Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 27 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”də dəyişiklik edib.
Musavat.com xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanın nəqliyyat donanması gəmilərində heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzləri ilə yanaşı digər fiziki və hüquqi şəxslər Dövlət Dəniz və Liman Agentliyinin verdiyi, həmin şəxslərin fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında şəhadətnaməyə malik olmalıdırlar. Şəhadətnamə 1 il müddətinə veriləcək. İndiyə qədər bu müddət 5 il idi.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.