Hollandiyanın “Eurovision 2024” mahnı müsabiqəsi üzrə təmsilçisi Joost Klein Avropa Yayım Birliyi (EBU) tərəfindən yarışmanın finalında iştirak hüququndan məhrum edilib. Buna səbəb onun mayın 9-da ilk yarımfinalda çıxışından sonra qadın operatora qarşı “təhdidedici hərəkətlər” etməsidir.
Hollandiya Mahnı Festivalı X mikrobloqunda verdiyi açıqlamada Hollandiyanın radio və televiziya yayımçısı AVROTROS-un Klein-in Avropa Yayım Birliyi (EBU) tərəfindən diskvalifikasiya edilməsini "qeyri-mütənasib" hesab etdiyini və "böyük məyusluğunu" ifadə etdiyini bildirib: “Hadisə cümə axşamı tamaşadan sonra baş verib. Açıq-aydın əldə edilmiş razılaşmaların əksinə olaraq, Yost səhnədən çıxıb soyunub-geyinmə otağına gedəndə çəkilişlərə başlanılıb. O zaman Yost dəfələrlə filmə çəkilmək istəmədiyini bildirib. Lakin onun istəyinə məhəl qoyulmayıb və bu, Yostun kameraya doğru təhdidedici hərəkət etməsinə səbəb olub. Yost qadın operatora toxunmayıb.
Hadisə ilə bağlı EBU və polisə məlumat verilib və sonradan araşdırma aparılıb. Dünən və bu gün biz EBU ilə ətraflı məsləhətləşdik və bir neçə həll yolu təklif etdik. Bununla belə, EBU yenə də Jost Kleini diskvalifikasiya etmək qərarına gəlib. AVROTROS cəzanı çox ağır və qeyri-mütənasib hesab edir. Biz gözəl əxlaqın tərəfdarıyıq - qoy bu barədə anlaşılmazlıq olmasın, - amma fikrimizcə, qovulma qərarı hadisə ilə mütənasib deyil. Biz çox məyus olduq və bu gecəni səbirsizliklə gözləyən milyonlarla azarkeş üzüldü. Jostun Hollandiyaya və Avropaya gətirdiyi şey bu şəkildə bitməməli idi”.
EBU isə finalçının nalayiq hərəkətinin layiqli cəzalandırıldığını açıqlayıb: “Tədbirimizdə qeyri-münasib davranışa qarşı sıfır dözümlülük siyasətimiz var və bütün tamaşa işçiləri üçün təhlükəsiz iş mühiti təmin etməyə sadiqik. Bu baxımdan, Joost Klein-in komanda üzvünə qarşı davranışı yarış qaydalarının pozulması kimi qiymətləndirilir”.
Sonrakı bəyanatda Hollandiyalı tamaşaçıların finalda səs verməsinə icazə veriləcəyi bildirilib.
Musavat.com