BVF-dən qorxulu proqnoz - Azərbaycan itkilərdən yayına biləcəkmi...

Fikrət Yusifov: “Süni intellekt dünyada yeni inkişaf mərhələsinin başlanğıcını qoyur”

Texnologiyanın inkişafı dünya üzrə iş yerlərinin təxminən 40%-nin süni intellektlə əvəzlənməsinə səbəb ola bilər. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) təhlilində bəhs edilib.

Hesabat müəllifləri siyasətçiləri narahatedici tendensiyaya diqqət yetirməyə çağırıblar. BVF-nin təhlili göstərir ki, süni intellekt inkişaf etmiş ölkələrdə iş yerlərinin təxminən 60%-nə, aşağı gəlirli ölkələrdə isə 26%-nə təsir göstərə bilər.

Müəlliflər vurğulayıblar ki, bəzi hallarda işçilər süni intellekt inteqrasiyasından faydalana bilsələr də, digər hallarda süni intellekt insan yerinə tapşırıqları yerinə yetirərək əmək tələbini azaldır. Həmçinin qeyd olunub ki, bir çox ölkələrdə süni intellektdən istifadə üçün infrastruktur və ya ixtisaslı işçi qüvvəsi olmadığından texnologiya millətlər arasında bərabərsizliyi pisləşdirə bilər. 

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts Davos Ümumdünya İqtisadi Forumundakı panel çıxışında bildirib ki, süni intellekt (artificial intelligence, AI) 5 ildən sonra həyatımızı kökündən dəyişdirəcək. O, AI ilə bağlı qorxuları XX əsrin əvvəlində texnologiyaya qarşı meydana gələn narahatlıqla müqayisə edib. Bill Qeyts 1900-cü illərin əvvəlində dünya əhalisinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu, inkişaf etməkdə olan texnologiyaların insanlarda qorxu hissi yaratdığını xatırladıb. Amma məhz həmin dövrdə yeni profilli iş yerləri meydana çıxıb və AI sayəsində də məşğulluğun ən müasir sferaları yaranacaq.

Süni intellektin təhsil, texniki dəstək və digər xüsusiyyətlərinin bəşəriyyəti irəliyə doğru aparacağını diqqətə çatdıran Bill Qeyts əlavə edib ki, bütün bu fəaliyyətləri tənzimləyəcək yüksəkixtisaslı kadrlara ehtiyac artacaq.

Beynəlxalq Valyuta Fondu (BVF) son hesabatında süni intellektin qlobal məşğulluğun 40 faizinə mənfi təsir edəcəyini bildirmişdi. Bill Qeyts isə açıqlamasında 5 ildən sonra hər kəsin bir süni intellekt köməkçisi olacağını deyib. 

Yeri gəlmişkən, bu yaxınlarda məşhur dil öyrənmə platforması “Duolingo” minlərlə tərcüməçini ixtisar etməyə məcbur olub. Belə ki, “yaşıl bayquş” tərcümə tapşırıqlarını yerinə yetirmək üçün süni intellektə etibar etmək qərarına gəlib. Bu barədə ixtisara düşən işçilərin sosial şəbəkə paylaşımlarından aydın olub. Bir istifadəçi, hətta şirkət tərəfindən onlara göndərilən ixtisarın təfərrüatını açıqlayan elektron məktubun ekran görüntüsünü paylaşıb. Məktubdan aydın olub ki, əsas komanda üzvlərinin dördündən ikisi qalacaq, onlar da süni intellektin tərcümələrinin düzgünlüyünə nəzarət edəcəklər.

Qeyd edək ki, dünyanın hər yerində insanlara xarici dilləri öyrədən, həmçinin tərcümələr həyata keçirən “Duolingo” beynəlxalq şirkəti 2011-ci ildə yaradılıb. Hər şeydə qabaqcıl olan şirkət süni intellekti ilk tətbiq edənlərdən biri idi. Əvvəlcə bundan sadəcə istehsal planlarını, tələbələr üçün tapşırıqları, ümumiyyətlə, kiçik şeyləri tərtib etmək üçün istifadə olunurdu, amma belə görünür ki, sonradan şirkət maliyyədə də qənaət etmək qərarına gəlib.

f550730b-f991-4799-9677-f2d41d64275c.jpg (167 KB)

Fikrət Yusifov 

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, süni intellekt dünyada yeni inkişaf mərhələsinin başlanğıcını qoyur: “Zəka sahibi olan maşınlar insanların hərəkətlərini öyrənərək onları təqlid edirlər. Bir maşınlar bəzən bir neçə mütəxəssisin görə biləcəyi qədər məhsuldarlıq nümayiş etdirmək qabiliyyətində olurlar. Bu isə işverənlərin marağını təmin edən olduqca ciddi bir məqamdır. Yəni istənilən kompaniya süni intellektin tətbiqi ilə öz xərclərinə 50% ətrafında qənaət edə bilirsə, bir sahibkar üçün bundan sərfəli heç nə ola bilməz. Lakin süni intellektin astar üzü bu gün bütövlükdə hökumətləri ciddi düşündürür. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə dünyada 300 milyona yaxın insan süni intellekt texnologiyalarının tətbiqi səbəbindən iş yerlərini itirə bilər.  Süni intellektin tətbiqi ilə bir tərəfdən əmək məhsuldarlığının əhəmiyyətli dərəcədə artması və bütövlükdə dünya iqtisadiyyatının böyüməsinin baş verəcəyi gözlənilsə də, onun genişlənməsi nəticəsində iş yerlərinin kəskin ixtisarı ilə yaranan sosial problemlərin həlli artıq hökumətləri və ilk növbədə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi ölkələrin hökumətlərini ciddi narahat etməyə başlayıb. Bu gün süni intellektin yüksək inkişaf etdiyi Honq-Konq, İsrail, Yaponiya, İsveç və Birləşmiş Ştatlarda artıq işsizlərin sayının kütləvi şəkildə artması baş verir. Məsələn, Amerika Birləşmiş Ştatlarının dünyaca məşhur şirkətləri artıq 10 minlərlə yüksək peşəkarlığı olan mütəxəssisləri ixtisar edib.  Dünya iqtisadiyyatının nəhəngləri  süni intellektin tətbiqi səbəbindən yaranan işsizlər ordusunun taleyini necə həll etməyin yolları üzərində baş sındırsalar da, hələlik ortada real ola biləcək heç bir təklif mövcud deyil. Azərbaycan və bizim kimi inkişaf etməkdə olan ölkələr isə bu problemlərlə bir qədər sonra üzləşə biləcəklər. Hesab edirəm ki, həmin vaxta qədər artıq ortada inkişaf etmiş ölkələrin bəlli təcrübəsi olacaq və hər kəs öz ölkəsinin yerli xüsusiyyətlərini nəzərə alaraq həmin təcrübədən yararlanaraq süni intellektin tətbiqinin yarada biləcəyi problemləri çözəcəkdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

20.01.2024 10:30
1227