Prokurorluq Şirvan şəhərində zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Musavat.com xəbər verir ki, Şirvan şəhər prokurorluğundanverilən məlumata görə, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin – 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.