİN yanında neft-qaz kompleksi obyektlərinin mühafizəsi üzrə alay komandiri olub.
2007-ci ilin mayında, Çeçenistanın baş nazirinin müavini olan Adam Delimxanov meşələrə çəkilərək döyüşən üsyançıların 100-ə yaxın valideynini DİN-ə çağırtdıraraq hədələyib, deyib ki, meşəyə gedənlərin heç biri bağışlanmayacaq, hamısının başı kəsiləcək.
2007-ci ilin sentyabrında isə o, özünü "İçkeriya prezidenti" adlandıran Doku Umarovun ya tutularaq mühakimə ediləcəyini, ya da öldürüləcəyini bildirib.
Delimxanovun qanlıları - İsa və Sulim Yamadayevlər
2007-ci ildə Dövlət Dumasının deputatı seçilən Delimxanov daha da sərtləşib və adı sui-qəsd işində çəkilib. 2008-ci ildə Dövlət Dumasının Moskvanın mərkəzində güllələnmiş keçmiş deputatı Ruslan Yamadayevin qətlindən sonra onun qardaşı İsa Yamadayev qəzetlərə müsahibəsində Delimxanovu qətlin təşkilində günahlandırıb. Yamadayev deyib ki, Delimxanov Çeçenistanda "Cəllad" ləqəbi ilə tanınır, çünki o, edamlara və adam oğurluqlarına rəhbərlik edir.
2009-cu ilin aprelində Dubay (BƏƏ) şəhərinin polisi Sulim Yamadayevə qarşı sui-qəsdin birbaşa iştirakçısı olan iki nəfəri həbs etdiyini bildirib. Bunlar İran vətəndaşı Mehdi Lorniya və Tacikistan vətəndaşı Mahsud Can olublar. Daha üç nəfər, Rusiya və Qazaxıstan vətəndaşlar, o cümlədən Adam Delimxanov beynəlxalq axtarışa verilib. Dəlimxanovun profili və şəkli İnterpolun baş katibliyinin rəsmi saytında yerləşdirilib.
Delimxanov ona qarşı irəli sürülən ittihamları təxribat adlandırıb və istintaqla əməkdaşlığa hazır olduğunu bəyan edib.
Ramzan Kadırov 2009-cu il sentyabrın 23-də dərc olunmuş müsahibəsində Adam Delimxanovu öz varisi kimi göstərib: “Komanda var, işimi davam etdirəcək insanlar da var. Mən həmişə özümdən sonra insan hazırlamaq vəzifəsini qoymuşam. Məni əvəz edə biləcək bir insan hazırlamışam. O, Adam Delimxanovdur. Ən yaxın dostumdur. Qardaşdan daha yaxındır. Bütün qardaşlarım, bütün bacılarım, bütün qohumlarım onu sevir”.
Ancaq həm Çeçenistanda, həm də Rusiyanın digər yerlərində heç də hamı Delimxanovu sevmir.
Bu yaxınlarda onun “Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə söz dueli olub.
Priqojin çeçenlərdən ibarət "Axmat" adlı xüsusi təyinatlılar dəstəsinin qarşısında bütün “DXR”-i azad etmək vəzifəsinin olmadığını, Kadırovun belə bir göstəriş vermədiyini söyləyib. Onun sözləri Delimxanov tərəfindən tənqid edilib və “Axmat”ın prezidentin verdiyi istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu qeyd edib.
Daha sonra Delimxanov "Axmat" xüsusi təyinatlılarını tənqid edən Priqojini "məsələni üz-üzə həll etməyə, görüş vaxtını və yerini dəqiqləşdirməyə" çağırıb.
Delimxanov bildirib ki, “Axmat” xüsusi təyinatlıları həmişə baş komandanın verdiyi bütün tapşırıqları yerinə yetirir və Priqojin bunu başa düşmür. O, Priqojini “bloger” adlandıraraq deyib: “Bütün dünyaya qışqırıb deyirsən ki, sənin sursatın yoxdur, yalnız problemlərin var. Biz bilirik, son 7-8 ayda Baxmut istiqamətində nə qədər adam itirilib, rəhbər isə idiniz”.
Budur, “Vaqner”in rəhbəri Priqojini birbaşa duelə çağıran Delimxanov necəsə vurulub, öldüsü-qaldısı, nə vəziyyətdə olması tam bəlli deyil.
Görünür, Ramzan Kadırov onun vurulmasında təkcə Ukrayna tərəfindən şübhələnmir. Dünənki açıqlamasında Kadırov Ukrayna kəşfiyyatına müraciət edərək xahiş etmişdi ki, hansı istiqaməti vurduqlarını desinlər, onlar da Delimxanovu həmin istiqamətdə axtarsınlar. Bu müraciətə cavab olaraq Ukrayna tərəfi Delimxanovun olduğu yeri vurmadığınıı desə, o zaman Kadırov “güllə”nin haradan atıldığını təxmin edəcək.
Araz Altaylı, Musavat.com