Avstraliyada insanlara iş saatlarından sonra gələn zənglərə məhəl qoymamağa imkan verən yeni qanun qüvvəyə minib.
Bu barədə BBC məlumat yayıb.
Qanuna əsasən, ölkə hakimiyyəti işçilərə iş saatlarından sonra və həftə sonları alınan mesajlara məhəl qoymamağa icazə verib. İndi saatlardan sonra zənglərə cavab verməmək qərarına gələn insanlar rəhbərlərinin cəzası ilə üzləşməyəcəklər.
Eyni zamanda, qanun işəgötürənlərin işçilərlə əlaqə saxlamasını qadağan etmir, lakin işçilər özləri istədikləri halda rəhbərliyin suallarına cavab verəcəklər. Qeyd edilir ki, qanun keçən ilki araşdırma fonunda qəbul edilib. Araşdırmaya görə, avstraliyalılar hər il 281 saatını ödənilməmiş əlavə işə sərf edirlər.
Qanunda deyilir ki, işəgötürənlər və işçilər ekstremal hallarda öz aralarında yaranan mübahisələri həll etməlidirlər. Avstraliya Ədalətli İş Komissiyası (FWC) vəziyyətə müdaxilə edə bilər və işəgötürəni iş saatları xaricində işçi ilə əlaqə saxlamağı dayandırmağa məcbur edə bilər.