“Buğdamız bol olacaq, un da ucuzlaşacaq” vədi

Bu ilin 4 ayında buğda idxalı 266 min 609 ton (59 milyon 697min dollar), yanvar-martda 211 966.87 ton - (48 milyon 74.16 min) dollarlıq təşkil edib

Azərbaycanda unun qiymətində artım davam edir. İyun ayının əvvəlində 28-29 manata olan 50 kiloqramlıq kisə hazırda Qərb bölgəsində 33-35  manata qədər bahalaşıb.Unun qiymətindəki bu artım Dövlət Statistika Komitəsinin (DSK) statistikasında da əksini tapıb. Komitənin açıqladığı məlumatdan aydın olur ki, un iyun ayında ən çox bahalaşan məhsullar sırasındadır. Unla bərabər çörəyin qiymətində də iyun ayında 0,4 faizlik bahalaşma baş verib. Eyni vəziyyət may ayında da müşahidə olunub: un ən çox bahalaşan məhsul kimi rəsmi qeydiyyata düşüb, çörək isə 0.3 faiz bahalaşıb. 

“Dəvəçi-Dəyirman” MMC-dən də "Turan" İnformasiya Agentliyinə ilin əvvəli ilə müqayisədə unun qiymətində artım olduğunu təsdiqləyiblər. MMC-dən bunun səbəbini Rusiyada taxılın bahalaşması ilə izah ediblər: “Hələ mayda Rusiyada taxılın bir tonunda 30-40 dollar bahalaşma var idi”. Şirkətdən unun ucuzlaşacağını da proqnoz ediblər: “Ölkədə taxıl biçinindən sonra qiymətlərdə ucuzlaşma gözlənilir”.

Kənd Təsərrüfatı Nazirliyindən isə deyilib ki, son 20 ildə ölkədə taxıl istehsalı 1.5 dəfə artıb: “Məhsuldarlıq göstəriciləri də artmaqdadır. Buğdada 21.8 faiz, arpada 20.5 faiz, dən üçün qarğıdalıda isə 32.3 faiz artım var”. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə “Azadlıq Radiosu”na bildirib ki, Azərbaycanda unun bahalaşmasına baxmayaraq, dünya bazarlarında buğdanın qiymətində kəskin enmə var: “Hətta keçən ay ərzində Nyu-York birjasında buğda 16 faiz ucuzlaşıb. Dünyada buğda, unun ucuzlaşması mövsümü və istehsalın artacağı ilə bağlı proqnozlar ilə bağlıdır. Amma dünya bazarlarında qiymət enməsi prosesinin Azərbaycana təsiri yoxdur”.

Ekspertin fikrincə, Azərbaycan idxaldan asılı olduğu üçün gələcəkdə də nə baş verəcəyini proqnozlaşdıra bilmirlər: “Ona görə də un istehsalçıları unun qiymətini qaldırdılar. Əvvəl bunu onunla əsaslandırdılar ki, guya dünya bazarlarında qiymət artıb. İndi isə onunla əsaslandırırlar ki, onların xərci, o cümlədən daşıma xərcləri artıb”. 

Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həmin payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır. Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2 ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb. 

Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, iyulun 16-na qədər Azərbaycandakı taxıl sahələrinin 85 faizində biçin başa çatıb. Arpa sahələrinin 95,8 faizində, buğda sahələrinin isə 77,2  faizində biçin tam yekunlaşıb. Sahələrdən 2 milyon 691 min 552 ton məhsul yığılıb. Yığılan məhsulun 1 milyon 492 min 746 tonu buğda, 1 milyon 198 min 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29,4 sentner təşkil edir. Ümumilikdə taxıl üzrə orta məhsuldarlıq 31,3 sentnerə çatıb.

Onu da qeyd edək ki, un istehsalçıları unun qiymətindəki bahalaşmanı aprel-may aylarında Rusiyada buğdanın bahalaşması ilə əsaslandırırlar. Amma məsələ burasındadır ki, həmin aylarda Azərbaycana idxal olunan buğdanın qiymətində ucuzlaşma var. Belə ki, rəsmi statistikaya əsasən, bu ilin yanvar-may aylarında xaricdən 72 milyon 676.29 min dollarlıq 328 542.75 ton buğda idxal olunub. Ötən ilin eyni dövründə 134  milyon 904.04 min dollarlıq 450 152.65 ton  buğda gətirilmişdi. Buğdanın bir tonu 2023-cü ilin beş ayında Azərbaycana 299 dollara başa gəldiyi halda, cari ilin eyni dövründə bu rəqəm 221 dollara qədər azalıb.

