Bu şərtlərlə Ermənistanla sülh yarımçıq olar...-ŞƏRH

 

“Economist Intelligence Unit” (EIU) Azərbaycan və Ermənistan sülh müqaviləsi ilə bağlı proqnoz yayıb. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında 2024-cü ildə şiddətli atışmaların davam edəcəyi gözlənilmir, çünki sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub.

 Qeyd edilib ki, sülh müqaviləsi imzalanmasa da, səmərəli danışıqlar davam edəcək: “Azərbaycan və Ermənistan öz sülh müqaviləsinin şərtlərini müzakirə etməyə davam edəcək və cənab İlham Əliyev razılaşmanın şərtlərini diktə edəcək. Ermənistan Qarabağa iddiasından əl çəkmək üçün konstitusiyasına dəyişiklik etməli olacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalanacaq".

VI çağırış Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın ərazi bütövlüyü onun suverenliyinin ən birinci şərtidir. A.Hüseynov Ermənistanın daim işğalçılıq siyasəti yürütdüyünü qeyd edib, Azərbaycan ərazisinin 20 faizdən çoxunu 30 ildən artıq müddətdə işğalda saxladığını vurğulayıb: “Azərbaycan ordusunun rəşadəti nəticəsində, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan torpaqlarını erməni quldurlarından azad edildi. Bununla da Azərbaycanın suverenliyi tam bərpa olundu. Digər tərəfdən, əgər bir ölkə digər ölkəyə ərazi iddiası irəli sürürsə, bunu öz konstitusiyasında təsvir edirsə, bu şərtlərlə bağlanan sülh müqaviləsi yarımçıq hesab olunur. Ermənistan Azərbaycana ərazi iddialarından tamamilə əl çəkməli, eyni zamanda konstitusiyasında müvafiq dəyişiklik etməlidir. Bu, Azərbaycanın irəli sürdüyü önəmli şərtlərdən biridir. Hesab edirəm ki, bu, düzgün, beynəlxalq hüquqa əsaslanan yanaşmadır”.

Aydın Hüseynov bu dairədən namizəd oldu - Xalq.Az

A.Hüseynov vurğulayıb ki, sülh Ermənistana lazımdır:

“Konstitusiyası ilə idarə olunan ölkənin rəhbəri xalq qarşısında ali qanundan irəli gələn məsələləri yerinə yetirəcəyinə and içir. Ermənistan Konstitusiyasında ərazi iddiası ilə bağlı maddə olduğu müddətdə sülhün dayanıqlı olması ilə bağlı daimi narahatlıq olacaq. Sülh Ermənistana lazımdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyi tam bərpa edib. Ölkəmiz Cənubi Qafqazda həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güc mərkəzidir. Ermənistanın iqtisadiyyatı isə getdikcə iflasa uğrayır. Ermənistan işğalçılıq siyasətinin qurbanına çevrilərək beynəlxalq layihələrdən və Azərbaycanın regionda həyata keçirdiyi layihələrdən kənarda qalaraq öz ölkəsinin iqtisadiyyatını tamamilə uçuruma gətirib çıxarıb. Konstitusiyada dəyişiklik edilməsi Ermənistan üçün daha vacibdir. Azərbaycanın şərtlərini qəbul edərək Ermənistan regiondakı layihələrdə iştirak edə, kommunikasiyaları açaraq öz iqtisadiyyatını Azərbaycanın həyata keçirdiyi qlobal layihələr çərçivəsində dirçəldə bilər”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

16.09.2024 18:19
773