Cari seçkinin səs-küyü el-aləmə car olan dairəsi -

 

Peşəkar mediada və sosial şəbəkələrdə yer alan çoxsaylı yazılara, paylaşımlara diqqət edəndə adama elə gəlir ki, parlament seçkisi yalnız bir dairədə keçirilir.

Hamı nəyə görəsə məhz bir dairəyə fokuslanıb. Xüsusilə də son günlərdə bu dairədən namizədliyi irəli sürülənlərin lehinə və əleyhinə minlərlə yazı, qeyd, şəkil, skrin-şot, kollaj və s, təbliğat və antitəbliğat materialları yayıldı.

Bunun nəyə görə belə olmasının dərin səbəbləri və uzun polemkanın mövzusudur. Həm də söhbət bunda deyil.

Söhbət insanların belə asanlıqla və belə kütləviliklə cəbhləşməsindən gedir. Füzulidə, Qazaxda, Xaçmazda, Cəlilabadda yaşayan ictimai-siyasi fəallar belə sosial şəbəkə vasitəsilə Neftçaladakı dairənin namizədləri arasında tərəf tutur, təbliğat kampaniyasına qatılırdılar.

Ölkənin müxtəlif rayonlarında yaşayan və ayrı-ayrı seçki dairələrində qeydiyyatda olan şəxslər gedib Neftçalada aparılan seçkiqabağı təbliğat kampaniyasında iştirak edirdilər.

Bu ona görə beləydi ki, mübarizə “iqtidarın namizədi” ilə “müxalifətin namizədi” arasında gedirdi və fəalların cəbhələşməsi bu üzdən idi.

Ancaq “iqtidarın namizədi” kimi adı çəkilən şəxs heç də iqtidar komandasının namizədi deyil. Elə olsaydı, həmin namizəd seçici səsi toplamaq üçün bunca ağır, zəhmətli təbliğat kampaniyası aparmazdı, başqa iqtidar namizədləri kimi sadə görüşlər keçirib işini bitirərdi. O, olsa-olsa, iqtidar komandasının parlament üzvü seçilməsinə prinsipial etiraz etmədiyi namizəddir.

Digər namizədin “müxalifətçi namizəd” kimi təqdim edilməsi də absurddur. Bu ilk baxışdan belə görünür. Amma o, ən çoxu müxalifət düşərgəsindəki bir cəbhənin hansısa qanadının, dar bir qrupun namizədidir və seçiləcəyi təqdirdə heç də bütün müxalifət düşərgəsinin “yüksələn səsi” olmayacaq.

Onların ikisi də ictimai-siyasi fəaldır. Biri milli-vətənpərvər platformada uzun illər fəaliyyət göstərmiş şəxsdir. O biri əsasən demokratiya və insan haqları müstəfisindəki fəallığı ilə tanınır.

Ayrıca 44 günlük müharibədə bu şəxslərin tutduğu mövqeyə dair faktlar var və onları yenidən tirajlamağa ehtiyac yoxdur.

Yenə də söhbət cəbhələşmənin anormallığından gedir və bu mərəz 30 ildir bizi təqib edir.

Biz insanların, siyasi iddia nümayiş etdirən şəxslərin keçmişinə, xidmətlərinə, dünyagörüşünə, ziyalılığına, insani keyfiyyətlərinə, mənəviyyatına, hətta əxlaqına qiymət vermirik, hazırkı anda kimin, hansı düşərgənin adamı olmasına baxırıq.

Məsələn, 30 il boyunca müxalifət fəalı olaraq mübarizə meydanlarında can qoymuş, siyasi motivlərlə həbsdə yatmış, döyülüb-söyülmüş, uzun illər işsiz qalmış, mərhumiyyətlər yaşamış biri iqtidar komandasından dəstək alaraq deputat seçilsə, öz cəbhədaşları avtomatik olaraq onu xain elan edəcəklər.

Eyni zamanda uzun illər yüksək mənsəblər tutmuş, dövlət büdcəsinin talanmasında, xalqın cibinin soyulmasında can-başla iştirak etmiş, milyonlar toplamış, hətta siyasi rəqiblərinə qarşı təqib-təzyiqləri dəstəkləmiş biri qapı dalında qoyulduqdan sonra müxalifət düşərgəsinə yaxınlaşarsa, avtomatik olaraq yeri başdan olacaq.

İndi bu nə deməkdir? Birinin 30 illik xidməti, zəhməti bir neçə günün içində qara qəpiklik oldu, o birinin 30 illik cinayəti, qəbahəti bir-iki günün içində bağışlandı. Bu ədalətlidirmi?

Misallar istəyirsinizsə, 1995-ci ildə dövlətin ikinci adamı olan Rəsul Quliyevin 1998-ci ildə müxalifətin de-fakto liderinə çevrilməsindən başlayaraq, bu günlərə qədər gələk. Axırıncı dəfə bu haqq-hesab bir zamanların ən odioz naziri olan, barəsindəki tənqidi, ittihamedici yazılar qəzet səhifələrini bəzəyən Əli İnsanovun uzun çəkən həbs həyatından çıxar-çıxmaz müxalifətin masasının başında oturması zamanı oldu. Sadəcə, nələrsə Ə.İnsanovu qane etmədi, ona görə də bu “dostluq büsatı” davamlı olmadı.

Mərhum yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun 2012-ci ildə müxalifətin prezidentliyə namizəd olması hamınızın yadında olar. Uzun illər müxalifətə yaxın gəlməmiş, iqtidar düşərgəsi ilə oturub-durmuş, orden-medallar almış, özünə biznes qurmuş şəxs bir neçə həftənin içində müxalifətin liderinə, namizədinə çevrildi. Hətta ortaya “ya İbrahimbəyov, ya da İbrahimbəyov” kimi siyasi əlacsızlığın tablosu demək olan axmaq bir şüar atıldı.

Bu baxımdan indi kiminsə ətrafında birləşərək onu “müxalifətin namizədi” elan etməyin yeri yoxdur. Bu cür kütləvi fokuslanmanın, ümid bəsləməyin sonu yüz dəfə məyusluqla bitib.

İnsanların xidmətlərinə, düşüncələrinə, xalqa münasibətlərinə baxmaq lazımdır. İqtidar düşərgəsinə aid olan elə deputatlar olub ki, xalqa xidmətləri 100 il sonra da deyiləcək, yazılacaq. Eyni zamanda müxalifətçi deputat olaraq öz cəbhədaşlarına xəyanət edənlər də olub.

Ona görə də gərək gerçəklik hissini itirməyək, qızışmış siyasi ehtiraslara qapılmayaq və hesab etməyək ki, demokratiyanın taleyi o dairədə həll olunur.

Seçki həmin seçkidir, sadəcə, kağız-kuğuz işləri bir az artıb.

 

31.08.2024 11:50
2788