Çauşeskunu qəzəbləndirən, Brejnevi narahat edən “Diplom işi” – Andropovun rəhbərlik etdiyi əməliyyat...

1950-ci illərdən sonra SSRİ-dən xaricə, xüsusilə də sosialist blokunda olan ölkələrə ayrı-ayrı sahələr üzrə mütəxəssislərin göndərilməsi əvvəlki illərə nisbətən daha geniş vüsət alıb. Çoxları dövlət xətti ilə xarici ölkələrdə işləməyə can atıb, siyahıya düşmək üçün bütün mümkün variantlardan istifadə edib.

Onlardan biri də Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişinin yaxın qohumu İqor Noskoviç olub. Noskoviç öz arzusunu reallaşdırmaq üçün çox da çətinliyə düşməyib. Siyasi Büronun üzvü Qrişinin bir zəngi ilə 1980-ci ilin noyabrında Noskoviç Moskva şəhər Komsomol Komitəsinin təqdimatı ilə əlvan metallurgiya sahəsinin mütəxəssisi kimi Rumıniyaya göndərilib.

Qeyd edək ki, xarici ölkələrdə işləyən sovet vətəndaşlarının əmək haqqları SSRİ-dəki maaşlardan daha çox olub və onlar xüsusi güzəşt və imtiyazlara da malik olublar. Xaricə göndərilməzdən əvvəl mütəxəssislər həm SSRİ-də, həm də getdikləri ölkədə xüsusi xidmət orqanları tərəfindən yoxlanılıb. O cümlədən Noskoviç də bu yoxlamalardan keçib. Öz ölkəsində Noskoviçin bütün sənədləri və göstəriciləri qaydasında olub – texniki təhsil, fəal komsomolçu, Lixaçov adına Avtomobil Zavodunda (ZİL) zərbəçi sex rəisi və s. Bəli, bütün bunlar Noskoviçin SSRİ-dəki görünən tərəfləri olub. Birinci katibin yaxın qohumunun görünməyən tərəfləri isə Buxarestdə üzə çıxıb.

zavod.jpg (239 KB)

Noskoviçin təyinatı Rumıniyada əlvan metallurgiya sahəsinə yönəlib. Onun üzərinə yeni yataqların kəşfi və istismara verilməsi düşüb. Əvvəlcə Noskoviç Buxarestdə bir aylıq təlim-təcrübə keçib. Elə bu prosesdə 29 yaşlı komsomolçu əsl üzünü göstərməyə imkan tapıb. Təcrübə zamanı Noskoviç özünü hamıdan üstün tutaraq yerli mütəxəssislərə qarşı kobud davranıb, onlara əlvan metallurgiyanın incəliklərindən “dərs” demək fikrinə düşüb. Təcrübəli geoloqlar Noskoviçin əsassız, sübutsuz fikirlərini eşitdikcə təəccüblərini gizlətməyiblər. Təcrübənin dördüncü günündə isə Noskoviç bütün xətləri tapdalayaraq birbaşa təhqirə keçib:

- Rumıniya mənə SSRİ-nin hansısa bir böyük kəndini xatırladır. Siz hər dəqiqə, dönə-dönə bizə minnətdar olmalısınız. Ölkəniz bizim hesabımıza yaşayır. Rumıniyanın hər yerində biz varıq. Mənim peşəkarlığıma şübhə ilə yanaşmağınız isə sizə problem yaradacaq...

Həmin gün Noskoviç təcrübəyə sərxoş vəziyyətdə gəlib. Təlim mərkəzindən onu aparmaq üçün SSRİ-nin Rumıniyadakı səfirliyinə müraciət edilib. Sovet diplomatları Noskoviçi çətinliklə aparıblar. Elə həmin gün Noskoviçin əməlləri ilə bağlı xüsusi xidmət orqanlarına da məlumat verilib. Bununla yanaşı, Əlvan Metallurgiya Birliyinin rəhbərliyi Rumıniya Kommunist Partiyasının baş katibi Nikolae Çauşeskuya məktub ünvanlayıb. Məktubda aşağıdakı cümlələr də öz əksini tapıb:

“...Metallurgiya sahəsi haqqında ibtidai anlayışı olmayan İqor Noskoviçi qiymətli metal yataqlarının ərazisinə buraxmaq yolverilməzdir. Bir neçə gün ərzində onun fəaliyyətindəki şübhəli məqamlar, siyasi hoqqabazlığı, gün ərzində sərxoş olmağı əsas verir ki, xüsusi xidmət orqanları İqor Noskoviçlə bağlı ciddi araşdırmalar aparsın...”

