"Bu səhvi aradan qaldırmaq fikrindəyik" - "Qaçqınkom"un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb.

Manset.az məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayevlə əlaqə saxlayıb.

O, açıqlamasında səhvin aradan qaldırılacağını bildirib.

“Bu yoldaş Qızılca kənd sakini hesab olunur. Hazırda bu məsələni araşdırırıq. Səhvi aradan qaldırmaq fikrindəyik. Çalışırıq ki, bütün problemləri aradan qaldıraq. Biz püşkatma ilə Sus sakinlərini dəvət etmişik. O da onlarla bir yerdə gəlib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yalnız və yalnız məcburi köçkünlərə ev verir. Çalışırıq ki, qanunsuzluğa yol verilməsin. İndiyə qədər verməmişik. Bundan sonra da verməyəcəyik. Bütün məcburi köçkünlər dövlət tərəfindən, möhtərəm cənab Prezidentin apardığı siyasət nəticəsində öz doğma kəndlərində evlə təmin olunacaq”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Sus sakini püşkatma zamanı ona düşən evin başqasına verildiyini iddia edib. Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.

03.05.2024 15:08
1229