Büdcəyə düzəliş: sosial xərclər azaldılırmı?

Bu ilin büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 151 milyon manat azaldılması xeyli müzakirələrə səbəb olub

Xəbər verildiyi kimi, Azərbaycanın 2024-cü il dövlət büdcəsində dəyişiklik edilir, gəlirlər və xərclər artırılır. Dəyişikliklə büdcənin gəlirləri 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq. 

Büdcədə edilməsi nəzərdə tutulan bir sıra dəyişikliklər ictimaiyyət tərəfindən geniş müzakirə olunur: bir qismi müsbət hesab edilərək təqdir olunur, digər qismi isə narahatlıq doğurmaqla tənqid edilir.

Vətəndaşların təqdirlə qarşıladığı dəyişikliklərdən biri ölkənin müdafiəsi və milli təhlükəsizliyinin təmin olunmasına ayrılan vəsaitlərin artırılmasıdır. Layihəyə əsasən, müdafiə və milli təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manatdan 7 milyard 126,35 milyon manata çatdırılması nəzərdə tutulur. Bu, həmin xərclərin 705 milyon manatdan çox artırılması deməkdir. Daha bir müsbət qiymətləndirilən dəyişiklik azad olunan ərazilərin bərpa və yenidənqurulmasına ayrılan vəsaitlərin 1 milyard manatdan çox artırılmasıdır. Artım nəticəsində işğaldan azad olunan ərazilərin bərpasına ayrılacaq vəsaitlərin məbləği 3 milyard 825 milyon manatdan 4 milyard 855,8 milyon manata çatdırılacaq.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 788,0 milyon manata qarşı 9 milyard 902,7 milyon manat və ya 2 milyard 114,7 milyon manat (27,2 faiz) çox, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6 milyon 421,0 milyon manata qarşı 7 milyard 126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz) çox, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1 milyard 390,3 milyon manata qarşı 1 milyard 750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz) çox, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2 milyard 956,7 milyon manata qarşı 3 milyard 58,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz) çox, kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 102,6 milyon manata qarşı 1 milyard 202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz) çox, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4 milyard 822,2 milyon manata qarşı 4 milyard 542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz) az, səhiyyə xərcləri təsdiq olunmuş 1 milyard 871,3 milyon manata qarşı 1 milyard 863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz) az, sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4 milyard 542,2 milyon manata qarşı 4 milyard 391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır. 

Azərbaycanın dövlət büdcəsinə ediləcək dəyişiklik büdcə kəsirinin 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyon manata çatdırılmasını nəzərdə tutur. Kəsirin artımının 600,0 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək. 

Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaq. 

Bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin 3 milyard 796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatının onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur. Büdcənin əlavə maliyyə tələbatının 1 milyard 300 milyon manatı əlavə qeyri-neft gəlirləri, 605,0 milyon manatı əlavə neft gəlirləri, 250,0 milyon manatı Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından  ayırmalar, 25 milyon manatı “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcə fondu) gəlirləri, 851,8 milyon manatı dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü, 764,3 milyon manatı isə dövlət büdcəsinin kəsirinin böyüdülməsi hesabına təmin ediləcək.

Bu ilin büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 151 milyon manat azaldılması xeyli müzakirələrə səbəb olub. Maliyyə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, bu sosial xərclərin azaldılması demək deyil. Belə ki, azalma dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmanın azalması ilə bağlıdır ki, bu da fondun qeyri-büdcə sektorundan gəlirlərinin artımı ilə bağlıdır. Milli Məclisə dövlət büdcəsinə dəyişiklikləri nəzərə tutan layihə ilə birlikdə DSMF büdcəsinə dəyişikliklər üzrə layihə də daxil olub. Həmin layihədə qeyd olunur ki, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsini zəruri edib.

Qeyd edilib ki, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsinə ehtiyacın yaranması əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.

Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmarın məbləği artırılır.

Bunu nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - fond) 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğinin dürüstləşdirilərək 190,0 milyon manat artırılması və 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 manat artırılaraq 6500,0 milyon manatdan 6525,0 milyon manata çatdırılması təklif olunur.

Bununla yanaşı, fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılır, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılır.

Beləliklə, fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılır.

Nəticədə fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1 milyard 232,0 milyon manat təşkil edəcək".

Dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidmətinin xəttilə vergi daxilolmalarının 1 milyard 405 milyon manat artırılması nəzərdə tutulur. Hesablama Palatasının dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan layihəyə verdiyi rəydən aydın olur ki, vergi gəlirlərindəki artımın 1 milyrad 358,9 milyon manatı və ya 96,7 faizi mənfəət vergisi və ƏDV-nin payına düşür. Bu məbləğin 1 milyard 87 milyon manatı hüquqi şəxslərin mənfəət vergisi hesabına təmin olunacaq. 

Mənfəət vergisi üzrə artımın 280 milyon manatı “Azəri-Çıraq-Günəşli” yatağını işləyən ABƏŞ-in ödənişləri, 325 milyon manatı isə “Şahdəniz” yatağını işləyən konsorsiumun ödənişlərində artım nəticəsində təmin ediləcək. 

Hesablama Palatasının rəyinə görə, hər iki vergi növü üzrə daxilolmalar 2024-cü ilin yekununda proqnozlaşdırılandan daha yüksək olacaq: “Neft-qaz sektorundan formalaşan hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə gəlirlər 605,0 milyon manat artımla proqnozlaşdırılsa da, bu məbləğin 368,4 milyon manatının və ya 60,9 faizinin artıq birinci rübdə icrası təmin edilmişdir. Bu isə neftin orta illik ixrac qiymətində əhəmiyyətli dəyişiklik olmayacağı təqdirdə növbəti üç rüb ərzində müvafiq mənbədən daxilolmaların proqnozu üstələyəcəyi barədə qənaətə gəlməyə imkan verir”.

Eyni zamanda birinci rübdə ƏDV üzrə büdcəyə nəzərdə tutulan məbləğin 340,6 milyon manatı təmin edilib. Palatada hesab edirlər ki, bu gəlir mənbəyi üzrə də proqnozun reallaşdırılmasında hər hansı risk gözlənilmir.

Ekspertlərə görə, hüquqi şəxslərin mənfəət vergisi və ƏDV üzrə proqnozun artırılması idxalın həcminin artması, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi ilə bağlıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

31.05.2024 08:00
1338