Son zamanlarda sosial şəbəkələri ələ keçirən və insanları öz toruna salan böyük bir kütlə var. Biz deyək “falçılar”, siz deyin “cadugərlar”. Verdikləri xidmət isə hər kəsə bəllidir. Bəxtaçma, bəxt bağlama, gələcəyi görmə, tarot kartları açmaq bəhanəsi ilə “ovçu” ayağına gedən və cibləri boş qalan “ovlar”…
Bəs fal və falçılıq, sehr və cadugərlik nə dərəcədə doğrudur? Dinimizdə bu terminlər varmı? Varsa, haramdırmı? Ümumiyyətlə, bu bəladan necə qurtulmaq olar?
Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən ilahiyyatçı Rafiq Əliyev deyir ki, insanlar əsrlər boyu bu suallara cavab axtarır, bəziləri caduya inansa da, bəziləri inanmır. Cəmiyyət də, insanlıq da, bəşəriyyət də şər və xeyir qüvvələrdən ibarətdir. Şər qüvvələrin arxasında şeytan, xeyir qüvvələrin arxasında isə yaradan – Allah dayanır. Məsələ bundadır ki, şər qüvvələr var və onlarda güclü himayədarlarına arxayın olurlar. Yəni, onları da dəstəkləyənlər var.
Fala baxmaq adı ilə oğurluq etdilər
“Cadu məsələsinə gəldikdə isə, o, psixoloji təsir vasitəsidir. Biz bunun kimyəvi düsturun da bilirik. Məsələn, bir qab suya yaxşı sözlər deyirsən, digər qabdakı suya pis sözlər deyirsən, sonra onun tərkibini yoxlayanda görürük ki, yaxşı sözlər deyilmiş suyun tərkibi daha faydalıdır və onu içmək sağlamlığa xeyir gətirir. Pis sözlər deyilmiş suda mənfi sözlər olduğuna görə, həmin suyun tərkibi korlanır və insan sağlamlığına ziyan vurur. Bəziləri falçıların, cadugərlərin yanına gedib deyir ki, mənim xəstəliyim var, mənim falıma bax, xeyir tapım. Onlarda yaxşı duaları və sözləri suya oxuyub, həmin suyu xəstəliyi olan insana verirlər. Xəstə insanda isə daxili inam olduğu və suyun tərkibi həmin xoş dualar və sözlər ilə dəyişdiyi üçün, bu suyu içəndə müəyyən mənada şəfa tapırlar. Yəni, uzun sözün qısası burada psixoloji amil daha böyük rol oynayır, nəyinki fizioloji amil”.
R.Əliyevin fikrincə insanlar nəyəsə inanmaq istəyir, ona görə də deyilən sözləri həqiqət hesab edirlər. İnsan bir şeyə inanırsa, inam enerjiyə çevrilir, sən inama qarışırsan, dua edirsən, bütün bunlar kainata yayılır və kainatda olan qüvvələr (şər və ya xeyir), mələklər bizim arzularımızı yerinə yetirməyə çalışır. Biz nə istəyiriksə, onlar bunu bizə vermək üçün cəhd göstərirlər. Neqativ enerji veririksə, neqativ nəticə alırıq, pozitiv enerji veririksə, pozitiv nəticə alırıq. Bu nöqteyi nəzərdən falçılar da bu formada işləyirlər. İnsanları öz dediklərinə inandırırlar, daha sonra insan öz inamı üzərində işləyib falçının istədiyini öz istəyi və arzusu ilə həyata keçirir.
Kartla fala baxmaq olarmı?
“Vaxtı ilə Məhəmməd Peyğəmbərə də cadu ediblər. Həmin cadu haqqında materiallar var. Peyğəmbər həmişə insanlara buyurub ki, cadudan uzaq olun. Çünki cadu bəşəriyyətdə var və onun yoxluğunu iddia etmək düzgün deyil. Burada da şər qüvvələrin köməyindən istifadə edib insanlara pislik etmək məqsədi güdülür. İynələr, saplar, oxunan duaların hamısı insanlara müəyyən mənada psixoloji təsir göstərir. Cadugərlər də bu əşyalara pislik etmək istədikləri adamın adını səsli oxuyur, eyni zaman da onlara hansı pislikləri etmək istədiklərini də dilə gətirirlər. Bunların hamısı enerjiyə çevrilir və enerjiyə çevirilmiş istəklər də həmin insanlara təsir göstərir. Cadu və falçı məsələlərinə bəraət qazandırılmır, amma dinimizdə deyilir ki, şər qüvvələrin olduğunu bilin, onlarda uzaq olun”.