Bu ilin beş ayında buğdanın 328 536,43 tonu - yəni demək olar ki, hamısı Rusiyadan 72 milyon 672,3 min dollara alınıb. Keçən ilin eyni dövründə 308 526,73 tonu Rusiyadan 86 milyon 598,35 dollara, 141 625,92 tonu Qazaxıstandan 48 milyon 305,69 min dollara alınmışdı. 

Bu ilin 4 ayında buğda idxalı 266 min 609 ton (59 milyon 697min dollar), yanvar-martda 211 966.87 ton 48 milyon 74.16 min dollarlıq təşkil edib. Bu isə o deməkdir ki, apreldə 54 642,13 ton, mayda 61 927,43 ton buğda idxalı olub. Apreldə idxala 11 milyon 622,84 min dollar, mayda 12 milyon 979,29 min dollar xərc çəkilib. Beləlilklə, apreldə 1 ton buğdanın idxal qiyməti 212,7 dollara, mayda isə 209,6 dollara başa gəlib. Bütün bunlar göstərir ki, aprel-mayda Rusiyada buğdanın qiyməti bahalaşsa belə, bunun Azərbaycanın daxili bazarında təsiri olmamalıydı. Çünki aprel-mayda idxal olunan buğdanın alış müqaviləsi Rusiyada qiymətlər 200 dolların altına düşdüyü yanvar-mart aylarında bağlanıb.

Un istehsalçılarının iddiası reallıq olsaydı, iyun ayında Rusiya buğdasının qiymətində qeydə alınan 10.1 faizlik ucuzlaşma dərhal Azərbaycanda unun ucuzlaşması ilə nəticələnməli idi. Lakin iyunda da əks proses gedib. 

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına görə, iyunda qlobal bazarlarda taxılın qiyməti indeksi 115,2 bənd təşkil edib ki, bu da may ayından 3,5 bənd (3 faiz), 2023-cü ilin iyun ayından isə 11,4 bənd (9 faiz) aşağıdır. Azalmaya ABŞ-da qarğıdalı sahələrinin artması və Şimal yarımkürəsində məhsul yığımı kampaniyası ilə bağlı mövsümi dalğalanmalar səbəb olub. Qazaxıstan və Ukrayna da daxil olmaqla, bir sıra ixracatçı ölkələrdə məhsul perspektivlərinin yaxşılaşdırılması, həmçinin Türkiyənin müvəqqəti idxal qadağası qiymət təzyiqini yumşaldır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə dünya buğda yığımı üzrə proqnozunu iyundakı 790.75 milyon tondan iyulda 796,19 milyon tonadək artırıb. Bu proqnoz nazirliyin iyul icmalında əksini tapıb. Eyni zamanda qaba taxıl proqnozu 1,512 milyard tona (iyunda 1,511 milyard ton), qarğıdalı - 1,225 milyard tona (1,221 milyard ton) qədər artırılıb.

Nazirlik hesab edir ki, yeni kənd təsərrüfatı ilində Rusiya 48 milyon ton buğda ixrac edəcək. Buğda ixracında Rusiyanın ən yaxın rəqibi olan Avropa İttifaqından ixrac isə 34.5 milyon tona bərabər olacaq. Bu, nazirliyin iyun proqnozundan 0.5 milyon ton azdır.

Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatına əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır. DB-nin proqnozuna görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır. Beləliklə, bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8  faiz, 2025-ci ildə isə 1,7 faiz azalacaq. Bu isə o deməkdir ki, növbəti ildə də dünya bazar konyukturu Azərbaycan kimi buğda təminatında idxaldan asılı ölkələr üçün əlverişli olaraq qalacaq. Çünki Azərbaycan ərzaqlıq buğda ilə özünü təmin etməyən ölkələr sırasındadır. Daxili tələbatı təmin etmək üçün ölkəyə hər il əsasən Rusiya və Qazaxıstandan 1,2-1,3 milyon ton buğda idxal olunur.

Yaxınmüddətli dövr üçün Azərbaycanın öz buğda istehsalını ərzaq təhlükəsizliyini təmin edəcək həddə qədər çatdırması hədəflənir.  Belə ki, Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib. 

Azərbaycan hökuməti bu məqsədə çatmaq üçün növbəti dəstək mexanizmini işə salıb. Belə ki, iyunun 5-də Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib.

Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.

Azərbaycanda bir sıra təsərrüfatlarda buğda istehsalında Avropada əldə olunan səviyyədə məhsuldarlığa nail olunub. Hacıqabul rayonunda əldə olunan bu nəticənin digər ərazlərdə də tətbiq olunması nəzərdə tutulur...

Dünya SAKİT,
“Yeni Müsavat”

18.07.2024 11:50
1240