Çayxanada domino oyununa qoşulmaq istəyən şəxs uşaqlıq dostunu BIÇAQLADI

Saatlı rayonunda 1986-cı il təvəllüdlü Baloğlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi və uşaqlıqdan dostu olan Rəvanı bıçaqlayıb.

Demokrat.az-ın məlumatına görə, hadisə 2023-cü il aprelin 18-də Saatlı rayonu, Əlisoltanlı kəndində baş verib.

Baloğlan həmin gün saat 20:00 radələrində çayxanada orta dərəcədə sərxoş vəziyyətdə olub və Rəvanın oynadığı domino oyununa qoşulmaq istədikdə, Rəvanın buna etiraz etməsi və nalayiq ifadələr işlətməsi nəticəsində aralarında mübahisə yaranıb. Rəvan "durub səni vuracam" deyərək ayağa qalxıb, onu vurmağa cəhd edib.

Mübahisəyə görə qisas almaq niyyəti ilə Baloğlan çayxanadan çıxdıqdan sonra 15 metr aralıda yaşadığı ev istiqamətində gedən Rəvana yaxınlaşıb və çayxanadan götürdüyü bıçaqla ona 6 dəfə zərbə endirib.

Hadisəni törədən Baloğlan Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Baloğlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Rəvan ilə əvvəldən şəxsi münasibətləri yaxşı olub və dostluq ediblər:

"Rəvanı öldürmək məqsədim, eləcə də ona bir neçə bıçaq vurmaq məqsədim olmayıb. Hadisə 18 aprel 2023-cü il tarixdə axşam saatlarında kənd ərazisində baş verib. Rəvanı bıçaqlamağımın səbəbi onun məni söyməsi və təhqir etməsidir".

Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olduğunu bildirib:

"Rəvanı yaşadığımız kəndin ərazisində körpü tərəfdə vurmuşam. Hadisə təxminən saat 23:00 radələrində olub. O vaxt Rəvan tək olub və ətrafda heç kim olmayıb. Rəvanı qoltuq nahiyəsindən vurmuşam. Arxadan yaxınlaşıb çağırdım, Rəvan mənə tərəf dönəndə onu vurmuşam. Bir bıçaq vurmuşam, sonra isə Rəvanın məni vurmaq istəyəcəyini düşündüyüm üçün özümü müdafiə etmək məqsədilə onu yenidən vurmuşam. Hadisə zamanı Rəvanın əlində heç bir alət olmayıb. Rəvan məni söyərək təhqir edib. Hazırda Rəvanla münasibətimiz əvvəlki kimi yaxşıdır, barışmışam və ona maddi köməklik etmişəm".

Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olduğunu, onların maddi, mənəvi və psixoloji vəziyyətini, zərərçəkmiş şəxs ilə barışmasını, maddi yardım göstərməsini, əməlindən peşman olduğunu, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bildiyini və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəvan hadisənin 18 aprel 2023-cü ildə, axşam saat 22:00 radələrində baş verdiyini bildirib:

"Səhər çayxanaya girəndə Baloğlan məni domino oynamağa çağırdı. Baloğlanla həmişə zarafat edirdik, amma həmin vaxt fikirli idim. Baloğlan mənimlə zarafat etmək istəyib, mən isə onun zarafatını dayandırmasını bildirdim. Baloğlan gödəkcəmdən dartaraq "gəl domino oynayaq" dedi. Mən də ona zarafat etməməyi, domino oynamamağı bildirdim və çay içmək üçün yan tərəfdəki stolda oturdum. Sonra çayxanadan çıxdım, Baloğlan da eyni vaxtda çıxdı".

Zərərçəkmiş qeyd edib ki, həmin gün axşam çayxanaya qayıdıb:

"Məndən sonra Baloğlan da çayxanaya gəldi, amma sərxoş vəziyyətdə idi. Təxminən saat 21:00 radələrində Baloğlanla mübahisə etdik. O, domino oynayarkən əlimdəki daşları qabaqcadan bildirdi. Mən ona oturmasını, belə hərəkət etməməsini söylədim. Domino oyunu dağıldı və mübahisə oldu. Mübahisə zamanı Baloğlanı mən söymədim. Mübahisə edərkən ona "dursam səni vuraram" demişəm. Baloğlan əvvəllər Bakı şəhərində şadlıq sarayında işləyib, onu mən aparmışam. Mən vurmaq üçün durmaq istəmişəm, amma məni qoymayıblar, sonra oturmuşam. Domino dağıldıqdan sonra çayxana bağlandı, hamı getdi. Mən körpüdə qalaraq siqaret çəkirdim. Yerimdən tərpənmək istəyərkən Baloğlanın gəldiyini gördüm. Onun yanına yaxınlaşdım, o isə mənə bıçaqla vurdu. Baloğlan məni tez-tez vurdu, sonra isə məni itələyərək suya atdı. O, sudan çıxanda məni öldürə bilərdi, amma heç nə etmədi və getdi. Mən yeriyərək evimə getdim. Baloğlan mənə yaxınlaşan zaman qaranlıq olduğundan əlində bıçaq görməmişdim".

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Baloğlan 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.

Şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.

15.08.2024 02:29
876