Beləliklə, həm partiya xətti, həm də xüsusi xidmət orqanları tərəfindən Noskoviçlə bağlı araşdırmalar başlanılıb. Məlum olub ki, sovet komsomolçusunun heç ali təhsili də yoxdur. Təqdim etdiyi diplom saxtadır. Bu və digər faktlar üzə çıxdıqdan sonra Rumıniya Xarici İşlər Nazirliyi SSRİ-nin Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb:

“...Sovet təhsil sisteminin keyfiyyəti bütün dünyaya məlumdur. SSRİ-dən xarici ölkələrdə, o cümlədən Rumıniyada işləyən mütəxəssislər xalq təsərrüfatının inkişafına böyük töhfələr verirlər. Amma təəssüflə qeyd edirik ki, həmin “mütəxəsisslər” arasında saxta diplom gəzdirənlər də var. Ümid edirik ki, tərəfinizdən bu məsələ diqqətlə araşdırılacaq və müvafiq qərar qəbul ediləcək...”

diplomm.jpg (135 KB)

Məktub SSRİ Xarici İşlər Nazirliyindən Dövlət Təhlükəsizlik Komitəsinə göndərilib. Araşdırmalara şəxsən Yuri Andropov nəzarət edib. DTK sədrinə Noskoviçin Qrişinə yaxın olması haqqında məlumat verilib, həmçinin onun Rumıniyaya göndərilməsində birinci katibin rolu da xüsusi vurğulanıb. Bu hadisə onsuz da münasibətləri “sərin” olan Andropovla Qrişin arasında növbəti gərginlik yaradıb. DTK sədri telefonda birinci katibə ciddi irad tutub:

- Viktor Vasilyeviç, kiməsə himayədarlıq edəndə heç olmasa onun keçmişinə də bir nəzər salın. Rumıniyaya göndərdiyiniz o şəxsin adı Rumıniya prezidentinin masasının üstündədir. Belə hadisələr ölkəmizin siyasi imicinə ciddi zərbədir.

Noskoviç dərhal Rumıniyadan geri çağırılıb. 5-10 dəqiqəlik sorğu-sualdan sonra o, diplomu kimdən aldığını bütün təfərrüatlarına qədər DTK əməkdaşlarına danışıb. DTK-da növbəti cinayət işi açılıb, “Diplom işi” adı altında keçirilən əməliyyata Yuri Andropov rəhbərlik edib. Məlum olub ki, saxta diplomu Noskoviçə Moskva şəhər sakini, paytaxtın Tmiryazev küçəsində yaşayan Oleq Matveyev satıb. Moskva Metallurgiya İnstitutunun diplomu Noskoviçə 4 min rubla başa gəlib. O, bu təhsil ocağının qiyabi şöbəsini “bitirib”.

diplom 1.jpg (190 KB)

İstintaq zamanı Matveyevin Rublyovka şossesindəki bağ evindən ayrı-ayrı ali təhsil ocaqları üçün hazırlanmış 48 “təmiz” diplom aşkar edilib. Axtarış zamaı bağ evindən 78 min rubl, 60 min rubl dəyərində zinət əşyaları da tapılıb. Məlum olub ki, ixtisaslı poliqraf olan Matveyev cəmi iki il ərzində 138 nəfərə diplom satıb. O da məlum olub ki, Matveyev bağ qonşusu və həm də diplom müştərisi Olqa Smirnovaya mübahisə zamanı ağır bədən xəsarəti yetirib. Dörd ay davam edən istintaqdan sonra Matveyevin məhkəməsi başlanıb. Məhkəmə zamanı o, bütün əməllərini etiraf edib. Məhkəmənin hökmü ilə Matveyev bir neçə maddə ilə ittiham olunaraq 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

brej.jpg (81 KB)

Məhkəmədən sonra Andropov “Diplom işi”nin yekunları ilə bağlı Leonid Brejnevə məruzə edib. Baş katib məruzəni dinlədikdən sonra fikir bildirib:

“Çauşesku bu məsələdə siyasi motiv axtarırdı. Yəqin indi sakitləşər...”

Çauşeskunun isə Noskoviçin əməllərinə reaksiyası belə olub:

“Noskoviçin Rumıniyanın SSRİ-dən asılı vəziyyətdə olması ilə bağlı fikirləri onun şəxsi fikirləri deyil. Bu fikirlər sovet ideologiyasının məhsuludur...”

İlham Cəmiloğlu,
Musavat.com

13.06.2023 13:49
2692