İlk yayınlanma vaxtı: 00:01
Bu, tarixi fakt, həyati gerçəklikdir: Yer üzündəki istənilən nəhəng və qədim dövlət böyük, güclü və şücaətli ordulararın hesabına əmələ, ərsəyə gəlib. Heç bir imperiya öz-özünə, hansısa ideyaların populyarlığıyla, ticarətin və iqtisadiyyatın çiçəklənməsi ilə qurulmayıb, məhz onun səthədlərini genişləndirən, düşmənlərini əzən, itaat etməyənləri ram edən orduların, hərbi birləşmələrin, donanmaların gücüylə bir neçə qitədə, arxipelaqda intişar tapıb.
Müasir dünya dövlətlərinin əksəriyyətinin ordusu müdafiə səciyyəlidir. Əslində, bütün dövlətlər deklarativ olaraq öz silahlı qüvvələrini elə adlandırır, amma tez-tez görürük ki, bu və ya digər dövlət sərhədlərindən çox-çox uzaqlarda, hətta okeanların o tayında hərbi əməliyyatlar keçirir, özünə hərbi mövcudluq üçün şərait yaratmaq istəyir.
Vaxtilə özü də hərbçi olan və general rütbəsi daşıyan mərhum ümummilli lider Heydər Əliyev ordunun əhəmiyyəti ilə bağlı müdrik kəlamlar dilə gətirib:
“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq”.
Bəli, lap əvvəldən biz ordumuzu prinisipial olaraq onu müdafiə ordusu kimi qurmaq, gücləndirmək, sərhədlərimizin, ərazi bütövlüyümüzün keşikçisi etmək fikrində olmuşuq.
Təəssüf ki, biz hələ dövlət müstəqilliyimizi qurmamış müharibəyə cəlb olunmuşduq, qanlı müharibəyə ordusuz, hərbi birləşmələrsiz, bir növ əliyalın və hazırlıqsız girmişdik.
Müharibə apara-apara ordu qurmağın çətinliyni sözlə ifadə etmək mümkünsüzdür. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən sürətlə və bacarıqla gələ bilmədilər. Prezident Mütəllibovun dövründə qızıldan qiymətli aylar boşa xərcləndi, ordu quruculuğu ləngidiildi, Elçibəyin vaxtında isə müxtəlif hərbi dəstələr, könüllü batalyonlar yaransa da, onlar ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu, vahid komandanlıq yox idi. Nizami ordu formalaşdırmaq uzun zaman, hərtərəfli hazırlıq tələb edirdi. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü genişlənirdi. Məkrli düşmənin ölkəmizə qarşı uzun illər gizli-gizli yeritdiyi düşmənçilik və qəsbkarlıq siyasətinə uyğun olaraq, əl altından hazırlıqlara başlamış, lazımi qədər silah-sursat toplamış, məqsədyönlü şəkildə hərbçi kadrlar yetişdirmiş, maddi-texniki baza qura-qura, hərəkətə keçmək üçün əlverişli fürsət gözləmişdi.
Onlar özləri üçün əlverişli fürsəti yaxalayanda biz naqolay durumda qalmışdıq. Düşmənin arxası, himayədarları da güclüydü, biz həm əliyalın, həm də havadarsız idik. Bununla belə, şücaətli vətəndaşlarımız, igid gənclərimiz sayəsində, sovet-rus ordusunda qısamüddətli hərbi təlim keçmiş qoçaq oğlanların hesabına düşmənə uzun müddət müqavimət göstərə bildik. 1988-ci ildən başlayan I Qarabağ müharibəsi 1994-cü ildə ermənilərin ərazi üstünlüyü, müvəqqəti qələbəsi ilə başa çatsa da, əmin idik ki, döyüşkən ordu quracaq və bir gün revanş hərəkatına başlayacağıq.
O gün gəldi və biz 6 ilə kənd-kənd, dərə-dərə, təpə-təpə itirdiyimiz əraziləri 44 günün içində, düşməni palçığa təpə-təpə geri aldıq. O zaman düşmən də, Qafqaz regionu ilə maraqlanan digər dövlətlər də güclü ordunun nə demək olduğunu, əsl zəfər yürüşünün necə başlayıb-bitdiyini gördülər.
Milli ordumuzun inkişaf tarixi söz yox ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə respublikanın rəhbəri təyin edilən Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı.
