Monteneqronu dünyanın məşhur kurortlarından birinə çevirən amil sözsüz ki, həm də çimərlikləridir. Sahil xəttinin uzunluğu 70 kilometrdən çoxdur. 100-dən çox çimərlik var. Ölkənin iqlimi il boyu istirahət üçün idealdır. Yayda çox isti olmur, məsələn, mənim səfərim avqustun əvvəlinə təsadüf etdi. Bu periodda bəzi ölkələrdə havanın hərarəti 40 dərəcəyə çatsa da, Monteneqroda 35 dərəcə idi. Ölkədə çimərlik mövsümü olduqca erkən-mayın ortalarında başlayır və oktyabrın əvvəlində bitir. Turistlərin çoxu bura yayda, xüsusən də ilin ən isti vaxtı olan avqustda gəlir.
Adriatik dənizi sahilində yerləşən istirahət mərkəzlərinin sayı çoxdur. Lakin bu yazıda onlardan sadəcə bir neçəsi haqqında məlumat verə biləcəm.
Moqren Monteneqronun ən məşhur çimərliyidir. Budva haqqında reportajda adını çəkmişdim. Çimərlik sıldırım qayanın ətəyində qapalı körfəzdədir. Körfəz qısa tunellə birləşdirilən iki çimərliyə bölünür. Moqrenə giriş Old Budva tərəfdəndir. Çimərlik iriqumludur. Hava çox isti olanda qum o qədər qızır ki, ayaqqabısız gəzmək demək olar ki, mümkün deyil. Sahil çınqıllı olsa da, bəzi yerlərdə iri daşlara da rast gəlmək olar. Lakin narahat olmağa dəyməz. Daşlar ayaqları yaralamır. İstənilən halda diqqətli olmaqda fayda var. O ki qaldı suyun temperaturuna, Adriatik dənizinin suyu ilıqdır. İlk daxil olduğunuzda sizə soyuq gələ bilər, amma zamanla bədən öyrəşir. Dəniz suyu təmiz və şəffafdır. Çox duzlu deyil. Moqren Monteneqrodakı bütün çimərliklər arasında turist sayına görə birinci yerdədir. Odur ki, səhər saatlarında getmək məsləhətdir. Şəraitə gəlincə, Monteneqro çimərliklərində istihahət və əyləncə üçün demək olar ki, hər şərait var. Çimərliklər pulsuzdur! Əminəm ki, hər bir azərbaycanlının ürəyindən keçən cümlə bu oldu-bizə qismət! Əgər siz otel müştərisinizsə, şezlonq və çətirlərdən pulsuz istifadə edə bilərsiniz. Bunun üçün otel kartını göstərməyiniz kifayətdir (bizim otel xüsusi qolbaq vermədi). Sahilboyunca hər otel üçün ayrıca cərgələr mövcuddur. Yerlilər isə özləri ilə dəsmalını və s. gətirib rahatca istirahət edə bilər. Şezlonq və çətir kirayəsinin qiyməti ilə maraqlandım. Cütü üçün 15-20 avro. Açığı, Monteneqro üçün biraz baha qiymətdir. Biraz da ab-hava haqqında. Monteneqro çimərliklərində hər addımbaşı satıcılar yoxdur. Bir həftə ərzində cəmi bir dəfə qarğıdalı satan gördüm. O da sakitcə təklif edib aralandı. Bu arada sahildə qarğıdalı yeməyi sevənsinizsə, elə çimərliyə yaxın yolda piştaxtalar qurulub. Bir bişmiş qarğıdalı 2 avroya satılır.
Otelimiz Beçiçi çimərliyinə yaxın olduğu üçün biz daha çox orada vaxt keçirdik. Odur ki, bir qədər də bu çimərlik haqqında məlumat verim. Bura təxminən 2 kilometr uzunluğunda məşhur kurortdur. Beçiçi çimərliyi Monteneqronun ən böyük və ən geniş qumlu çimərliyidir. Sahilin təmizliyinə, ekologiyasına, mənzərəsinə və inkişaf etmiş infrastruktura görə Mavi Bayraq və qızıl medala layiq görülüb. İnfrastrukturdan söz düşmüşkən, çimərlikdə duş, tualet, paltardəyişmə otaqları mövcuddur. Sahildə xilasedicilər var. Məni bir həftə ərzində ən çox təəccübləndirən çimərlikdə kitab təklif edilməsi idi. Bəli, bəli. Çimərlikdə oxumaq üçün kitab təklif edən gənc gördüm. Nə yalan deyim, çox xoşuma gəldi. Çimərliklər demək olar ki, təmizdir. Sadəcə siqaret kötükləri biraz çoxdur. Görünür, zibil qutuları yetərsizdir, həm də küləyin təsiri ilə də yayılmış ola bilər.
