Bu şəxslər vəkillərin pulsuz hüquqi yardımından faydalanacaq

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

Musavat.com xəbər verir ki, Akademiyanın rektoru Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub.

Akademiyanın rektoru Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edilir. Bu memorandumun Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da genişləndirəcəyi bildirilib.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək deyib ki, imzalanan əməkdaşlıq memorandumu pulsuz hüquqi yardım sahəsinin təkmilləşdirilməsində və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu əməkdaşlıq həm də gənc hüquqşünasların peşəkar hazırlığı, praktiki bilik və bacarıqlarının inkişafı baxımından çox əhəmiyyətlidir. Anar Bağırov aztəminatlı və hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsinin Kollegiyanın prioritet istiqamətlərindən biri olduğunu və Ədliyyə Akademiyası ilə birgə layihələrin bu sahədə əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Anar Bağırov qeyd edib ki, 2024-cü il ərzində Kollegiya tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Musavat.com

10.04.2025 13:42
894