Bu, son illərin ən yüksək icra faizidir - Tahir Mirkişili

“2023-cü il dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 36 457.9 milyon manatı, yəni 99.5%-i icra olunub. Bu, son illərin ən yüksək icra faizidir. Strukturuna görə xərclərin 55.6%-ni cari xərclər, 41.2%-ni əsaslı xərclər, 3.2%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib”.

Musavat.com xəbər verir ki, bunu komitə sədri Tahir Mirkişili Milli Məclisdəki büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsinin icrasında xərclərin 35,8 faizi və ya 13 050,4 milyon manat həcmində olub:

“Sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat, sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat, ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə isə 116,1 milyon manat vəsait yönəldilib.

Dövlətin apardığı sosial-iqtisadi siyasətin davamı olaraq əhalinin gəlir əldə etmək imkanlarının artırılması və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması 2023-cü ildə də davam etdirilib.

Belə ki, 2023-cü il yanvarın 1-dən sosial müavinətlər və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 33,0 faiz artırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif - vəzifə - maaşlarının məbləği 15 faiz artırılıb”.

T.Mirkişili deyib ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının əməkhaqqı və təminat sistemində islahatlar aparılmaqla əhəmiyyətli artım tətbiq edilib və bu məqsədlə əlavə 31,8 milyon manat vəsait yönəldilib:

“Bununla yanaşı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan 165 minə yaxın işçinin əməkhaqlarının artımı üçün 142,7 milyon manat vəsait sərf edilib. Yuxarıda sadalanan artımların maliyyə tutumu cəm olaraq 749,8 milyon manata bərabər olmaqla 1,9 milyon nəfər vətəndaşı əhatə edib. Dövlət büdcəsindən iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə cəm olaraq 856.9 milyon vəsait sərf edilib. Səhiyyə xərclərinə ayrılmış 1 723.4 milyon manat vəsaitin 99.9%-i icra olunub. Hesabat ilində səhiyyə xərcləri ÜDM-in 1.4%-ni, dövlət büdcəsi xərclərinin isə 4.7%-ni təşkil edib.

İcra edilmiş səhiyyə xərclərinin 73.4%-i və ya 1 263.8 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşüb. Dövlət büdcəsindən təhsil üçün ayrılmış 4129.9 milyon manatın 99.9%-nin icrası təmin edilib. Hesabat ilində təhsil xərcləri ÜDM-in 3.4%-ni, dövlət büdcəsi xərclərinin isə 11.3%-ni təşkil edib. İcra edilmiş bu xərclər hesabına dövlət sifarişi üzrə bakalavriat səviyyəsi üzrə 100 726 nəfərin - əvvəlki illə müqayisədə 15 378 nəfər çox - magistratura səviyiyəsi üzrə 12 977 nəfərin, rezidentura səviyyəsi üzrə 2048 nəfərin, doktoruntura səviyyəsi üzrə 619 nəfərin təhsil və təqaüd xərcləri ödənib”.

Komitə sədrinin sözlərinə görə, eyni zamanda, məcburi köçkün statuslu 16 841 nəfərin, şəhid və əlil olmuş şəxslərin uşaqları olan 2464 nəfərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfərin təhsil və təqaüd xərcləri dövlət büdcəsindən ödənib.

“2023-cü ildə elm üçün ayrılmış xərclər 193.8 milyon manat və ya 99.6% həcmində icra olunub. Hesabat ilinin elm xərcləri ÜDM-in 0.2%-ni təşkil edib. Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə 1 467.8 milyon manat vəsait yönəldilib. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 353.9 milyon manat vəsait sərf edilib”, - Tahir Mirkişili bildirib.

E.Paşasoy,
Musavat.com

31.05.2024 18:43
883