Bazarlar ucuz məhsul almaq üçün baş çəkdiyimiz məkanlardan biridir. Burada nə axtarsan, taparsan. Qoyun baş-ayağından tutmuş, toyuq-cücəyə qədər. Bu məkanda satıcılar da eyni deyil. Biri baməzə, digəri şirindil, bir başqası isə həmişə narazı və acıdil olur. Bəxtinə hansı çıxsa... Bəlkə onları bir az da yaxından tanıyaq. Elə bu məqsədlə “8-ci km” bazarına baş çəkdik və ümumi abu-havanı müşahidə etdik.
Diqqətimi soyuq havaların yeməyi olan və mənim də sevdiyim xaşın baş-ayağı çəkdi. Satıcı oğlan xaş yeməyi xoşlamasa da satdığı baş-ayağı ürəklə təriflədi. Dedi, iki mal dırnağı götür, 5 manat ver.
“Amma qoyun başının özünə 5 manat verəcəksən. Çünki o, vurağandır, sözə baxmadı, tutub kəsdik”, -deyə zarafat da edir. Daha sonra qoyunun çənəsi və dilini göstərir: “O da sözə baxmadığı üçün çənəsini ayırdım, 1 manat 50 qəpiyə satıram. Bu dilin çoxunu evdə qalan qızlar alır. Çünki onların dilləri yoxdur. Bunu yeyəndə dilləri açılır. Bu dildən həm xaş, həm də kabab bişirmək olur”.
Nə deyim, ətiniz tökülsün, ya da ətiniz satılsın.
Şakir dayı isə ancaq lobya satır. O, hələ pensiyaçı deyil. Adətən kişilər lobya yeməyi xoşlamır. Amma o bildirir ki, gündə 5 dəfə də versələr yeyər:
“Veteranam, əslən Tərtər rayonundanam. Birinci Qarabağ müharibəsində döyüşmüşəm. 703 nömrəli hərbi hissənin döyüşçüsü olmuşam. Nəcməddin Sadıqov bizim briqadanın komandiri olub. Atəşkəs dayanana kimi döyüşmüşəm. Ondan sonra isə Bakıya gəlmişəm. İndi 80 manat veteran haqqının ümidinə qalmışam. 65 yaşım var, hələ təqaüd də almıram. Ona görə də dolanmaq üçün bazarda lobya satıram”.
Digər satıcıya yaxınlaşıram. Həvəslə cavab verir, o məqama kimi ki, alıcı olmadığımı bilir. Sözləri uzada-uzada: “Mənə alıcı lazımdır e, siz lazım döyülsüüüz. Alver yoxdur, gedin o tərəfə yaxınlaşın”.
Bir piştaxta sarımsaq satan Qəbələli gənc satıcı onu çəkməyimi istəmir. Zarafata salıb deyir ki, evdəkiləri aldadıb ki, maşın bazarında çalışır: “İndi sarımsağın sezonudur. 6-7 manata veririk. Qoz-fındıq da satıram”.
Qarşıma arabaçılar çıxır. Hamısı var gücü ilə,- “yol verin”,- deyə çığırır, əlləri isə qabar bağlayıb. Hər birinin üz-gözündən yorğunluq yağır. Bazardakı bütün alıcılar onlar üçün puldur. Hansına yaxınlaşıramsa hamısı bir söz deyir: “Qadan alım, məni çəkmə, get o tərəfdəkilərlə danış. Amma dilə tutub söhbət edə bilirəm. Onlar fərqli vaxtlarda işə başlayırlar. Məsələn, bir arabaçı gecə saat 3-də işə başlayırsa, 4-ə və ya 8-ə kimi işləyirəm. Gəlirim yaxşı olan gün 20-30 manat qazanıram”.
Bazarda toyuq-cücə satılan yerdən də yan keçmirəm. Orada bir neçə yaşlı kişi yığışıb, şirin-şirin söhbət edir. Yaxınlaşıb qiymət ilə maraqlanıram, cavab isə belə olur:
“Alacaqsan, yoxsa elə şəkil çəkirsən? Deyim də qiyməti: aşağıdakı toyuqlar 10 manata, xoruzlar isə 18 manata satılır. Gədəbəy xoruzudur e”.
Balıq satıcıları isə daha mehriban davranırlar. Hətta qızıl balığın qırmızı kürüsünün də dadına baxmağımı təklif edirlər. Sözarası onu da bildirirlər ki, qara kürünün qiyməti lap bahadır. Onun kilosunun 1200 manat olduğunu öyrənirəm. Nə deyirəm, min bərəkət, yarım kilosu 15 manat olan qırmızı kürünün dadına baxıram.
Nahaq yerə milli kinolarımızda bazar kadrları yer almayıb. Çünki bazar həyatı, insanların yaşayışını, ümumiyyətlə, çox şeyi sözsüz deyir.
Şahanə Rəhimli
Musavat.com