“2023-cü il ərzində Ermənistan konstruktiv şəkildə Azərbaycanla münasibətlərin həllinə yönəlmiş danışıqlarda iştirak edib”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, bu, ümumilikdə sülh prosesinə, o cümlədən sülh müqaviləsinin imzalanmasına, delimitasiya prosesinin başlanmasına, regionda nəqliyyat və iqtisadi blokların açılmasına aiddir.
Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır.
“Bundan əlavə, sərhədin delimitasiyası möhkəm hüquqi əsası olan SSRİ-nin rəsmi xəritələri əsasında aparılmalıdır. Biz davamlı olaraq 1974-1978-ci illərin xəritələrindən bu prinsipləri əks etdirən ən son xəritələr kimi danışdıq. Əvvəllər Azərbaycan tərəfi 1974-1990-cı illəri əhatə edən xəritələrdən istifadə etməyi təklif edirdi. Bunun məqbul ola biləcəyini təklif etdik. Amma Azərbaycan Prezidentinin son bəyanatlarına əsaslanaraq deyə bilərik ki, bu məsələdə Bakının mövqeyində geriləmə var. Alma-Ata Bəyannaməsinə görə, bütün postsovet ölkələri inzibati sərhədlərin artıq müstəqil respublikaların sərhədləri kimi tanındığını qəbul edib. Ermənistan və Azərbaycan bu prinsipi 2022-ci ildə Praqada, eləcə də növbəti görüşlər zamanı təsdiqləyiblər. Üçüncü mühüm prinsip ondan ibarətdir ki, nəqliyyat və iqtisadi kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, eləcə də qarşılıqlılıq əsasında blokdan çıxmalıdır. Azərbaycanla bu məsələ ilə bağlı çoxlu müzakirələr apardıq və əslində müəyyən qarşılıqlı anlaşma əldə etdik. Amma İlham Əliyevin son mətbuat konfransını nəzərə alsaq, geriləmənin baş verdiyini də qeyd etmək olar. İrəvan və Bakı sülh müqaviləsinin mətninin bəzi bəndləri üzrə qarşılıqlı razılığa gəlib. Ancaq bir sıra əsas məsələlər var ki, onlara yanaşmada fərqlilik var”, - Ermənistan XİN rəhbəri vurğulayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com