Cəbrayıl sakinlərinə qucaq açır - köç başlayır

Cəbrayıl şəhəri də bugünlərdə əhalisini qəbul etməyə hazırlaşır

"Böyük Qayıdış" planı daxilində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri hər keçən gün sürətlənir. Məcburi köçkünlərimizin vətən həsrəti durmadan sona çatmaqdadır. Artıq onlar hissə-hissə öz doğma yurdlarına qaytarılır.

2024-cü il Qarabağda tədris ili baxımından daha əlamətdar oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ötən il açılışı olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə bu il ilk zəng çalındı. Azərbaycanın mədəniyyət paytaxtında yenidən məskunlaşmış keçmiş məcburi köçkün ailələrindən 92 məktəbli bu təhsil ocağında dərsə başladı.

Tarixi hadisələrdən biri də Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması oldu. Dövlət başçısı ötənilki antiterror tədbirləri ilə azad  edilən Xankəndidə sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi.

Ali Baş Komandanın ali məktəbin açılışındakı çıxışından sitat: “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə tibb fakültəsi də yaradılacaq. Xocalıda aqrar elmlər fakültəsi, Şuşada turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər”.

"Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək".

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Onun sözlərinə görə, Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq: “2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.

Son günlərdə yaşadığımız bu qürurlu, tarixi anlar dövlətimizin Qarabağda tədris müəssisələrinin açılmasına həm də xüsusi diqqət yetirdiyini göstərir.

Qarabağa “Böyük Qayıdış” prosesi çərçivəsində Cəbrayıl şəhəri də bugünlərdə sakinlərini qəbul etməyə hazırlaşır. Artıq şəhərə köçürüləcək 117 ailə üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində püşkatma keçirilib. Bu barədə “Yeni Müsavat”a sakinlər tərəfindən məlumat verilib.

Əslən Cəbrayıldan olan, AĞ Partiya başqanının müavini Rəhim Əhmədzadə bütün cəbrayıllıların arzularının gerçəkləşdiyini söylədi: “Bir qarabağlı, cəbrayıllı olaraq öz doğma torpağıma qovuşmaq, vətənimə, elimə dönmək ən böyük arzularımdan biri idi. Bu gün şükürlər olsun ki, rəşadətli ordumuz, igid oğullarımız sayəsində bu arzum çin oldu. Hələ aprel döyüşlərində itirilmiş Cəbrayılımızın Cocuq Mərcanlı kəndinin azad edilməsi bu böyük qayıdışın ilk işartıları idi. Artıq bugün biz cəbrayıllılar qürurla, fəxarətlə deyirik ki, Cəbrayıl azaddır, bütöv Qarabağ bizimdir və biz qayıtmışıq. "Dəmir yumruq" öz gücünu bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməyi bacaran xalqdır.

Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda yenidən bərpa və quruculuq işləri sürətlə davam edir. Və böyük köçün növbəti ünvanı məhz Cəbrayıl şəhəridir. Onu da qeyd edim ki, işğaldan azad edilmiş şəhərlərimizdən Laçın, Şuşa, Zəngilan, Xankəndi və Cəbrayıla bu yaxınlarda getmişəm və artıq şəhərin böyük hissəsinin abadlaşdırıldığının canlı şahidi olmuşam. Artıq Qarabağı yenidən dirçəltmək bir xalq olaraq bizim ən əsas vəzifəmizdir. Vətənim Cəbrayıl rayonunda əsasən taxılçılıq, üzümçülük, maldarlıq, qoyunçuluq geniş yayılmışdı. Yerli sakinlər səbirsizliklə geri dönüb o əvəllki təsərrüfatı yenidən qurmağı planlayırlar. Cəbrayıl erməni vəhşiliyinin daha çox qurbanı olmuş, tamamilə dağıdılmış şəhərlərimizdəndir. Şəhərin mərkəzindən başlayan geniş quruculuq işləri çərçivəsində mərkəzlə bərabər kəndlərin də bərpası qarşıya qoyulan məqsədlərdəndir".

Yazını hazırladı: Cavanşir ABBASLI

25.09.2024 10:51
1266