Deputat Azay Quliyev Milli Məclisin iclasında müzakirəyə çıxarılan gündəliyin 14-cü maddəsi - “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi ilə bağlı çıxış edib.
Musavat.com-un xəbərinə görə, deputat qeyd edib ki, hər iki qanun layihəsində irəli sürülən təkliflər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixdə imzaladığı fərmanın icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Hər iki layihə ədalət mühakiməsinin institusional təminatı üçün yeni yanaşmalar təklif edir və ən vacibi isə təkliflərin məzmunu və mahiyyəti elə hazırlanıb ki, bunlar bir-birini tamamlayır.
Birinci, vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi hakimlərin seçim prosesinin sürətləndirilməsini və şəffaflaşdırılmasını nəzərdə tutur. Əgər əvvəllər hakimlər yalnız yazılı və şifahi imtahan əsasında seçilirdilərsə, yeni təklifə əsasən, hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər.
Bu cür yanaşma daha bacarıqlı və bilikli, hakimin yüksək adına hörmət gətirə biləcək şəxslərin hakim seçilməsi, digər tərəfdən mümkün subyektiv amillərin qarşısını alınması baxımından faydalı ola bilər. İkinci, xüsusi əhəmiyyət kəsb edən yenilik hakimlərin qiymətləndirilməsi ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.
Layihəyə görə, hakimlərin qiymətləndirilməsi birbaşa Məhkəmə-Hüquq Şurası tərəfindən deyil, Apellyasiya və Ali Məhkəmə hakimlərinin hər birindən 3 hakim olmaqla yaradılan Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən həyata keçiriləcək”, - Azay Quliyev vurğulayıb.
O bildirib ki, qüvvədə olan mətndə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 112-ci maddədə detallı şəkildə əks olunub, lakin yeni layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən intizam tədbirlərinin görülməsi Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilən metodologiya və qaydalar əsasında həyata keçiriləcək:
“Qiymətləndirmənin məhkəmənin və hakimin fəaliyyəti ilə bağlı mütəmadi olaraq aparılan monitorinqin nəticələri, bu barədə elektron qaydada sistemləşdirilən baza məlumatları və müəyyən edilmiş konkret meyarlar əsasında aparılması imkan verəcək ki, qiymətləndirmə daha obyektiv və ədalətli olsun, eyni zamanda intizam tədbirləri yol verilmiş nöqsana adekvat və proporsional şəkildə müəyyən edilsin. Ən azı qanun layihəsinin mahiyyətindən belə bir qənaətə gəlmək mümkündür. Digər tərəfdən, qiymətləndirmənin yalnız hakimlər tərəfindən aparılması, məsələyə aid müvafiq səsvermə zamanı Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvlərinin səsvermədə iştirak etməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə də əlavə töhfə verəcək”.
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının yaradılması ilə bağlı məqamdan bəhs edən deputat qeyd edib ki, bu da şəffaflığın təmin olunması və verilən şikayətlərin daha təkmil, operativ formada baxılması üçün yaxşı mexanizm rolunu oynaya bilər:
“Göründüyü kimi, qanun layihəsində əks olunan müddəalar mütərəqqi xarakter daşıyır və bizim də gözləntimiz odur ki, bu dəyişikliklər ölkəmizdə ədalət mühakiməsinin təntənəsinə xidmət etmiş olsun.
Ədalət mühakiməsindən söz düşmükşən, burada vəkillərlə bağlı bir məsələyə toxunmaq istərdim. Hazırda dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkilə cəmi 6 manat vəsait ödənilir. Etiraf etmək lazımdır ki, bu vəsait keyfiyyətli hüquqi yardım üçün olduqca azdır. Bu səbəbdən bir çox vəkillər dövlət hesabına hüquqi yardım göstərməkdə maraqlı olmurlar. Belə vəziyyət vəkillik institutunun inkişafına, xüsusilə regionlarda fəaliyyət göstərən vəkillərin sayının artmasına mənfi təsir göstərir. Hətta bu gün elə rayon var, 1 vəkil, elə rayon da var ki, ümumiyyətlə, vəkil fəaliyyət göstərmir.
Düşünürəm ki, bu məsələni gündəmə gətirməyə dəyər və yaxşı olar ki, aidiyyəti qurumlar vəkillik institutunun üzləşdiyi bu problemin həllinə diqqət ayırsın”.
E.Paşasoy,
Musavat.com