“Cabir 012”ni qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

2018-ci il noyabrın 17-də polisə 28 yaşlı Cabir Babayevin aldığı odlu silah yarasından 26 saylı birləşmiş şəhər xəstəxanasında ölməsi haqqında məlumat daxil olub. 

Hadisə Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 112 ünvanında baş verib. Səhəri gün Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, ev 19-da qeydiyyatda olan, daha əvvəl də məhkum olunmuş 26 yaşlı Ehtiram Şərifov şöbəyə gedərək cinayəti törətdiyini bildirib. 

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cabir Babayevin ölümünə sağ budun yumşaq toxumalarının və arteriyanın zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, 2011-ci ildə qətl hadisəsi törətdiyinə görə 8 il azadlıqdan məhrum edilən Ehtiram Şərifov 2018-ci il iyulun 27-də ailə üzvləri ilə görüşmək üçün evə buraxılıb və elə həmin gün yaşadığı evin yaxınlığında tanışı Hənifə Həsənov aralarında olan ədavətə görə Ehtiramın alın nahiyəsinə bıçaqla xəsarət yetirib. Həmin il, noyabrın 17-də cəza çəkdiyi müəssisədən yenidən evə buraxılan Ehtiram Hənifədən qisas almaq qərarına gəlib. 

2008-ci ildə vəfat edən əmisindən qalan, kustar üsulla lülələrini və qundağını kəsərək təyinatını dəyişdirdiyi, yaşadığı evin həyətindəki yardımçı tikilidə saxladığı silahı götürərək idarə etdiyi avtomobilə qoyub. Bibisinin evinə gedərkən Hənifənin küçədə Cabir Babayevlə söhbət etdiyini görüb. Niyyətini həyata keçirmək üçün maşını saxlayaraq oturacağın altından silahı götürüb. Onu görən Hənifə yaşadığı evin həyətinə, oradan isə evə girib. Ehtiram ailə üzvlərinin yanında Hənifəyə xəsarət yetirmək istəmədiyindən geri qayıdıb. Bu zaman Cabir Babayevin onun üzərinə gəldiyini görüb. Dəfələrlə ona qarşısından çəkilməsini deyib. Sözlərinə məhəl qoymayan Cabirə yaxın məsafədən bir dəfə atəş açaraq onu qətlə yetirib. İş üzrə dindirilən Ehtiram bildirib ki, törətdiyi əməldən qorxduğu üçün avtomobilini hadisə yerində qoyaraq oradan uzaqlaşıb. Heç kim görməsin deyə silahı sellofana büküb və taksi ilə “20 Yanvar” metrosunun yaxınlığına gedib. Yaxınları ilə əlaqə saxlayaraq öyrənib ki, Cabir aldığı xəsarətdən ölüb və polis onu axtarır. 

Tüfəngi və 2 ədəd patronu qardaşı Vüqara verərək polisə təqdim etməyi tapşırıb. Özü isə növbəti gün polis bölməsinə gedərək könüllü təslim olub. Məhkəmə iclasında Ehtiram Cabirin ölümünə görə çox peşman olduğunu bildirib. Özünü qəsdən adam öldürməkdə təqsirli bilməyib. 

Hesab edib ki, zərərçəkmişi ehtiyatsızlıqdan öldürüb. Cabir Babayevin atası Yaşar Babayev bildirib ki, hadisə təsadüfdən baş verib və buna görə Ehtiramı bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə nəticəyə gəlib ki, Ehtiram Şərifov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə, satma və gəzdirmə, qanunsuz olaraq odlu silah hazırlama maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən Cabir Babayev sosial şəbəkələrdə “Cabir 012” ləqəbi ilə tanınıb. O, Bakıda müxtəlif VAZ markalı nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edib. Paytaxtda, yolayrıcında Yol-Patrul Xidməti əməkdaşlarının qarşısından VAZ-2107 ilə yüksək sürətlə keçdiyinə görə məşhurlaşıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

30.01.2024 17:55
1147