İlahiyyatçı deyir ki, sosial şəbəkələrdən müxtəlif cürə istifadə edirlər, o cümlədən də fal, cadu məsələlərinə görə istifadə edənlər də var. İnsanların inamı o qədər sarsılıb ki, onlar inamsızlıqdan, əlacsızlıqdan falçılara inanmağı daha üstün tuturlar. Çünki kimsə onlara müəyyən ümid verir, insanlar da daxili, mənəvi rahatlıq tapır. Problem isə burdadır. Bizim ideoloji, siyasi, mədəni və maarif durumumuz daha yaxşı olsa idi, cadugərlər və falçılar cəmiyyətdə özləri üçün ciddi bir meydan aça bilməzdilər. Məsələnin əsas kökü bunlardır. Mədəni, mənəvi rahatlığı evində, işində, ailəsində tapan insan heç vaxt falçının yanına getməz. Bunu insanlar istədikləri, olduqları yerdə, xüsusi ilə cəmiyyətdə bu rahatlıqları tapmadıqlarına görə bu yollara addım atırlar. İnsanlara inam və iman lazımdır. İmanı olmayan insanlar cinlərdən və şeytanlardan da pis olur. Dinimiz isə belə insanlar ilə yaxın olmağı insanlara məsləhət görmür. İman da fərdidir. Dində məcburiyyət də yoxdur. Odur ki, sosial şəbəkələr insanları yolundan çıxaran platformaya çevirilib.
Digər müsahibimiz ilahiyyatçı Ağa Hacıbəyli saytımıza açıqlaması zamanı bildirib ki, falçılıq, cadu terminlərinin İslamda ümumi adı sehrdir:
“Ən qədim tarixdən insanlar bu fəlakəti fərqli formalarda icra ediblər. Qurani-Kərim məsələyə sehr olaraq baxır. Bəli, sehr deyilən bir şey var. İnsan psixologiyasına, zehninə, qəlbinə, ruhuna fərqli şəkildə, telepatik olaraq təsir etmə qabiliyyəti olan insanlar var. Bu insanlar isə cəmiyyətdə çox nadir və azdılar. Bununla bağlı dərs almaq üçün xüsusi elmi mərkəzlər də yoxdur”.
İlahiyyatçı deyir ki, dinimizcə bu məsələ haram və yasaqdır. Qaynaqlarda Peyğəmbərimizə cadu edildiyi iddia edilsə də, ona sehr edə bilməyiblər. Buna təşəbbüs etsələr də, alınmayıb. Dəfələrlə ona müxtəlif şəkildə zərər vurmağa çalışıblar, amma hər həmlədə Allah öz Rəsulunu müdafiə edib, qoruyub və ümmətin də qorunma yollarını öyrədib. Falçılığın bu gün bir çox formaları yayılıb, ümid tacirləri də yayılan hər bir formadan yararlanıb, istifadə edir:
“Sosial medianın da ayaq açdığı dövr belə insanlar üçün böyük fürsət yaradır. Onlar da bir qrup insanları cəmiyyətin içərsində aldada biliblər. Bu falçıların ən böyük iddiaları gələcəkdən xəbər vermələridir. İnsanların da ən böyük arzusu gələcəkdə baş verəcək hadisələri öyrənmək istəmələridir. Bu ümid tacirləri belə insanlardan istifadə eləməyə çalışırlar. Bu isə batil inancdır, haramdır və doğru bir yol deyil. Biz bunu şiddətlə qınayırıq. Falçılıq göydən yerə endirilən bütün dəyərləri təkzib etmək mənasına gəlir. Tövsiyyəm odur ki, XXI-ci əsrdə insanlar belə saxtakar şəxslərin verdikləri vədlərə inanmasınlar”.