Castin Trüdo Viktor Orbandan geri qalmaq istəmir - SƏBƏB

"Donald Trampı prezident seçilməsi münasibətilə təbrik edənlərlə yanaşı, onunla birgə əməkdaşlığın planlarını indidən quranlar var".

Bu sözləri Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, Trampın Avropadakı əsas dostu və tərəfdaşı Macarıstanın baş naziri Viktor Orbandır:

"O, hələ ABŞ-da seçki kampaniyasının yeni başladığı aylarda Trampa dəstək verdiyini açıq səsləndirdi. Avropa liderləri Orbanın tələsik və riskli qərar verdiklərini düşünürdülər. Misal üçün, Kamala Harris ABŞ prezidenti seçilsəydi, onun Orbana münasibəti mənfi olacaqdı. Ancaq bu amil Orbanı qorxutmadı. Tramp Orbanı Amerikaya dəvət edərək onunla görüşdü. İndi Viktor Orban uduşlu vəziyyətdədir.

Kanadanın baş naziri Castin Trüdo da Viktor Orbandan geri qalmaq istəmir. Trüdo Trampla telefon söhbətində onu təbrik edərkən birgə çalışmaqdan məmnun olacağını bildirib. İki lider Kanada ilə ABŞ arasında təhlükəsizlik və ticarət mövzularını müzakirə ediblər. Donald Tramp 10 dəqiqəlik telefon söhbətində daha çox ticarət mövzularına maraq göstərib. Çünki Tramp iki qonşusu – Kanada və Meksika ilə ədalətli ticarətin tərəfdarıdır. Donald Trampın birinci prezidentlik dönəmində üç ölkə arasında ticarət sazişi imzalanmışdı. İki lider yaxın zamanda görüşə biləcəklərini bildiriblər. Görüş tarixini onların müşavirləri müəyyənləşdirəcək.

Donald Tramp Castin Trüdo ilə telefon söhbətində Kanadanın Çin avtomobillərinə, polad və alüminiuma qarşı tətbiq etdiyi tariflərlə maraqlanıb. Çinlə ticarət Trampı ən çox maraqlandıran mövzulardandır. Bu telefon danışığından sonra Kanadanın baş nazirinin müavini Kristia Friland bildirib ki, Trampın Çinlə ticarətə sərt yanaşmasını dəstəkləyirlər. Baş nazirin müavini Trampın Çinlə ticarətlə bağlı narahatlığını bölüşdüklərini vurğulayıb".

Elxan Şahinoğlu Kanada hökumətinin "TikTok"un yerli bölməsi olan "TikTok Technology Canada"nın fəaliyyətinə qadağa qoymaq niyyətinə də diqqət çəkib:

"Kanadanın elm və sənaye naziri Fransua-Filipp Şampan bildirib ki, Çin nəhəngi "TikTok Technology Canada"nın fəaliyyəti ölkənin təhlükəsizliyi üçün risklər yaradır. Şirkətin Toronto və Vankuverdəki ofisləri bağlanacaq. Nazir Kanada vətəndaşlarına kibertəhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələrinin vacibliyini bildirib".

Xalidə Gəray
Musavat.com

09.11.2024 13:54
538