Biz də uzun illər bunlardan – buşlardan, baydenlərdən, mişellərdən, cürbəcür, misterlərdən, müsyölərdən, fonlardan, panlardan ədalət gözləmişik.
Hesab etmişik ki, onlar Azərbaycan həqiqətlərini bilmirlər, informasiya blokadasını yarsaq, başımıza gələn faciələri, üzləşdiyimiz haqsızlıqları onlara anlatsaq, lehimizə ədalətli qərarlar qəbul edər, tərəfimizi tutar, aqressoru yerində oturdarlar.
Onlarda isə “Jastice”-nin (ingiliscədə - “ədalət”) J-si belə yxmuş.
Budur, bütün günü dünyada haqq-ədalətdən, aqressorun cilovlanmasından danışan, Rusiyanı Ukraynada dinc əhaliyə qarşı hərbi cinayət törətməkdə suçlayan ABŞ prezidenti Co Bayden Qəzza sektorunda xəstəxananın vurulmasından sonra İsrailə uçur və bəyan edir ki, ABŞ həmişə İsrailin yanındadır.
Prinsipcə, o, bombardmandan zərər çəkən mülki insanların yanında olmalıydı və İsrail dövlətinin rəhbərlərindən hərbi əməliyyatlar apararkən mülki əhalini hədəf almamağı tələb (heç olmasa xahiş) etməliydi. Ancaq dünya hegemonluğuna iddia edən dövlətin başçısı oktyabrın 8-dən etibarən hücumda olan və ağına-bozuna baxmadan, terrorçuları uşaqlara, qocaları qadınlara qatıb qıran İsrailin tərəfindədir, onun əməliyyatlarına haqq qazandırır – gah xəstəxanaya hücumu başqa bir komandanın təşkil etdiyini deyir, gah da xəstəxanada ölənlərin sayının 500 yox, qat-qat az olduğunu bildirir.
Guya ki, xəstəxanada ölənlərin sayı 500 yox, 50 olanda buna tablaşmaq, üstündən keçmək olar.
(Bu da ayrı mövzudur ki, müharibə aparan tərəflər həlak olan hərbçilərinin sayını həmişə azaldır, ölən mülki əhalinin sayını çoxaldaraq, beynəlxalq ictimai rəydə yanlış qənaətlər yaratmaq istəyir, insanların hissləri ilə oynayırlar. Sonra “yalançının evi yanır” və heç kim inanmır).
Belə çıxır ki, əgər iki ölkə vuruşursa, onlardan biri sənin müttəfiqindirsə, o, hərbi cinayət törətsə də, göz yumacaq, müdafiəsinə qalxacaqsan, ancaq müttəfiqinin düşməni “müharibə qaydaları”nı bir balaca pozsa, hətta pozmasa da, beynəlxalq tribunal yaradılmasını tələb edəcəksən? Bəs ədalət harada qaldı?
Bunun belə olduğunu biz öz təcrübəmizdə də gördük. Keçən ayın bu günü Xankəndi ətrafında müdafiə zolağı qurmuş, böyük silah arsenalı toplamış erməni separatçılarına qarşı anti-terror əməliyyatı keçiriləndən sonra Ermənistan dövləti tərəfindən təşkil edilərək Qarabağdan köçürülən ermənilərə görə BMT də, Avropanın digər nüfuzlu üstqurum təşkilatları da, Qərb dövlətləri də görünməmiş mütəşəkkilliklə həyəcanlandılar, erməniləri müdafiə, Azərbaycanı ittiham edən bəyanatlar yaydılar. Köçkünlərə yardım bəyanatları Avropa mediasını başına götürdü, “deportasiya”, “etnik təmizləmə”, “genosid” iddiaları selləndi, getdi.
Bundan on qat çox azərbaycanlı vaxtilə Ermənistandan, eləcə də Qarabağdakı ev-eşiklərindən zorakılıqla, qırğınlarla, yanğınlarla qovulanda isə bir Avropa dövlətindən bir bəyanat səslənməmişdi.
Halbuki sentyabrın 22-də başlanan və 1 həftə davam edən erməni köçü zamanı Azərbaycanı təmsil edən nə bir hərbçi, nə də bir mülki şəxs onlara “köçün, gedin buradan, biz sizinlə birlikdə yaşaya bilmərik” deməmişdi, bir adamı təhqir etməmişdi, heç kəsə zərər yetirməmişdi. Əksinə, sual “niyə gedirsiniz” idi və bundan bir gün öncə dövlət başçısı, onun köməkçiləri Qarabağın erməni əhalisinin təhlükəsizliyinə tam təminat verildiyini bəyan etmiş, reinteqrasiya prosesinin başlandığını bildirmişdilər.
İndi Avropa İttifaqı yeni bir bəyanat yayaraq, bu dəfə də hərbi canilər arasında ayrı-seçkilik qoyduğunu göstərir. Aİ-nin Azərbaycana yönəlik son bəyanatı belədir ki, “etimadın gücləndirilməsi tədbiri olaraq Brüssel Azərbaycanın bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya elan etməsini gözləyir”.
Niyə? Erməni olanda nə olar, onlar hərbi cani deyillərmi? Ermənilər boşnak, xorvat və alban xalqınının minlərlə oğul-qızını qırıb-çatan serb hərbi canilərindən artıqdırlar, ya əskikdirlər? Necə olur, serb caniləri – başda eks-prezident Miloşeviç generallar Karaciç. Mladiç olmaqla Haaqa məhkəməsinə mühakimə edə, ömürlük həbs cəzası kəsə və amnistiya vermədən içəridə saxlaya bilirsiniz, amma eyni cinayətləri törətmiş erməni canilərə hələ saxlanmalarının 1 ayı tamam olmamış amnistiya istəyirsiniz?
Bəs başqa vaxt “bəşəriyyətə qarşı törədilmiş cinayətlərin köhnəlmə müddəti, bağışlanma presedenti yoxdur” deyirdiniz, indi nə oldu? Sonuncu alman nasistləri 60 ildən sonra tapıb mühakimə edən Avropa və ABŞ-ın ermənilərin cinayətlərinə bu qədər dözümlü və mərhəmətli olmaları həm absurddur, həm də çox şübhəlidir.
Hələ ortada müstəqilliyə dair referendum keçirməkdən, məxməri separatizm hərəkatı başlatmazdan başqa heç biri suçu olmayan katalıon liderlərin 9-12 il müddətinə azadlıqdan məhrum edilmə presedenti var və Avropa İttifaqı onlara amnistiya tələb etmir. Minlərlə dinc sakini işgəncə ilə öldürdən Qarabağ ermənilərinin liderlərinə amnistiya tətbiq edilməlidir.
Həmin ermənilərdən birinin – Vaqif Xaçatryanın məhkəməsi gedir, erməni separatçıların yerli əhaliyə qarşı törətdiyi cinayətlər bir-bir, həm də bütün dəhşətləri ilə sadalanır, görün, özlərinə qarşı elə bir şey olsaydı, bu cinayətləri törədənlərə amnistiya verərdilərmi? Mümkün deyil.
Bir sözlə, bizdən mərhəmət, ədalət tələb edənlər özləri həmişə haqsızın, ədalətsizin, mərhəmətsizin, zalımın yanında dururlar. Ona görə də onların hansısa xahişinin, tövsiyəsinin çürük qoz qədər dəyəri yoxdur.
Araz Altaylı, Musavat.com