Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq

2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib.

Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.

Ənənəvi, yəni daxili yanma mühərriki - benzin və dizellə işləyən maşınların sayı isə sürətlə azalır. Belə ki, ilk 5 ayda xaricdən ölkəyə gətirilən benzin-dizel maşınlarının sayı 23 781 ədəd olub. Ötən ilin eyni dövrü ilə müqayisədə belə maşınların sayı təqribən 7 min ədəd və ya 22% aşağı düşüb. Nəticədə əgər bir il əvvəl ölkəyə gətirilən minik avtomobillərinin 18%-i elektrik və hibrid maşınlarının payına düşürdüsə, 2024-cü ilin ilk 5 ayının nəticələrinə görə, ölkəyə gətirilən maşınların 25%-i və ya hər 4 avtomobildən 1-ni elektrik və hibrid maşınları təşkil edib. SEO Xidməti

Bəs bu tendensiya avtomobil bazarında benzin və dizel yanacağı ilə çalışan maşınların qiymətinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yanacaqla çalışan nəqliyyat vasitələrinə marağın azalaması dövrün tələbidir:

“Ümumiyyətlə, dünyada belə bir tendensiya hökm sürməkdədir və artıq bunun qarşısını almaq mümkünsüzdür. Dünya sürətlə benzin və dizel yanacağı ilə istehsal olunan nəqliyyat vasitələrindən imtina edir. Hibrid və elektromobil avtomobillərə keçid günün və dövrün reallığıdır. Bu proses eyni zamanda Azərbaycanda vüsət alıb. Bildiyiniz kimi, elektromobil və hibrid avtomobillərə gömrük və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu özlüyündə xüsusən topdan satış və avtomobil alqı-satqısı ilə məşğul olan iş adamları üçün olduqca cəzbedicidir. Eyni zamanda artıq həm elektromobillərin işləmə mexanizmi, dizayn imkanları, atmosferə təsiri və bütün bunların hamısı avtomobil bazarına müsbət mənada təsir edir. Bu baxımdan həm də ekonomik nöqteyi-nəzərindən cəzbedici olduğuna görə bu bazara keçid sürətlənib. Buna görə də bu təbii prosesdir”.

Ekspert bu tendensiyanın avtomobil bazarına da təsir edəcəyini qeyd edib:

“Bu proses benzin və digər yanacaqla idarə olunan nəqliyyat vasitələrinin qiymətinin müəyyən mənada ucuzlaşmasına da gətirib çıxara bilər. Amma maya dəyəri və maya dəyərinin üzərindən qazanc deyilən bir şey var və bu da öz qüvvəsində qalacaq. Məncə hazırki durumda satış bazarına çox cüzi təsir göstərəcək, amma biz zamanla benzin və dizel maşınların daha da ucuzlaşmasını müşahidə edə biləcəyik”.

18.06.2024 09:13
9123