Bu məhsulların qiymətində kəskin artımın qarşısı almaq üçün... - AÇIQLANDI

"Azərbaycan üçün yeni dövr başlayıb. Ölkə başçısı andiçmə mərasimində iqtisadi islahatların, sosial təminat tədbirlərinin genişlənəcəyini bildirib. Yeni dövr rəqabətin gücləndirilməsi, monopoliyaya qarşı mübarizənin daha da sürətlənməsi, eyni zamanda gizli iqtisadiyyatın minimumlaşdırılması, investisiya mühitinin daha da yaxşılaşdırılması ilə yadda qalacaq”.

Bu fikirləri Musavat.com-a millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, yeni dövrdə yeni inkişaf modeli müşahidə ediləcək:

Vüqar_Bayramov (4).jpg (3.90 MB)

“2023-cü ildə qəbul edilən yeni qanunlar həm də yeni dövrdəki islahatları dəstəkləmək məqsədi daşıyırdı. “Rəqabət məcəlləsi”nin qəbul edilməsi, məcəllədə monopoliyaya qarşı mübarizənin xüsusi qeyd olunması da ondan xəbər verir ki, kiçik və orta sahibkarlar üçün yeni imkanlar yaranacaq. Bundan başqa, yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə mindi. Bu qanun tenderlərin şəffaflaşdırılması və dövlət sifarişlərinin daha əlçatan şəkildə təqdim edilməsini özündə ehtiva edir. “Dövlət ehtiyatları haqqında” qanunun qəbul edilməsi istehlak bazarındakı dəyişkənliyin tənzimlənməsi məqsədi daşıyır. Növbəti dövrlərdə dövlət ehtiyatları hesabına istehlak bazarında, xüsusilə strateji məhsullar üçün kəskin qiymət artımının qarşısının alınması və bu istiqamətdə mübarizənin gücləndirilməsini müşahidə edəcəyik. Bu qanun həm də qiymətlərin optimallaşdırılması və tənzimlənməsi baxımından vacibdir. Qanunvericilik daha da təkmilləşdiriləcək. Yeni vergi və büdcə məcəlləsinin qəbulu nəzərdə tutulur. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə Musavat.com-a şərhində qeyd etdi ki, yeni dövrdə regionların inkişafına diqqət artırılmalı, ələlxüsus emal sənayeləri qurulmalı, kənd təsərrüfatı məhsulları hesabına formaşalacaq emal sahələrinə ciddi nəzarət mexanizmləri hazırlanmalı və tətbiq edilməlidir:

WhatsApp Image 2024-02-15 at 15.05.54.jpeg (255 KB)

“Ev təsərrüfatlarına emal ilə məşğul olmaq üçün imkan yaradılmalıdır. Azərbaycanda kəndli öz məhsulunu bazarda satışa çıxarmaq üçün çətin prosedurlardan keçməsə, daha yaxşı olar. Məsələn, Gürcüstan nümunəsi var. İnsanlar öz həyətindəki məhsulu emal edərək turistlərə satır. Bu həm turizmin, həm də regionun inkişafına təkan verir. Eyni zamanda məşğulluğa təsir edir. Nəzərə almaq lazımdır ki, regionların inkişafı Bakını yüklənmədən xilas edə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

15.02.2024 14:57
1161