Kuraxiv istiqamətində vəziyyət ağırdır. Yəqin Rusiya lideri Vladimir Putin Ukraynanın böyük şəhərlərindən birinə hücum etmək fikrinə gəlib. Bunu Ukrayna ordusunun briqada zabiti Sergey Tsexotski deyib. “Düşmənin bu istiqamətdəki planlarını anlayırıq, buradan Zaporojeyə doğru irəliləmək istəyirlər. Ola bilsin, Putinin gələcək danışıqlarda daha çox kozır əldə etmək üçün Zaporoje istiqamətində hücum əməliyyatlarına başlamaq barədə çılğın fikri var”, - ukraynalı zabit bildirib. Tsexotski Pokrovsk və Selidovo istiqamətlərində də vəziyyətin gərgin olduğunu açıqlayıb.
Şimali Koreya qoşunlarının Ukraynada olmasına dair çoxsaylı sübutlar üzə çıxsa da, Qərb liderlərinin reaksiyası kifayət qədər yumşaqdır. Bunu alman analitik Niko Lanq deyib. “Hazırda əsas Avropa dövlətlərinin birgə strategiya hazırlamaq üçün birləşdiyini görmürəm. Biz Ukraynada nəyə nail olmaq istəyirik? Rusiya və havadarları ilə necə davranacağıq? Buna birlikdə necə nail ola bilərik? Bizə lazım olan budur”, - analitik qeyd edib.
NATO-dan DW-yə bildirilib ki, alyans məsələ ilə bağlı fəal məsləhətləşmələr aparır.
Həmçinin alman deputat Roderix Kizevetterin fikrincə, Avropanın Şimali Koreya qoşunlarının yerləşdirilməsinə reaksiya verməməsi ölümcül etinasızlıqdır.
O qeyd edib ki, güc yolu ilə birgə və qətiyyətli cavab mütləq lazımdır, bir çox Avropa ölkələri bunu çoxdan istəyir.
Şimali Koreyanın Rusiyaya ümumilikdə 11 minlik canlı qüvvə göndərdiyi bildirilir. Artıq Rusiya Prezidenti Vladimir Putin Koreya hərbçilərinin Ukraynaya qarşı döyüşdüyünü təsdiqləyib.
Bu və gündəmdəki bir çox xəbərləri siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.