Bu məhsulların qiyməti KƏSKİN artdı

“Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu, 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. 2022-ci ilin ilk yarısında isə ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb”.

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

İqtisadçının sözlərinə görə, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa belə, xaricdən daha çox məhsulun gətirilməsi valyuta axını baxımından arzuolunan deyil:

“İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu, eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3.0 faiz bəndi daxili tələbdən formalaşır. Digər hissəsi daha çox idxaldan asıllıqla bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin, istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir.

İdxalın artım strukturuna baxsaq, bir sıra dəyişikliklər diqqəti cəlb edir. Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34.5 faiz, məişət soyuducuları 68.6 faiz, minik avtomobilləri 38.8 faiz, buğda 23.1 faiz, dərman vasitələri 5.5 faiz, unlu qənnadı məmulatları 5.1 faiz, şokolad və şokolad məhsulları 2.6 faiz artıb. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır”.

Millət vəkili bildirib ki, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən biri olaraq qalmalıdır:

“Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asılılığın minimumlaşdırılması ərzaq təminatı və təhlükəsizliyi baxımından da vacibdir”.

13.08.2023 02:00
4194