Azərbaycanda 3 uşaq anası olan qadın qız övladı dünyaya gətirəcəyi üçün çölə atılıb. Bu hadisə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Məsələyə irad bildirənlərdən biri də Əməkdar artist Mehriban Xanlarovadır. Aktrisa “Yeni Sabah”a açıqlamasında mövzuya belə rəy verib:
“Övlad Allahın insanlara bəxş etdiyi ən gözəl həhddiyədir. Və bu hər insana nəsib olmur. Mən sosial verilişlərdə tez-tez oluram və ordakı həkimlərin qəbuluna düşərək övlad sahibi olmaq üçün, minlərlə insan gəlir. 6 aylıq hamilə olan arvadını qız uşağı dünyaya gətirəcəyi üçün evdən qovan şəxs, bundan sonra öz çevrəsində hansı kişilikdən danışa bilər?”
M.Xanlarova elə insanlardan uzaq durmaq lazım olduğunu da qeyd edib:
“Hər hansı bir məsələ ilə bağlı cinsi ayrı-seçkilik edən insanlar, müasir və inkişaf etmiş dünyada cahiliyyin təntənəsini yaşayırlar! Qızlar sevgili dönəmində iki məsələyə fikir versinlər. Ailə quracağı bəy, heyvanları və qız uşaqlarını sevmirsə heç nəyi sevə bilməz! Elə insanlardan uzaq dursunlar! Həzrət Peyğəmbər (s) buyurur: Qız övladları bərəkət mənbəyidir. O kəsin ki, bir qız övladı olar, Allah Təala onun köməkçisi olar”.