1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması H.Əliyevin şəxsi təşəbbüsü və məqsədyönlü fəaliyyəti ilə mümkün olmuşdu. Bu məktəbdə yüzlərcə hərb sənətinə könül vermiş vətənpərvər gənc zabit yetişdirilmişdi. Elə 1994-cü ildən sonra, Ermənistanla Azərbaycan arasında imzalanmış atəşkəs sazişinin yaratdığı “nəfəsdərmə” mərhələsində də məhz bu hərbi məktəb yeni hərbi kadrların yetişdirilməsində mühüm rol oynadı.
Daha sonra Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyırdı. Prezidenti 20 avqust 2001-ci il tarixli fərmanı ilə hərbçi kadrların hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
İndi ordumuz güclüdür, müzəffərdir, hər birimizin qürur yerinə çevrilib.
Hazırda biz 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü alın açıqlığı ilə qeyd edirik. Mərhum prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.
Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan ordusu sırf sovet ordusuna xas hərbi avadanlıqlarla təlim keçirdi, hətta mili ordumuzda sovet ordusun məxsus nizam-intizam və davranış qaydaları mövcud idi. Ancaq bu köhnəlmişdi, NATO-nun hərbi sisteminə uyğunlaşmaq lazım gəlirdi.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığa başladı. Bəzi geostrateji səbəblərdən bunu anons edə-edə , göstərə-göstərə etmək mümkün deyildi, amma ordu quruculuğu prosesində NATO standartlarının tətbiqi prosesi gedirdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına daxil oldu. Daha sonra ölkəmiz bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı”na qoşuldu. Bir ilin içində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak etdi. Bu, təkcə ən son hərbi yenilikləri mənimsəmək demək deyildi, həm də təcrübə toplamaq baxımından faydalıydı. Azərbaycan hərbçiləri beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovada, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanaraq vətənə döndülər və bildiklərini vətəndəki hərbçi yoldaşları bölüşdülər. Bu minvalla öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan ordusu tədricən modern orduya çevrildi.
Ulu Öndər Heydər Əliyev ordu haqqında xeyli ibrətamiz kəlamlar da söyləyib: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”; “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”; “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”; “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir”; “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”; “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur” və s.
Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyevin hakimiyyəti dövründə isə ordumuz daha qüdrətli və müzəffər ordu oldu. Prezident İ.Əliyev bu barədə danışarkən belə deyib: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.
Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer alır.
Bu ordunun gücü, yuxarıda dediyimiz kimi, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı qələbə ilə bir daha sübut olundu. Tarixi nailiyyətə imza atan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmən elə bir vəziyyətə salındı ki, aktiv hərbi əməliyyatlar dayandıralandan sonra vaxtilə işğal etdiyi rayonları da qaytarmağa məcbur oldu. 2020-ci ilin noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Günü bu gün də düşmən Qarabağda, Ermənistanla sərhəddə igid hərbçilərimizin nəfəsini hiss edir, onun gücünün qarşısında özünün nə dərəcədə iqtidarsız olduğunu anlayır. Yoxsa onlar bir az güclü olsalar, gecə-gündüz alışıb-yandıqları revanş hissi ilə irəli atılar, yeni savaşa girişmək istəyərdilər.
Prezident İlham Əliyev hər dəfə yenidən fəallaşmaq istəyən, sərhədə hərbi qüvvə toplamağa çalışan, nəsə bir təxribat törətməyə cəhd edən ermənilərə üz tutaraq “dəmir yumruğ”un yerində olduğunu deyir, xəbərdarlıq edir. Düşmən anlamayanda, o “yumruq” qısa müddətdə qalxıb-enir, ondan sanra özlərinə gəlir, üzlərini dünya dövlətlərinə tutaraq ağlaşmağa başlayırlar. :
Prezident İlham Əliyev ordumuz haqqında danışarkən qiymətli fikirlər səsləndirib: “Ordu quruculuğu bizim üçün prioritet məsələdir”; “Bizim ordumuz bizim qürurumuzdur”; “Güclü dövlətin güclü ordusu olmalıdır”; “Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”;
Yaşasın düşmən önündə sipər, çəpər olan təpərli Azərbaycan ordusu, müzəffər əsgərlər, qəhrəman zabitlər!
Musavat.com