Əraziyə nəzarət edənlər turistlərə həvəslə yardım edirlər. Amma bunu yazmasam, olmaz. Sonuncu gün çimərliyə gedəndə yenicə yerləşmişdim ki, nəzarətçi yaxınlaşıb məndən yerimi dəyişməyimi istədi. Səbəbini soruşduqda digər şezlonqda dəsmal olduğunu və bron edildiyini bildirdi. Mən uzandığım şezlonqda dəsmal olmadığını əsas gətirərək yerimi dəyişməkdən imtina etdim. Çünki otel üçün ödədiyim məbləğə daxil olduğu üçün istənilən yerdə uzanmaq mənim ən təbii haqqımdır. Nəzarətçiyə “əgər gələn olsa, yerimi dəyişərəm” desəm də, o nəzakətlə israr etməkdə davam etdi. Məcburən razılaşdım və mənim üçün yer tapmasını xahiş etdim, beləliklə problem həllini tapdı. Lakin sahildə olduğum 4-5 saat ərzində ara-sıra gözüm o şezlonqda idi.Heç kim gəlmədi...Görünür, pulu ödəndiyi üçün nəzarətçi problem yaşamaq istəmədi...Digər neqativ hal isə axşam saatlarında yaşandı. Gözəl günbatımı fotoları çəkmək üçün sahilə düşdük. Telefonu əlimizə yenicə almışdıq ki, nəzarətçi bizdən digər əraziyə keçməyimizi istədi. Səbəbini anlamadıq. “Bura mənim ərazimdir. Burada çəkiliş edə bilməzsiniz! deyə kobudcasına bizi ərazidən uzaqlaşdırmağa çalışdı. Biz təbii ki, ərazidəki məkanı deyil, dəniz kənarını çəkdiyimizi dedik, amma orta yaşlı kişi dediyindən dönmədi. Bununla kifayətlənməyib, foto çəkdirməyə çalışan yaşlı cütlüyü polislə hədələdi. Bax belə...Hər yerin yazılmamış qanunları var. Bizim Monteneqroda qarşılaşdığımız “qanunlar” da bunlar oldu.
Lakin mənfiləri ilə yanaşı, müsbətləri də çoxdur. Monteneqro çimərliklərində hər yaşa uyğun əyləncə tapmaq olar: paraqlaydinq, uşaqlar üçün attraksionlar və s. Paraqlaydinq (iki nəfərlik) 65 avrodur. Bu qiymətə transfer xidməti də daxildir. Çəkiliş kadrları üçün əlavə 10 avro ödəmək lazımdır. Sahilboyu çox sayda kafe var. Bu məkanlarda sərinləşdirici içkilər içə, soyuq qəlyanaltılar yaxud isti yeməklər yeyə bilərsiniz.
Yazının əvvəlində qeyd etdiyim kimi, Monteneqroda məşhur çimərliklər çoxdur. Onlardan bəzilərinin adlarını qeyd edirəm ki, oxucular üçün seçim olsun.
Kamenovo Budva Rivyerasının mərkəzində gözəl qumlu və çınqıllı çimərlikdir. Mənzərəli yarıqapalı körfəzdə yerləşir. Rafailoviçi qəsəbəsindən ora qısa bir piyada tuneli aparır. Tuneldən dərhal çıxışda Kamenovo körfəzinin heyrətamiz mənzərəsini görəcəksiniz. Budvadan Kamenovoya piyada gedə bilərsiniz. Beçiçidən keçən yol 40 dəqiqədən çox çəkmir. Piyada getmək istəmirsinizsə, adambaşı 2 avroya Budvadan Sveti Stefan adasına edən avtobusa minə bilərsiniz.
Trsteno çimərliyi isə Monteneqrodakı üç ən qumlu çimərlikdən biridir. Çimərliyi gözəl mənzərəsinə görə təbii hovuz adlandırırlar. Budvadan bu çimərliyə piyada getmək mümkün deyil. Ya Express avtobusu, ya taksi, ya dəniz taksisindən istifadə edə bilərsiniz.
Monteneqroda demək olar ki, özəl çiməlik yoxdur, lakin “qapalı ərazilər” var. Məsələn, Sveti Stefan adasının çimərliyinə yalnız yerli otellərin qonaqları və ya restoran ziyarətçiləri daxil ola bilərlər.
Məncə, mənzərəli, suyu təmiz Monteneqro çimərliklərini ən azı bir dəfə görməyə dəyər!
Monteneqro, Budva,
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com