“O, öncə bacısını və onun övladını öldürüb, sonra atasını qətlə yetirib, anasının məktəbdən qayıtmasını gözləyib, bütün bunlar onun qətlləri planlaşdırdığını göstərir”
Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qərar Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda çıxarılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Ailə üzvlərini öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhmədə Əhmədov barədə çoxsaylı iddialar səslənir.
Onun daha öncə həmyaşıdını bıçaqladığı, hətta öldürdüyü deyilir. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın Əhmədin məktəb illərində adam bıçaqladığını deməsi şübhəni daha da artırıb. Ailəsi həbsxanaya girməməsi üçün ona “arayış” düzəldib, sonra da Rusiyaya göndərib. Araşdırma zamanı bəlli olub ki, sözügedən cinayətlə bağlı hər hansı məlumat yoxdur.
Digər iddiaya görə, Ə.Əhmədov ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olub və müalicə alıb. Məlumata görə, Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən Psixiatriya xəstəxanasında yatdığı bildirilir. Sosial mediada ailəni tanıyanlar da bu iddianı irəli sürür, Əhmədin psixoloji problemləri olduğunu yazırlar. Bu məlumatı dəqiqləşdirmək qeyri-mümkündür, çünki adətən Ruhi Əsəb Dispanseri xəstələri barədə məlumat verilmir. Bu, məxfi məlumatdır.
Qohumların mediaya verdiyi açıqlamaya görə, Əhməd ailəsi ilə birgə yaşamayıb, onun üçün hətta avtomobil alınıb, başqa evdə yaşamasına da şərait yaradılıb.
Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var. Nəqliyyat eksperti Elməddin Muradlı mətbuata açıqlamasında bildirib ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata satılır: “Bu gün taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar icra olunsa da, tibb məntəqələrində, poliklinikalarda 80-100 manata heç bir müayinədən keçmədən baş həkimlər tərəfindən taksi fəaliyyəti üçün arayışlar satılır. Şəxs sağlamlıq haqqında arayış alaraq polisə təqdim edir, imtahanda iştirak edərək sürücülük vəsiqəsi alır. Biz poliklinikalarda reydlərin keçirilməsi ilə bağlı məsələni dəfələrlə qaldırmışıq. Yaxud da sürücülərin tibbi müayinə məntəqəsi adında vahid struktur yaradılmalı və bu struktur ciddi nəzarət altında fəaliyyət göstərməlidir. Əvvəllər belə bir struktur var idi, lakin o da rüşvət yuvasına çevrilmişdi. Poliklinikaların tərkibinə verildikdən sonra isə 2 qat rüşvət yuvasına çevrildi. Problemin kökü bundan ibarətdir. Dünən 5 nəfərin qətlində rüşvət alan hər kəsin günahı var. Bütün cəmiyyət bu işin üzərinə getməli, qınamalıdır. Bu qədər özbaşınalıq olmaz. Taksilərlə bağlı da qanun qüvvəyə minib, sağlamlıq arayışı tələb olunur. Lakin rüşvətlə satılan sağlamlıq kağızı ilə bağlı taksi şirkəti nə edə bilər?”.
Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a şərhində bildirdi ki, istintaq bütün iddiaları bir-bir araşdıracaq: “Ağlı başında olan şəxsin bir neçə yetkin şəxsi, o cümlədən azyaşlıları qətlə yetirməsi böyük faciədir. Mətbuatdan izlədiyim qədər şübhəlinin ailəsi təminatlı ailədir. Əhməd üçün ev, maşın alınıb, gündəlik maddi ehtiyacları təmin olunub. Görünən odur ki, ailə yalnız uşağın təminatını düşünüb, tərbiyəsini yox. Əhmədin anası məktəb direktoru olub. Təəssüf ki, yalnız dövlət qulluğuna işə götürülən zaman iş üçün müraciət edənin kimliyi araşdırılır. Ola bilər ki, təhsil sistemində bu araşdırma aparılmır. Əslində isə ilk növbədə təhsil sistemində bu araşdırma aparılmalıdır. Çünki xəbərlərdən görürük ki, bəzi müəllimlər şagirdlərlə kobud rəftar edirlər, vulqar ifadələr işlədirlər. İnsan məəttəl qalır ki, bu insanlar necə təhsil, yaxud tərbiyə verə bilərlər? Bu faciə daha bir məsələni aşkara çıxardı. Müəllimlər öz ailələrində öz övladına tərbiyə verə bilmir, amma tədris müəssisəsinə rəhbərlik edir. Oxuduğum qədər onun atası da vəzifəli şəxs olub. Görünən odur ki, təminat o dərəcəyə çatıb ki, övlad qudurğan olub. Əhməd yeniyetmə ikən həmyaşıdını bıçaqlayıbsa, hüquq-mühafizə orqanları bu barədə məlumatlı olmalıdır. Çox təəssüf ki, istintaq, təhqiqat orqanlarında müəyyən miqdarda korrupsiya olduğu üçün cinayətin ört-basdır edilməsi istisna deyil. Dəyişikliklər, irəliləyiş var, amma illər əvvəl baş vermiş cinayətlə bağlı izlərin silinməsi ehtimalı böyükdür. Yenidən belə faciələrin baş verməməsi üçün keçmişə qayıtmalıyıq”.
O ki qaldı Əhməd Əhmədovun məsuliyyətə cəlb edilib-edilməyəcəyinə, Ə.Mustafayev qeyd etdi ki, hətta sağlam insan da affekt vəziyyətində cinayət törədə bilər: “Psixoloji şok keçirən şəxs şüurunu itirir, özünü idarə edə bilmir, anlaqsız vəziyyətdə cinayət törədilə bilər. Bu halda şübhəli şəxs azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmir. O, müalicəyə cəlb olunur. Affekt vəziyyəti isə qarşıdakı şəxsin qanunsuz hərəkəti nəticəsində yaranır. Təhqir, alçaldılma affekt vəziyyəti yarada bilər. Hətta ruhi xəstə belə hər gün şüursuz vəziyyətdə olmur. Yazılanlardan anladığım qədər Əhməd avtomobil idarə edib, hətta taksi fəaliyyəti ilə məşğul olub, öz mənzilində yaşayıb. Belə çıxır ki, o, daim "xəstə" olmayıb. Valideynləri öz imkanlarından istifadə edərək onu müalicədən uzaqlaşdırıblar. Nəticəni hər birimiz görürük - böyük faciə baş verdi. İstintaq bunu araşdıracaq. Əgər o, həqiqətən müalicə alırdısa, necə olub ki, onu buraxıblar? Vəzifəli, imkanlı şəxslər övladlarının “dəlixana”da olmasını qəbullana bilmirlər. Əlbəttə ki, şübhəlinin affekt vəziyyətində olub-olmaması, öz hərəkətlərini nizamlayıb-nizamlamaması barədə yekun qərar ekspertiza rəyi ilə veriləcək. Şəxsən mən düşünürəm ki, o, affekt vəziyyətində olmayıb. Çünki o, öncə bacısını və onun övladını öldürüb, sonra atasını qətlə yetirib, anasının məktəbdən qayıtmasını gözləyib... Bütün bunlar onun qətlləri planlaşdırdığını göstərir. Odur ki, ruhi xəstə olsa belə, azadlıqdan məhrum edilməməsi doğru olmaz. Əgər ruhi xəstə olduğu üzə çıxsa, həbsxanada müalicə edə bilərlər, bunun üçün bütün imkanlar var. Cəmiyyət bu məsələni nəzarətdə saxlamalıdır".
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən Pikə Əhmədova məktəb direktoru idi. O, Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, amansızlıqla qətlə yetirilən bir ailənin üzvləri Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”