Burkina Fasoda Fransanın “TV5 Monde” telekanalının yayımı dayandırılıb

Burkina Faso Rabitə Şurası Fransanın “TV5 Monde” telekanalının regional bölməsinin yayımını altı ay müddətinə dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb telekanalın qonaq kimi dəvət etdiyi veriliş iştirakçısının ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı mənfi fikirlər səsləndirdiyi müsahibəni yayması olub.

“Rabitə Şurasının qərarı 2024-cü il iyunun 17-də xəbərlər proqramının buraxılışlarından birinin məzmununda müəyyən edilmiş qanun pozuntularından sonra qəbul edilib. Tənzimləyicinin mütəxəssisləri bu buraxılışda yanlış ittihamlar, dezinformasiya tipli şərhlər görüblər”, - “Faso 7” portalı hakimiyyət orqanlarının bəyanatından sitat gətirib.

Portalın məlumatına görə, qadağa iyunun 18-dən qüvvəyə minib. Telekanal həmçinin 50 milyon Mərkəzi Afrika frankı (təxminən 76 min avro) məbləğində cərimə də ödəməli olacaq.

Xatırladaq ki, bundan əvvəl də Burkina Faso bəzi KİV-lərin, o cümlədən 2022-ci ilin dekabrında Fransanın RFI radiostansiyasının ölkədə yayımlanmasını dayandırıb. O zaman ölkə hökuməti RFI-ni terrorçu liderin ölkə əhalisinə qarşı təhdidləri ilə bağlı reportaj yayımlamaqda təqsirkar bilmişdi. 2023-cü ilin martında isə ölkə hökuməti Fransanın “France 24” televiziya kanalının işini efirdə nümayiş etdirilən və hakimiyyət orqanlarının məlumatına görə, terrorçu qruplaşma liderinin iştirakı ilə hazırlanan materiala görə dayandırıb. Ardından 2023-cü ilin iyununda Fransanın LCI televiziya kanalı jurnalistinin Burkinabe ərazisində radikal qruplaşmaların zorakılıq hərəkətləri ilə bağlı vəziyyəti “yalan məlumat” adlandırmasından sonra üç ay müddətinə fəaliyyətini dayandırıb.

19.06.2024 15:35
362